Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın Vaşinqtondakı danışıqları üzrə qarşıda heyrətamiz mənzərə açılacağını söyləmək hələ tezdir.
Hərçənd, ABŞ-nin moderatoluğu ilə baş tutan danışıqların budəfəki raundu daha məhsuldardır və genişspektrli müzakirələr üçün fövqəladə fürsətlər təqdim edir.
İndi Vaşinqton üçün vacib məram Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə rıçaqları ələ alıb Cənubi Qafqazdakı kövrək iplərini möhkəmləndirməkdir.
Ağ Ev, onsuz da, bilir ki, təkbaşına gündəlik formalaşdırmaqda çətinlik çəkir, çünki Rusiyanın regiondakı tarixi və siyasi sirayətinin kök atması Vaşinqtonun birbaşa müdaxilə imkanlarını azaldır.
Ona görə də ABŞ Qərbin birləşmiş hərbi gücü NATO-nun total şəkildə regiondakı aktivlərini artırmasını istəyir – bu, məsuliyyət və təhlükəsizlik yükünün bölüşdürülməsi baxımından düzgün yanaşma hesab oluna bilər.
Bayramov-Mirzoyan danışıqlarının davam etdiyi zamanda Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin Brüsseldə NATO mənzil-qərargahında apardığı müzakirələr diqqət çəkir.
Bu, Vaşinqtonda Azərbaycan-Ermənistan baş diplomatlarının müzakirəsinin məntiqi həlqəsidir və Bakının Qərblə oriyentasiyasını gücləndirən faktora çevirir.
Hacıyevin NATO baş katibinin kəşfiyyat və təhlükəsizlik məsələləri üzrə köməkçisi Devid Katlerlə görüşü Azərbaycan-Ermənistan münasibətlərindəki gərgin aspektlər və ya onun nəticələri üzrə Alyansın regiondakı əhatə dairəsini dəqiqləşdirməyə xidmət edir.
Məntiqlə, ABŞ Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə keçirilən Bayramov-Mirzoyan görüşü kompleks şəkildə NATO-nun perspektiv davranışları üçün yol xəritəsi kimi təqdim edilə bilər.
Məsələ təkcə Bakı ilə İrəvanın yanaşmalarındakı mövqeləri yaxınlaşdırmaqda da deyil, daha geniş planda regional oyunçuların içərisində hansının rolunun azaldılıb, hansının çoxaldılacağı parametrlərini özündə cəmləşdirir.
Hər halda, Vaşinqtondakı danışıqlar Azərbaycanın Ermənistanın və ona havadar olan qüvvələrin fəaliyyətlərinə qarşı heyrətamiz dərəcədə səbirli olduğunu göstərir, sonrakı proseslərin mahiyyəti isə danışıqlarda hansı razılıqların əldə edilməsi ilə açılacaq.
Vaşinqton, yəqin ki, fəaliyyətindəki aktivliyi artırmaqdan ötrü Bakı-İrəvan sülh proqramının təhlükəsizlikdən tutmuş siyasi aspektlərinə qədər ortaya sənəd qoymağı planlaşdırır.
Bu, Bayramovla Mirzoyanın danışıqlarının diplomatik nəticəsi olaraq bəyanatdan da üstün sayıla biləcək mövqenin səslənə biləcəyi ehtimalını artırır.
Ancaq Bayramov-Mirzoyan müzakirələrindən sonra regionda sülh aurasını korlayacaq ziddiyyətli siqnallar və hərəkətlilik ola bilər.
Burada diqqət Rusiyaya yönəlir, əgər Moskva Vaşinqton danışıqlarından məmnun qalmasa, bölgənin təhlükəsizlik arxitekturasındakı vəziyyətin üzərini dumanlar ala bilər.
Yəni təkcə Azərbaycan-Ermənistan gündəliyinin sülhlə yekunlaşmasını təxirə salmaq planları göz önündə canlanmamalıdır, həm də Moskvanın Gürcüstan üzrə niyyətləri yeni istiqamət ala bilər.
Hər halda, Rusiyanın Vaşinqton danışıqlarına verdiyi qısqanc reaksiyalardan gələcək motivləri oxumaq olar, hətta Kreml Qarabağdakı Ruben Vardanyan obrazını yenidən dirildərək gündəmə daşıyır.
Artıq Ruben Vardanyan Rusiya siyasətinin informasiya strategiyasında rol oynayan RBK-nin efirində müsahibə verib, görünür ki, Kreml bununla Bakıya, İrəvana və onların bir araya gəldiyi Vaşinqtona mesaj ötürür.
Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtondan sonrakı danışıqlarının növbəti qalası Moskva ola bilər, strateji hissiyyatlar deyir ki, Kremlin quraşdırdığı danışıqlar masası daha gərgin müzakirələrlə yadda qalacaq.
Çünki Ermənistanın eyni anda iki stulda oturmaq vərdişləri səngiməyib, üstəgəl İrəvanın geniş miqyasda Azərbaycanın şərtləri ilə razılaşacağını düşünmək də sadəlövhlük olardı.
Ona görə də Moskva mübahisəli məqamları bir həddə qədər qabartmağı və sonra onun idarə edilməsi üzrə düsturlarını gündəmdə saxlayacaq.
Vaşinqtondakı görüşləri qısqanan Moskva diplomatik səylərini və Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli razılaşmalarının icrasını sürətləndirmək üçün də çalışacaq ki, Qərbin vasitəçiliklərini kompensasiya etsin.
Vaşinqton isə insan hüquqları üzrə məsələləri Qarabağın erməni əhalisi üzərinə proyeksiya edərək Rusiyaya qarşı həmlə kimi davam etdirməkdə maraqlıdır.
Beləliklə, mütləq sülhə getmək üçün bir qədər də məsafə qət edilməlidir…
Aqşin Kərimov
www.RESMIXEBER.az