Sosial şəbəkələrdə paylaşılan bir video xeyli marağa səbəb olub. Videoda satıcı 10 kiloqram xiyarı 2 manata təklif edir. Halbuki, hazırda paytaxtımızdakı ticarət mərkəzlərində xiyarın 1 kiloqramı 1,50-1,70 manata satılır. Qiymətlər arasındakı bu qədər fərq təbii ki, istehlakçılar arasında haqlı narazılığa səbəb olur.
Məsələ ilə bağlı Bizim.media-nın araşdırması nəticəsində məlum olub ki, küçə ticarətinin ləğv edildiyi paytaxtımızda məhsullar ancaq mağazalar şəbəkəsində satılır. Bu mağazalar şəbəkələrinin isə öz qaydaları var.
Belə ki, bir qisim market şəbəkələrinin öz istixanaları var və tərəvəzləri ancaq öz istixanalarından gətirirlər. Üstəlik, rəqabət şəraiti olmadığından məhsula istədikləri qiyməti qoyurlar.
Bundan əlavə, marketlərin istənilən tədarükçüdən depozit qoyuluşu tələb etdiyi də bildirilir. Hər adamın, xüsusən də rayondan gələn fermerin də bu qədər depozit qoymaq imkanı olmur. Ona görə də fermerlər böyük bazarlara girə bilmirlər. Böyük bazarlar ancaq iri şəbəkələrin əlində cəmləşib. Buna görə də regionda kiloqramı 20 qəpiyə alıcı tapmayan xiyar paytaxtın marketlərində 10-15 dəfə baha qiymətə təklif olunur.
Məsələ ilə bağlı danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, belə halların baş verməsinin əsas səbəbi bölgələrdəki fermerlərin böyük bazarlara çıxa bilməməsidir:
“İstənilən fermer becərdiyi xiyar, pomidor və digər tərəvəzləri öz maşınına yükləyib Bakıya gətirsə də, o, heç bir bazara girə bilməyəcək. Ona görə də bölgələrdə məhsul bollaşanda bazarda məhsul ucuzlaşır. Amma bu ucuzlaşma qlobal bazara çox az təsir edir”.
Akif Nəsirli bununla bağlı öz təklifini də söyləyib:
“Kəndlərdəki ucuz və bol məhsulun iri şəhərlərə gətirilməsi üçün real iş aparılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin “Kənddən şəhərə” layihəsi kimi yox, real iş görülməlidir. Fermer məhsulunu Bakı və digər iri şəhərlərdə özü satmalıdır. Belə olan təqdirdə ölkədə məhsul bolluğu yaranar. Bolluq hesabına da qiymətlər enər. Ən başlıcası, yaxşı pul qazanan fermerdə məhsul istehsalına daha çox həvəs yaranar. Bir sözlə, bu günün əsas tələbi fermerin bazar probleminin həllidir”.
www.RESMIXEBER.az