Bu ilin yanvar ayında İranda vaxtilə yüksək vəzifələr tutmuş bir məmurun xarici kəşfiyyat xidmətinə casusluq etdiyi üçün həbs olunduğu barədə məlumat yayılıb.
Belə ki, “Super casus” adlandırılan bu şəxsin hakimiyyət strukturlarında böyük nüfuza malik olsa da, axır ki, ifşa və mühakimə olunduğu bildirilib.
Bu, bir vaxtlar İran müdafiə nazirinin müavini və Ali Milli Təhlükəsizlik Şurası katibinin müşaviri olmuş Əlirza Əkbəri idi.
Əkbəri əslində 2019-cu ilin sonlarında İran Kəşfiyyat Nazirliyi, yəni “Ettelaat” tərəfindən həbs edilib, lakin istintaq müddətində məsələ gizli saxlanılmış, yalnız onun Mİ6 kimi tanınan Britaniya kəşfiyyatı ilə əməkdaşlığı sübut olunduqdan və barəsində edam hökmü çıxarıldıqdan sonra ictimaiyyətə məlumat verilib.
Yanvarın 12-də rəsmi İRNA informasiya agentliyi Əlirza Əkbərinin etiraflarını əks etdirən təqribən 9 dəqiqəlik video yaydı, iki gün sonra isə onun edam edilərək ailə üzvlərinin iştirakı olmadan Tehrandakı Behişti-Zəhra qəbiristanlığında dəfn olunduğu bildirilib. Bu hadisə təkcə İranda deyil, bütün dünyada geniş rezonans doğurdu, xüsusən Britaniya hökuməti məsələyə kəskin reaksiya verib.
“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
www.RESMIXEBER.az