YAP sədrinin müavini: “Ulu öndər rəhbərliyinin bütün dönəmlərində mətbuatın inkişafına yüksək qayğı göstərib”

Siyasət


“Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dönəmlərində mətbuatın inkişafına yüksək qayğı göstərib, media nümayəndələrinin böyük dostu və himayədarı olub”.

“resmixeber.az”un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfransda deyib.

O xatırladıb ki, 1969-cu il 14 iyul tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikamıza rəhbərlik etməyə başlayan Heydər Əliyev SSRİ dönəmində Azərbaycan mətbuatının öz milliliyini qoruyub saxlamasına xüsusi diqqət yetirib:

“Təsadüfi deyil ki, bu dövrdə mətbuatımız Azərbaycan dilinin saflığının və milli-mənəvi dəyərlərimizin qorunmasında, bütövlükdə isə respublikamızın mənafelərinin müdafiəsində önəmli rol oynayıb. Müstəqillik dövründə isə Azərbaycan mətbuatının tarixində yeni bir dönəm – davamlı inkişaf mərhələsi başlamışdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə milli etimad əsasında – xalqın iradəsi ilə hakimiyyətə gəlməsindən sonra bütün istiqamətlərdə olduğu kimi, media sahəsində də islahat xarakterli məqsədyönlü tədbirlər həyata keçirilmiş, bu istiqamətdə əsaslı – müsbət dəyişikliklər baş verib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanla kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırılmış, onların maddi-texniki bazasının gücləndirilməsi yönündə ardıcıl tədbirlər həyata keçirilib. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” qanunun qəbulu isə media institutunun inkişafına təkan verməklə milli maraqların qorunması, siyasi-ideoloji sahədə cəmiyyətin maarifləndirilməsi, ölkə daxilində və dünyada baş verən proseslərin peşəkar təhlili və sağlam ictimai rəyin formalaşdırılması istiqamətlərində səmərəli fəaliyyət göstərməsi üçün etibarlı zəmin və geniş imkanlar yaradıb”.

YAP sədrinin müavini vurğulayıb ki, Heydər Əliyev ideyaları zaman və məkan anlayışlarının fövqündədir, daim ölkəmizin inkişafına xidmət edib, bu gün də Azərbaycanın tərəqqisinin mənəvi-siyasi əsaslarını təşkil edir:

“Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev ulu öndərin əbədiyaşar ideyalarına, zəngin dövlətçilik irsinə əsaslanan məqsədyönlü və uzaqgörən siyasəti ilə ölkəmizə möhtəşəm nailiyyətlər qazandırıb, inkişafın Azərbaycan modelini yaradıb”.

T.Budaqov qeyd edib ki, Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən və çoxəsrlik tariximizin şanlı qürur səhifəsi olan 44 günlük Vətən müharibəsi mətbuat nümayəndələrinin də vətənpərvərliyini, fədakarlığını və peşəkarlığını bütün dünyaya nümayiş etdirib:

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər yürüşünə çıxan igid əsgər və zabitlərimizin unudulmaz qəhrəmanlıqları ilə yanaşı, arxa cəbhədə – ideoloji və təbliğat müstəvisində mübarizə aparan dəyərli qələm sahibləri – vətənpərvər və peşəkar jurnalistlərimiz Azərbaycanın mənafelərini qətiyyətlə qorumuş, həqiqi reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaqla erməni yalanlarını ifşa etmişlər. Eyni zamanda, müharibə zamanı əlinə silah alıb döyüşlərdə iştirak edən xeyli sayda jurnalistlərimizin də olması qürurvericidir. Təqdirəlayiq haldır ki, Azərbaycan mediası postmüharibə dövründə də öz missiyasını uğurla yerinə yetirir və fəaliyyətini yeni reallıqlara, mövcud çağırışlara uyğun qurur”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir