“Əgər İrəvan artıq Qarabağla bağlı iddia irəli sürmürsə, o zaman razılaşmanın əldə edilməsi asan olacaq”.
Bu sözləri tarixçi, Rusiya Avrasiya Kommunikasiyalar Mərkəzinin direktoru Aleksey Pilko deyib.
Aleksey Pilko “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair saziş”in (bu ifadə İrəvan tərəfindən səsləndirilib – red.) imzalanma perspektivləri barədə resmixeber.az-danışıb.
– Ermənistan və Azərbaycan arasında danışıqlar prosesinin bütün tərəfləri və iştirakçıları yekun nizamlanmaya dair razılaşmanın real olduğu barədə razılığa gəldilər. Mənim bu nəticəyə gəlməyimin səbəbi danışıqların Vaşinqtonda, Moskvada və ya başqa yerdə keçirilməsi deyil. Məsələ bundadır ki, baş nazir Nikol Paşinyan özü bu yaxınlarda Ermənistan SSR-in sərhədləri daxilindəki Ermənistandan bəhs edib. Yəni Ermənistan tərəfinin Qarabağa dair Azərbaycan tərəfinə heç bir iddiasının olmaması ilə bağlı İrəvanın mövqeyi növbəti dəfə ortaya qoyulub. Əslində, elə bu, Ermənistanla Azərbaycan arasında münasibətlərdə maneə kimi qarşımıza çıxırdı. Əgər İrəvan artıq Qarabağla bağlı iddia irəli sürmürsə, o zaman razılaşmanın əldə edilməsi asan olacaq. Və düşünmürəm ki, Azərbaycan Ermənistana, həmçinin onun sovet dövründəki sərhədlərinə qarşı hər hansı ərazi iddiası irəli sürsün.
Aparılan danışıqlar, o cümlədən bu danışıqların Vaşinqtonda baş tutması qeyri-adi hal deyil. İnformasiya məkanında bəzən danışıqlar prosesinin iştirakçıları haqqında məlumatlar düzgün şəkildə təqdim olunmur. Uzun illər ərzində, hələ ATƏT-in Minsk qrupunun fəaliyyət göstərdiyi dövrdə bu prosesə Rusiya, ABŞ və Fransa cəlb olunmuşdular. Daha sonra Türkiyə çox fəal oyunçuya çevrildi. Əgər Ermənistan və Azərbaycanı nəzərə almasaq, o zaman qlobal aktor olan və sülh yolu ilə nizamlanmanın əldə edilməsinə çalışan ən azı dörd ölkə qalır – ABŞ, Rusiya, Türkiyə və Fransa. Rusiya heç vaxt danışıqlar prosesinin yeganə qüvvəsi, yeganə moderatoru olmayıb.
– Siz Fransanın adını çəkdiniz. Amma bu ölkə necə danışıqlar apara bilər? Paris birmənalı şəkildə ermənipərəst mövqe tutur və ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Ketrin Kolonnanın regiona son səfəri də bunu bir daha nümayiş etdirdi. Fransadan davamlı olaraq Azərbaycan əleyhinə bəyanatlar və qətnamələr səsləndirilir…
– Fransanın niyə belə radikal mövqe tutduğunu sizə deyim. Paris Bakını Ankaranın yaxın tərəfdaşı kimi qiymətləndirir. Türkiyə ilə Fransanın münasibətləri isə ürəkaçan deyil. Hələ bir neçə il əvvəl bəzi insidentlər baş verdi ki, bu da tərəfləri az qala toqquşma nöqtəsinə gətirib çıxarırdı. Biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makron barəsində bəyanatlarını, həmçinin Parisin Türkiyəyə cavab olaraq verdiyi açıqlamaları xatırlayırıq.
Fransa ilə Türkiyə arasında Liviya məsələsi ilə bağlı çox ciddi qarşıdurma mövcuddur. Türkiyə tərəfi Liviya münaqişəsində bir tərəfi, Fransa isə digər tərəfi dəstəkləyir. Şərqi Aralıq dənizi ilə bağlı gərginlik yaşanır və bunlar hamısı enerji, neft və qaz yataqları ilə bağlıdır.
Fransa və Yunanıstan müdafiə sahəsində əməkdaşlıq barədə müqavilə imzaladılar ki, bu müqavilə də faktiki olaraq Türkiyəyə qarşı yönəlib. Belə çıxır ki, iki NATO üzvü olan ölkə üçüncü ölkəyə, üstəlik də eyni şəkildə NATO-nun üzvü olan Türkiyəyə qarşı “dostlaşmaq” barədə razılığa gəlib (2021-ci ilin noyabrında Yunanıstanın milli müdafiə naziri Nikos Panayotopulos açıq şəkildə bəyan etmişdi ki, Paris “Türkiyə tərəfindən hücum olacağı təqdirdə” Afinaya kömək edəcək – red.).
Paris Ankaraya sərt klinç tətbiq edir və bu, Azərbaycana da proyeksiya olunur, ona zərbə endirərək Türkiyəni də hədəf alır. Və təbii ki, Fransadakı güclü erməni lobbisinin təsirini inkar etmək olmaz.
– Gəlin əvvələ qayıdaq. Söhbət “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması haqqında saziş”dən gedir, bir daha deyim ki, bu ifadə İrəvan tərəfindən səsləndirilib. Bu sənəd tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığı sülh müqaviləsinin analoqu hesab edilə bilərmi? Axı həll olunmamış çoxlu məsələlər var. Məsələn, Ermənistan SSR ərazisində Azərbaycan SSR-ə məxsus olan anklavların mövcudluğu və s.
– Normallaşdırma sazişi sülh müqaviləsinə doğru güclü addım ola bilər, lakin onları eyniləşdirmək olmaz. Yeri gəlmişkən, Rusiya, daha əvvəl SSRİ və Yaponiya arasında sülh müqaviləsi yoxdur. Lakin müharibə vəziyyəti də yoxdur. Sülh müqaviləsinin olmaması Sovet İttifaqı və Rusiya Federasiyasının Yaponiya ilə əlaqələrini fəal şəkildə inkişaf etdirməsinə mane olmadı. Bəli, hazırda münasibətlər məlum səbəblərdən pisləşib.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması mehriban qonşuluq münasibətlərinin qurulması istiqamətində bir hərəkətdir. Düzünü desəm, sülh müqaviləsi arzuolunan olsa da, ümumilikdə məcburi deyil. Tərəflər münasibətləri normallaşdıraraq istənilən halda qarşılıqlı əlaqə qura bilərlər.
Nair Əliyev
www.RESMIXEBER.az