Rusiya-Ukrayna müharibəsinin Kremlin daxilindəki əks-sədası sözün həqiqi mənasında Kremlin başı üzərində də küy yaratdı.
Rusiya tərəfi iddia edir ki, Ukrayna Prezident Vladimir Putinə sui-qəsd məqsədilə Kremlə dron hücumuna cəhd göstərib, hərçənd ki, videolar üzrə analizlər aparsaq, ortaya qaranlıq məqamlar çıxır.
Dronun hava hücumundan müdafiə sistemlərinin radarlarını dəlib keçmək bacarığı var, lakin məsələnin hərbi aspekti üzrə bu istiqamət indi o qədər də maraq kəsb etmir.
Yəni dronun Ukrayna ərazilərindən Rusiyanın paytaxtına qədər gəlib çıxmasının mümkünlüyü kiməsə təəccüblü gəlməməlidir.
Ancaq indi dronun Ukrayna ərazisindən buraxılması deyil, hətta Rusiyanın öz daxilindən səmaya qaldırılması və Kremlin başına çırpılması ilə bağlı mülahizə yürüdə bilərik. Yəni Rusiyanın dediyi kimi, bu dron hücumu Ukrayna tərəfindən təşkil olunubsa, bu hələ o anlam vermir ki, kamikadze uçan aparat mütləq şəkildə Ukrayna ərazilərindən qaldırılıb. Burada bir mümkün versiya da çıxır ki, Ukrayna kəşfiyyatı Qərbdəki müttəfiqlərdən aldığı dəstəklə Rusiyanın daxilinə sirayət edərək oradan fəaliyyətə başlayıb.
Bu, sadəcə, versiyalardan biridir, onun həqiqiliyini yoxlaya biləcək texniki vasitələrimiz yoxdur.
Ancaq hadisə ilə əlaqədar ikinci və əsas sayıla biləcək versiya daha məntiqli səslənir – bu, Rusiyanın hadisəni özünün səhnələşdirməsi ola bilər. Bunu arqumentləşdirə bilmək üçün bir neçə səbəb göstərmək olar.
Birincisi: Rusiya kəşfiyyatında, Müdafiə Nazirliyində bir-birilə mübarizə aparan qüvvələrdən biri rəqibini zəif göstərmək və onu hakimiyyət kürsüsündən itələyib yıxmaq üçün “dron tamaşası” təşkil edir. Məqsəd öz tərəfini və gücünü Prezident Vladimir Putinə göstərmək, Ukraynadakı hərbi kampaniyanın yaratdığı boşluqlara dolaraq səlahiyyətlər mənimsəməkdir.
İkincisi: Rusiya Ukraynanın dövlət obyektlərini, Prezident Sarayını vurmaq, Ukraynada mülki əhalini də hədəfə alan genişmiqyaslı hücumların təşkilinə bəhanələr axtarmaq üçün Kremlin damı üzərində şou göstərir. Bu, Ukraynanın başlaya biləcəyi genişmiqyaslı əks-hücum əməliyyatlarına qarşı müqavimət oxu kimi dərk edilə bilər. Hətta Rusiya taktiki nüvə silahlarından istifadə etməyi leqallaşdırmağa cəhd etməkdə və ya belə görüntünü gücləndirməkdə maraqlı tərəf kimi görünür.
Üçüncüsü: Kremldə dərin bir bunker var, o, dronla vurulsa belə, nəticə minimum olacaq, bunu Ukrayna da dərk edir.
Deməli, məntiq bu fikri gücləndirir ki, Rusiya xarici təcavüz haqqındakı tezislərini inandırıcı etməkdən ötrü daxili auditoriyasını “bilgiləndirir” və daha geniş səfərbərlik üçün şərait yaratmağa cəhd edir.
Digər cəhət dronun düz Kremlin günbəzinin üstündə partlaması və ya partladılmasıdır ki, bu da əlavə suallar doğurur.
Hər halda, hadisə olandan sonra Kreml “zərbə əməliyyatı”na dərhal, ardıcıl və koordinasiyalı reaksiya verdi.
ABŞ rəsmiləri də bir qədər ehtiyatlıdırlar, onlar Rusiyanın “hadisəni Ukrayna təşkil edib” tezisinə ehtiyatlı yanaşmağı tövsiyə edirlər.
Yəni nəticə olaraq onun üzərində dayanmaq düzgün olardı ki, “dron tamaşası” Rusiya hakimiyyəti tərəfindən hazırlanıb. Moskva hadisə ilə bağlı mütəşəkkil informasiya əməliyyatları həyata keçirdi ki, Ukraynaya qarşı genişmiqyaslı raket hücumlarına əsas yaransın və ya işğal etdiyi əraziləri əldə saxlamaq üçün taktiki nüvə silahlarına müraciət üçün hüquq qazansın.
Aqşin Kərimov
www.102info.az