Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini Avropa ilə mövcud əməkdaşlığın ilk növbədə qorunub saxlanması, inkişafı və şaxələndirilməsi təşkil edir.
Prezident İlham Əliyevin öndərliyində yürüdülən xarici siyasət kursu son dövrlərdə xüsusən müvafiq istiqamətdə uğurlar qazanır.
Belə ki, mayın 3-də ilk dəfə Azərbaycan və Avropa İttifaqı arasında Siyasət və Təhlükəsizlik Komitəsi çərçivəsində iclas təşkil edilib.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin mayın 2-də NATO mənzil qərargahına səfərindən sonra, bu cür mötəbər görüşdə də iştirakı Azərbaycan-Aİ münasibətlərində əldə olunmuş irəliləyişin göstəricisi kimi xarakterizə oluna bilər. Belə ki, Aİ və NATO ilə münasibətlərin möhkəmlənməsi Azərbaycanın maraqlarına xidmət edir və ölkəmiz bu istiqamətdə əldə olunmuş uğurlarla həm də geosiyasi mövqeyini möhkəmləndirir. Keçirilən görüşlər Azərbaycanın təkcə enerji təhlükəsizliyi məsələlərində deyil, həmçinin qlobal təhlükəsizlik baxımından da etibarlı tərəfdaş olduğunu ortaya qoyur. Xüsusən NATO mənzil qərargahındakı görüşdən sonra Aİ ilə də yuxarıda qeyd olunan görüşün keçirilməsi etibarlı tərəfdaş imicinə sahib Azərbaycana diqqətin artmasını sübuta yetirir. Aİ-yə üzv dövlətlərin səfirlərinin təmsil olunduğu görüşdə Azərbaycan tərəfi səfirlərə regiondakı vəziyyət, Laçın sərhəd-keçid məntəqəsinin yaradılması və regional sülh gündəliyi barədə məlumat verilib.
In their first ever official meeting in this format, #Azerbaijan and PSC Ambassadors held a meaningful discussion exploring mutual interests such as the #EU-Azerbaijan collaboration, #Armenia-Azerbaijan normalization process, and regional security issues.
🇦🇿🇪🇺 pic.twitter.com/NtdTeM494m— AzEmbBe&Lux-AzMissionEU (@AZMissionEU) May 4, 2023
Bu amil isə müvafiq görüşlərin önəminin daha bir göstəricisini ön plana çıxır. Azərbaycan uzun illərdir xarici siyasətində həmçinin erməni təbliğat maşınının, onun əlaltılarının böhtan və qarayaxma kampaniyaları ilə mübarizə aparır. Bu baxımdan Azərbaycanın haqq səsinin dünyanın müxtəlif və ən mötəbər platformalarında səslənməsi erməni təbliğat maşınına, onun qarayaxma kampaniyasına vurulmuş ağır zərbə sayılmalıdır.
Unutmaq olmaz ki, Laçın yolu ətrafında ölkəmizin beynəlxalq hüquqa əsaslanaraq atdığı haqlı addımlar hazırda erməni diasporunun, şovinist və revanşist erməni qüvvələrinin əsas hücum istiqamətinə çevrilib. Geosiyasi müstəviyə nəzər salsaq və son günlər keçirilən görüşlərə diqqət yetirsək, Prezident İlham Əliyevin öndərliyində Azərbaycan diplomatiyasının bu qaragüruh, təxribatçılarla layiqincə mübarizə apardığını və dünyanın diqqətinin ermənilərin məkrli planlarında deyil, regionda yeni reallıqlar yaratmış və bu reallıqların işığında öz etibarlı tərəfdaşlığını sübuta yetirmiş Azərbaycanla əməkdaşlıqda olduğunu görmək mümkündür.
Azərbaycan regionda yeni reallıqlar yaratdı və bu gün həmin reallıqlar bütün dünya tərəfindən qəbul olunur. Azərbaycanın ədalətli mövqeyi, qlobal proseslərdə müşahidəçi deyil, məhz təşəbbüskar dövlət kimi iştirakı sözsüz ki, ölkəmizin geosiyasi müstəvidə söz sahibi olmasını təmin edir.
Bununla belə, əldə olunmuş uğurlar Prezident İlham Əliyevin öndərliyində Azərbaycan diplomatiyası üçün yekun nöqtə sayılmır. Aparılan çoxşaxəli fəaliyyət, keçirilən görüşlər yeni uğurların carçısıdır. Azərbaycan bu gün Avropa üçün regionun aparıcı dövləti və bir çox qlobal layihənin təşəbbüskarı, icraçısı və tərəfdaşıdır. Bu amil ölkənin maraqlarının müdafiəsi və möhkəmləndirilməsi işində rəsmi Bakının ən önəmli alətlərindəndir. Azərbaycan-Avropa münasibətləri yüksələn xətlə inkişaf edir. Bu inkişaf həm Azərbaycanın qüdrətinin artmasına, həm qlobal təhlükəsizlik məsələlərində söz sahibi olmasına, həm də öz regionunda maraqları ilə hesablaşılan dövlət kimi siyasi, iqtisadi müstəvilərdə yeni nailiyyətlərə zəmin yaradır.
Orxan Tağıyev
www.RESMIXEBER.az