132-134 nömrəli təhsil kompleksində “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev – 100: Böyük ömrün dastanı” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib.
Media nümayəndələri və 100-dən çox gəncin iştirakı ilə keçirilən tədbir ulu öndər Heydər Əliyev, habelə Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.
Tədbiri giriş sözü ilə açan “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxışı zamanı ulu öndər Heydər Əliyevin həyatının bütün mərhələlərində daim Azərbaycanın inkişaf və tərəqqisi naminə çalışdığı, habelə onun əsasını qoyduğu dövlət siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Həmçinin bildirilib ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin gənclər sahəsinə olan diqqəti bu sahənin inkişafını şərtləndirən əsas amillərdən biri idi. Ölkəmizdə gənclərin sağlam, vətənpərvər, rəqabətədavamlı və milli ruhda inkişafını özünün əsas istiqaməti olaraq müəyyənləşdirən “İrəli” İctimai Birliyi də bu sahədə fəaliyyəti ilə dövlət gənclər siyasətinə töhfələr verməkdədir. Təşkilat tərəfindən “Heydər Əliyev İli” çərçivəsində paytaxt və bölgələrimizdə bir sıra tədbir və layihələrin icra olduğu bildirən Şahin Rəhmanlı vurğulayıb ki, bu kimi tədbirlərin icrası ilboyu davam etdiriləcək.
Bakı şəhəri, 132-134 nömrəli təhsil kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova görüş iştirakçılarını salamlayaraq “Heydər Əliyev – 100: Böyük ömrün dastanı” layihəsi çərçivəsində keçirilən görüşün təhsil kompleksində keçirilməsinə görə “İrəli” İctimai Birliyinə öz təşəkkürünü bildirib. Qeyd olunub ki, təhsil kompleksi “Heydər Əliyev İli” çərçivəsində baş tutan bir sıra fəaliyyətlərə ev sahibliyi edir və bundan sonra da ulu öndərin xatirəsinə həsr olunmuş bu kimi tədbir, layihə və görüşlərin keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, tanınmış kinorejissor Vaqif Mustafayev çıxışı zamanı ulu öndər Heydər Əliyevlə müxtəlif zamanlarda baş tutmuş görüşlərindən, eləcə də, müəllifi olduğu, ümummilli liderə həsr olunmuş sənədli filmlərindən söhbət açıb. Diqqətə çatdırılıb ki, lentə alınmış filmlərdən üçü – “Əsl məhəbbət haqqında”, “Bir həsədin tarixi” və “Xüsusi təyinat” filmləri bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Tədbirin davamında auditoriyanın sualları cavablandırılıb.
Tədbirdə həmçinin 132-134 nömrəli təhsil kompleksinin şagirdlərinin ifasında müstəqil və müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan ədəbi-bədii kompozisiya səsləndirilib, səhnəciklər təqdim olunub.
www.RESMIXEBER.az