Düz bir ay əvvəl, aprelin 4-də Türkiyədən yekun razılıq alan Finlandiya NATO-nun yeni üzvü oldu. Finlandiya ilə birlikdə Şimali Atlantika Alyansına qoşulmaq niyyətində olan İsveçə qarşı isə Ankara o qədər də mərhəmətli olmadı. Stokholm PKK kürd terror təşkilatının bayraqlarının nümayiş olunduğu Türkiyə əleyhinə aksiyalara icazə verir, ölkədə nümayişkaranə Quran yandırılıb, Türkiyə prezidentinin manekeni asılıb. İsveç həmçinin ekstremizmdə şübhəli bilinənlərin ekstradisiyasından imtina edib və hələ də edir (Ankara bildirib ki, İsveç və Finlandiya 130-a yaxın terrorçunu Türkiyəyə təhvil verməkdən imtina edib).
Finlandiya NATO-ya daxil olduqdan sonra Vaşinqton və Helsinki müdafiə sahəsində əməkdaşlıq haqqında razılığa gəldilər, bu isə ABŞ-yə ölkədə öz hərbi bazalarını yaratmağa imkan verəcək. Bəs Finlandiya NATO-ya daxil olduqdan sonra finlər özlərini arzuladıqları təhlükəsizlikdə hiss etdilərmi? İsveçin Şimali Atlantika Alyansına qəbulu prosesi niyə ləngidi?
Finlandiyanın ictimai-siyasi xadimi, “Azadlıq İttifaqı” partiyasından deputatlığa namizəd Natalya Qullsten resmixeber.az-a müsahibəsində bu və digər məsələlərdən danışıb.
– Keçən ilin yazında Helsinki və Stokholmun NATO-ya müraciəti təqdim olunandan məlum idi ki, hər iki ölkə öz üzvlüyünü sinxronlaşdırmaq istəyir. Düz getməyən nə oldu, niyə Finlandiya artıq NATO-da olsa da, İsveç kənarda qalıb?
– İsveçdə Quranı yandırdılar, Türkiyə əleyhinə aksiyalar keçirdilər. Beləliklə, isveçlilər özləri Türkiyənin Şimali Atlantika Alyansının qapısını onların üzünə bağlamasına rəvac verdilər.
Ancaq Finlandiyada belə bir şey yox idi. Rəsmi Helsinki nəyin bahasına olursa-olsun NATO-ya üzv olmaq qərarına gəldi. Üstəlik, son zamanlar mediada böyük şərq qonşusu qorxusu, panikası var – Ukrayna nümunəsi göstərildi, deyildi ki, (Rusiyanın işğalı üçün – red.) növbəti ölkə Finlandiya ola bilər. Helsinki qərara gəldi ki, NATO-nun himayəsi altında onun üçün daha rahat olacaq.
Problem isə bundadır ki, tutaq ki, Macarıstan NATO-ya daxil olmazdan əvvəl ölkədə referendum keçirib. Bu bizdə olmadı, insanlardan soruşulmadı. Hər şey tələm-tələsik, seçkilər öncəsi – köhnə hakimiyyət gedənə qədər həyata keçirildi. Halbuki bir çox insan Finlandiyanın bu hərbi ittifaqda iştirakının əleyhinədir. Finlərin 80%-nin NATO-ya qoşulmağı dəstəklədiyi məlumatlarının haradan gəldiyini bilmirəm. Məhz referendum hər şeyə aydınlıq gətirə bilərdi.
Keçmiş baş nazir Sanna Marin uzun müddət Finlandiyanın Şimali Atlantika Alyansına daxil olmasının əleyhinə olub. Lakin baş nazirliyinin son ilində o, NATO-nun tərəfdarı oldu. Əslində, ölkə elə onun dövründə bu hərbi bloka qoşuldu.
– Bir çox ekspertlər deyirlər ki, finlər NATO-nu isveçlilərdən daha çox istəyirdilər və bunu ictimai rəy sorğuları da göstərdi. Doğrudanmı belədir?
– Bizdə insanlar öz hakimiyyətlərinə, mətbuatda onlara verilən məlumatlara etibar edirlər. Beləliklə, bəli, yəqin ki, Finlandiyanın NATO-ya daxil olmasını bir çox finlər güclü qonşunun qorxusu, Rusiyanın mümkün hücum təhlükəsinə görə istəyiblər. Baxmayaraq ki, belə bir hücum üçün heç bir zəmin yox idi. Uzun illər Finlandiya və Rusiya əməkdaşlıq ediblər, ruslar iqtisadiyyatı (xüsusən də Finlandiyanın şərqində) dirçəldiblər. Həftəsonları daim bizə gəlirdilər, yollar Rusiya seriya nömrəli maşınlarla dolu olurdu.
İsveçlilər isə finlər qədər qorxmaya bilərlər. Ümumiyyətlə, onlara afərin, çünki İsveç 1995-ci ildən (Aİ-yə daxil olduğu tarixdən – red.) avroya keçmir (gülür). İsveçlilər kəndirbazlara bənzəyirlər, tarazlığı çox incə şəkildə qoruyurlar.
Finlandiyanın NATO-ya daxil olmasının yaxşı və ya pis olmasına gəlincə, deyə bilərəm ki, ölkəmizin “ətçəkən maşın”a düşmək təhlükəsi artıb – Biz, NATO ilə Rusiya arasında sərhəddə birinciyik.
– Elə bunu soruşmaq istəyirdim. İndi, Şimali Atlantika Alyansına qoşulduqdan bir ay sonra Finlandiya əhalisi özünü arzuladığı təhlükəsizlikdə hiss edirmi? Bundan əlavə, ölkədə NATO bazalarının yerləşəcəyi artıq məlumdur…
– Helsinkidə artıq hərbçilər, texnika peyda olub. İnsanlar bunu görür, faktları müəyyən edirlər. Rusiya isə Vıborqa Finlandiyaya, Helsinkiyə yönəlmiş uzaqmənzilli silahlar gətirir. Odur ki, təhlükəsizliyin artması barədə danışmağın nə qədər düzgün olduğunu deyə bilmərəm.
Bununla belə, Finlandiyanın özünün yaxşı silahlanmış güclü ordusu var.
– Amma hərbçilərinin sayı o qədər də çox deyil, Rusiyadakından azdır…
– Bəli, amma ordumuz, bir daha vurğulayıram, yaxşı silahlanmış və təlimlidir. Həmçinin o, məsələn, qış şəraitində mükəmməl mübarizə apara bilər. Hər ordu buna qadir deyil.
Nair Əliyev
www.RESMIXEBER.az