İran körfəzdə Çin gəmisini saxlayıb. Məlumata görə, insidentə səbəb Çin gəmisinin İran gəmisi ilə toqquşmasıdır. Bu hadisə bölgədə yeni böhrana səbəb olub. Ekspertlər hadisənin növbəti neft böhranı yarada biləcəyini düşünürlər.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Qlobal gücə çevrilmək istiqamətində fəaliyyətini genişləndirən Çin aktiv xarici siyasət yürüdür. Pekin Rusiyanın zəifləməsindən yararlanaraq onun təsirinin azaldığı məkanlara yiyələnir, Orta Şərqə yerləşir, hətta körfəz ölkələrinin ABŞ ilə qarşıdurmasından məharətlə istifadə edir.
Tayvandakı gərginlik Çini çoxvektorlu siyasət yürütmək məcburiyyəti ilə üz-üzə qoyub. Bu baxımdan Çinin Orta Şərqin mühüm ölkələri ilə artan qarşılıqlı əlaqələri diqqəti cəlb edir. Təbii ki, Çini bölgəyə istiqamətləndirən ən mühüm amillərdən biri onun yüksək enerji ehtiyacıdır. Enerji təminatında xaricdən asılı olan Çin həm Səudiyyə Ərəbistanı, həm də İran neftinin əsas alıcılarından biridir. İranın Çinə satdığı neftin miqdarı sanksiyalar səbəbindən rəsmi olaraq müəyyən edilə bilməsə də, müxtəlif hesablamalara görə, 750 min ilə 1,25 milyon barel arasında dəyişir. Bu da İranı Çinin ən böyük üçüncü neft tədarükçüsü edir. 2021-ci ildə Çin və İran arasında 25 illik 400 milyard dollar həcmində müqavilə imzalanıb. Bu səbəbdən sanksiyalar altında çabalayan İran üçün Çin həyati əhəmiyyət kəsb edir. Lakin məsələ ondadır ki, İran qeyri-standart xarici siyasəti ilə seçilir və etibarlı tərəfdaş statusunu itirib. Yaxın Şərqdə Çin gəmisi ilə bağlı son olay da bundan xəbər verir.
İran Çin gəmisini saxlayıb
Bölgənin qüdrətli dövləti Səudiyyə Ərəbistanı ilə yaşadığı yeddiillik gərginliyi Çinin köməyi ilə aradan qaldıran Tehran indi ona qarşı təxribatlara başlayıb. Tehran Pekinə məxsus gəmini ələ keçirib. Bu gəmi Küveyt xam neftini daşımaqla məşğul olub. Gəminin ələ keçirilməsi dünya gündəmini dəyişib. Əksəriyyət hesab edir ki, hadisə yeni neft böhranı yarada bilər. Məlumata görə, insidentə səbəb Çin gəmisinin İran gəmisi ilə toqquşması olub. Nəticədə iki iranlı dənizçi həlak olub. Tehran iddia edib ki, Çinə məxsus gəmi qəzadan sonra aradan çıxmağa çalışıb. Bu səbəbdən də saxlanılıb. Məlumata görə, Marşal adaları bayrağı altında üzən “Advantage Sweet” neft tankeri Oman körfəzində beynəlxalq sulardan keçərkən SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən qaçırılıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığının Hərbi Dəniz Qüvvələri “Twitter”də də məlumat yayıblar. Onlar tankeri dərhal azad etməyə çağırıblar.
Ekspertlər hesab edirlər ki, Pekin və Tehran arasındakı müttəfiqlik sırf Qərb faktoruna hesablanıb. Rusiyadan fərqli olaraq Çinin Qərbə münasibətdə tutduğu mövqe Tehranı daha çox qane edir. Lakin bu olay iki ölkə arasında münasibətlərə ciddi təsir edə bilər. Bu baş versə, ən çox ziyan çəkən də məhz İran olacaq. İran onsuz da beynəlxalq sanksiyalar altındadır. İqtisadiyyatının 40 faizindən çoxu Çinin nəzarətinə keçib. Hətta Güney Azərbaycanın Xoy şəhərindəki əlvan metal, mis mədənlərinə belə Çin nəzarət edir. Çin son on ildə İranın əsas ticarət tərəfdaşıdır. 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 7 faiz artaraq, 16 milyard dollara çatıb.
İranın altı körfəz ölkəsinə – İraq, Küveyt, Qətər, BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanına 2022-ci ilin martından 2023-cü ilin yanvarına qədər olan müddətdə qeyri-neft ixracı 14 milyard dollar, idxal isə 15 milyard dollardan bir qədər çox olub. Keçən il İran Səudiyyə Ərəbistanı ilə ticarət əlaqələrini bərpa edə bilib. 2022-ci ilin mart-noyabr aylarında İranın krallığa ixracı 15 milyon dollar olub. Bu, 2016-cı ildə diplomatik əlaqələri kəsən iki ölkə üçün rekord göstəricidir.
Səudiyyə-İran gərginliyi səngiyib?
Yeri gəlmişkən, Çinin vasitəçiliyi ilə həllini tapan İran-Səudiyyə Ərəbistanı gərginliyi bir qədər səngisə də, vəziyyət hər an dəyişə bilər. İki ölkə arasında ciddi fikir ayrılıqları olsa da, aralarındakı bağlar qırılma həddinə çatsa da, tərəflər son mərhələdə ziddiyyətləri danışıqlar yolu ilə həll etməyə müvəffəq olublar. 1960-cı ildə körfəzdəki neft yataqlarının kimə mənsubluğu ilə bağlı bölgənin bu iki əsas dövləti arasında dərin böhran ortaya çıxıb, səkkiz il davam edib, sonda sıxıntılar barış yolu ilə həll olunub. 2003-cü il İraq böhranı zamanı da iki dövlətin münasibətləri savaş həddinə çatıb, İranın Prezidenti Əhmədi Nejad Riyada gedib, məsələ tam həll olunmasa da, savaş təhlükəsi ortadan qalxıb. 2010-2019-cu illərdə də gərginlik yaranıb.
Çinin strategiyası nəyə söykənir?
Əsl sual budur ki, Çini İran-Səudiyyə gərginliyində vasitəçiliyə nə vadar edir? Ağla gələn ilk cavab Çinin iqtisadi əlaqələrini siyasi əlaqəyə çevirmək məqsədi və bu iki ölçünün bir-birini qarşılıqlı şəkildə gücləndirməsidir. İlk növbədə Çinin hər iki ölkə ilə yaxşı münasibətləri inkişaf etdirmək istəyindən başlamaq lazımdır. Tehranla Ər-Riyad arasındakı gərginlik vasitəli olaraq Pekinə də təsir edir. Bu, Si Cinpinin ötən ilin dekabrında Ər-Riyada səfəri zamanı ən aydın şəkildə göründü. İstər Pekin-Ər-Riyad ikitərəfli görüşləri, istərsə də Çin-Körfəz Əməkdaşlıq Şurası sammitindən sonra verilən bəyanatlar İran-Çin münasibətlərini xeyli gərginləşdirib. İranın sərt mesajlarından sonra Çinin diplomatik manevrləri və İran Prezidenti İbrahim Rəisinin Pekinə səfəri atmosferi yumşaldıb. Orta Şərqin iki mühüm ölkəsinin münasibətlərinin yaxşılaşması, şübhəsiz, bütün region ölkələri üçün müsbət hal kimi qəbul edilir. Lakin qeyd etiyimiz kimi, İran hər zaman qeyri-sabit siyasəti və gözlənilməz qərarları ilə seçilib. Bu səbəbdən də hər şeyi zaman göstərəcək.
www.RESMIXEBER.az