Təxminən bir həftədir ki, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində – eyniadlı dairədə nəqliyyatın hərəkəti ilə bağlı vəziyyətin dəyişdiyi müşahidə edilir.
Bu da onunla bağlıdır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə birgə ərazidə yol hərəkətinin tənzimlənməsi üçün tədbirlər görüb.
Xatırladaq ki, ölkənin müxtəlif rayon və şəhərlərinə gedən avtobuslar və taksilər bir qayda olaraq “Lökbatan” dairəsindən keçir. Buna görə də bu ərazidə həmişə xaotik vəziyyət yaranırdı. Sərnişinlər avtobuslara və taksilərə minmək üçün yolun müxtəlif hissələrində dayanırdılar. Bu isə günün pik vaxtlarında tıxaclara, eləcə də qəzalara səbəb olurdu. Artıq ərazidə vəziyyət tamamilə dəyişib, “Lökbatan” dairəsində özbaşınalığın və sıxlığın qarşısı alınıb. Bu qənaətə “resmixeber.az” apardığı müşahidələr nəticəsində gəlib.
Bakı Cənub Avtostansiyası fəaliyyətdədir
“Lökbatan” dairəsində vəziyyətin dəyişməsində Bakı Cənub Avtostansiyasının işlək vəziyyətə gətirilməsi xüsusi rol oynayır. Artıq avtobuslar avtostansiyaya cəlb edilib. Avtostansiyanın direktoru Tofiq Rəhimov deyir ki, obyekt 2019-cu ildə inşa edilsə də, koronavirus (COVID-19) pandemiyasına görə indiyə qədər fəaliyyət göstərməyib və yalnız ölkədə epidemioloji vəziyyət sabitləşəndən sonra avtobusları bura cəlb etmək mümkün olub:
“Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) əsasən ölkənin Cənub və Qərb bölgələrinə istiqamətlənən avtobuslar Bakı Cənub Avtostansiyasına girərək sərnişinlərə xidmət göstərir. Bakı Cənub Avtostansiyasından bilet alaraq istənilən bölgəyə getmək mümkündür”.
Direktor sərnişinləri yalnız avtostansiyanın ərazisində dayanan avtobuslarla hərəkət etməyə çağırıb:
“Buranın sürücüləri müxtəlif təlimlərə cəlb edilirlər və tam peşəkardırlar. Bəzən vətəndaşlar yolların kənarlarında bilmədikləri avtobuslara minirlər, həyatlarını təhlükəyə atırlar”.
Avtostansiyada sərnişinlərə xidmət üçün hər cür şərait yaradılıb
AYNA-nın mətbuat katibi Tural Orucov isə deyir ki, Bakı Cənub Avtostansiyasında sərnişinlərə xidmət üçün hər cür şərait yaradılıb:
“Burda gözləmə zalı var, tibb məntəqəsi də fəaliyyət göstərir. Biletlərin qiymətləri əks olunmuş cədvəllər də var. Əvvəllər sərnişinlər daha çox qeyri-qanuni daşımalara üstünlük verirdisə, artıq onlar üçün daha rahat şəraitlə daşımalar təklif edən bir məkan mövcuddur. Əsas məqsəd sərnişinlərin həyat və sağlamlığının müdafiəsini təşkil etməkdir, eləcə də “Lökbatan” dairəsindəki xaotik vəziyyətin yaranmasının qarşısını almaqdır. Yolun müəyyən edilməmiş hissəsində sərnişinlərin avtomobilə minib düşməsi onlar üçün təhlükə yaradır”.
Avtostansiyanın qarşısında taksi dayanacağı da var
Bakı Cənub Avtostansiyasının qarşısında taksi dayanacağı da fəaliyyət göstərir. T.Orucovun sözlərinə görə, məqsəd dairədə qeyri-qanuni fəaliyyət göstərən taksiləri vahid məkana cəlb etməkdir:
“Taksilər yolun kənarında xaotik vəziyyət yaratdıqları üçün bu dayanacağı yaratdıq. Bura taksilər üçün tam ödənişsizdir”.
“Bundan başqa, dairədə sıxlığın və qeyri qanunsuz daşımaların qarşısını almaq üçün 300 metrdən çox məhəccər çəkilib, 16 xəbərdaredici lövhə quraşdırılıb, piyada keçidləri yenidən təşkil edilib ki, sərnişinlər daha rahat hərəkət edə bilsinlər. Bu kimi dəyişikliklərdən sonra “Lökbatan” dairəsində sıxlığın və tıxacın qarşısının alındığını görmək mümkündür”, – deyə AYNA rəsmisi əlavə edib.
www.RESMIXEBER.az