BP-nin vitse-prezidenti: “Mən yerli bazarın məhsuluyam” – FOTO

Cəmiyyət


“Məktəbdə”nin növbəti qonağı BP şirkətinin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti, beynəlxalq münasibətlər və enerji məsələləri üzrə mütəxəssis Bəxtiyar Aslanbəyli Bakı şəhəri 8 saylı tam orta məktəbdə şagirdlərlə görüşünə tövsiyələrlə başlayıb.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

B.Aslanbəyli öz həyatından, fəaliyyətindən nümunələr gətirdi, şagirdləri motivasiya edəcək hekayətlər danışdı:

“Sizin yaşda olanda, – 30 il əvvəl idi, – onda ölkədə, ümumiyyətlə, vəziyyət tamam başqa idi. İmkanlar məhdud idi. İndi hər birinizin beynəlxalq təhsil almaq imkanınız var. Kimin qabiliyyəti varsa, öz istedadı ilə təqaüd alıb xaricdə də oxuya bilər. Eyni zamanda, ölkəmizdə beynəlxalq səviyyədə təhsil verən universitetlərimiz də var, orada da oxuya bilərsiniz. Təbii ki, əsas məsələ ixtisas seçimindən asılıdır. İxtisas seçimində ilk növbədə insanın qabiliyyəti, marağı rol oynayır. İxtisas seçimi edəndə dünyada hansı proseslərin getdiyinə nəzər salmaq lazımdır. Düzdür, bu yaşınızda bunları başa düşmək bir qədər çətindir. Bu gün dünyada ingilis dilini bilmək nə qədər vacibdirsə, 10 il sonra kompüter bilikləri bir o qədər vacib olacaq. İstənilən ixtisasa yiyələnmək istəyirsinizsə, ingilis dilini heç olmasa orta səviyyədə bilməlisiniz. İngilis dilini bilmək sabah ixtisasınızla əlaqədar sizə çox ciddi qapılar açacaq. Həmçinin rəqəmsal vasitələrdən istifadə etmək çox vacibdir. Təbii ki, mən “tik-tok”u nəzərdə tutmuram. Bu platformadan da kifayət qədər əlavə məlumatlar əldə edə bilərsiniz. Ancaq o platformalara həsr etdiyiniz vaxtın heç olmasa 30-40 faizini sərf etsəniz, “YouTube”da gələcək peşələrlə bağlı faydalı məlumatları öyrənə bilərsiniz. Məlumat bazalarından nə qədər çox istifadə etsəniz, o qədər faydalı informasiya əldə edə bilərsiniz. Kitab oxumaq elmli insanı elmsiz insandan fərqləndirir. Dünya əhalisi iki qrupa bölünür: kitab oxuyanlar və oxumayanlar. Kitab oxuyanlar hər zaman irəlidədirlər. Artıq sizin seçiminizdir: irəlidə gedib oxumaq istəyənlərdən olmaq, ya arxada qalıb kitab oxuyanların dalıyca getmək istəyənlərdən olmaq. İnternetdə audio və video kitablar var. Kitab oxumaq cansıxıcı ola bilər. Amma qulaq asmaq və videoya baxmaq daha rahatdır”.

B.Aslanbəyli bizdə ənənəvi “hamımız oxumalıyıq” klişesinin olduğunu xatırlatdı:

“Məktəbi qurtarmağa yaxın “hamı repetitor yanına getməlidir”, “hamı universitetə qəbul olmalıdır”, “hara gəldi qəbul olum – təki universitetə qəbul olum” kimi yanaşmalar hələ də var. Çalışın, o klişedən bir az uzaqlaşın. Hara gəldi qəbul olmayın – istədiyiniz yerə qəbul olun. Bizdə ənənəvidir: ailələr, hətta bəzən bütün nəsil yığışıb uşağa ixtisas seçirlər. Amma cavan oğlanın fikrini alan yoxdur ki, sən kim olmaq istəyirsən?”

B.Aslanbəyli öz övladlarının ixtisas seçimindən nümunə gətirdi:

“Övladlarımdan biri təhsil idarəçiliyi üzrə oxumaq istəyirdi. “Axtarış apardım, bu peşənin əmək bazarında iş yeri o qədər də çox deyil”, – deyə bir gün gəlib söylədi. Ona görə daha geniş diapazonlu sahəni seçdi – HR- insan resursları üzrə oxumağa başladı. Bu tip məsləhətləşmələr valideynlərlə, universitetlərdə oxuyanlarla, əmək bazarında işləyənlərlə vacibdir. Amma ilk növbədə sizin özünüzün istəyiniz və seçiminizdir. Texniki biliklər, riyazi bacarıqlar kifayət qədər güclüdürsə, əmək bazarındakı boşluğu rahat şəkildə doldura bilərsiniz. Kompüter bilikləri, süni intellekt, proqramlaşdırma sahələri çox perspektivlidir. Siz əmək bazarına baxanda 10 il sonraya nəzər salmalısınız. Beynəlxalq münasibətləri qurtarsanız – peşə yoxdur. Bu diplomatiya sahəsidir – bizdə də bu sahə çox məhduddur. Və ya Biznesin idarə olunması – bunu hər kəs sonra da öyrənə bilir, amma bu, peşə deyil. İnsanın peşəsi olmalıdır: həkim, mühəndis, maliyyəçi, hüquqşünas, fizik… Amma “hərşeyşünas” ixtisaslardan uzaqlaşın. Özünüzə konkret ixtisas seçməlisiniz. Məsələn, ənənəvi mühasibatlıq bir müddət sonra olmayacaq. Bu peşəni bir azdan proqramlar həyata keçirəcək. Bu proqramları yazan və idarə edənlərə ehtiyac olacaq. Mənim babam mühasib olanda “hesab çötkəsi” ilə hesablayırdı, qalaq-qalaq kağızlardan istifadə edirdi. Sonrakı nəsil kalkulyatordan istifadə edirdi, artıq kağız azalmışdı. İndiki mühasibatlıqda kağız yoxdur, hamısı elektron qaydada həyata keçirilir. Sabah isə hamısını proqramlar hesablayacaq, 10 adamın işini bir adam edəcək. Yeni ixtisas əmələ gələcək, proqramları idarə edən olacaq. Demək, dəyişiklik baş verir. Məlumatlara görə, 2035-ci ildə bazarda olan populyar peşələrin 70 faizi bu gün mövcud deyil. Onlar yeni yaranacaq ixtisaslardır. Yaddan çıxartmayaq ki, biz 4-cü sənaye inqilabının ortasındayıq. İnformasiya sürəti yüksək olduqca, həyatımız dəyişdikcə gördüyümüz işlərin mahiyyəti də dəyişir. İxtisas seçəndə uzağa baxaq, düşünək. Mənim atam hüquqşünas, anam riyaziyyatçı idi. Ali məktəbdə aldığı bilik və savad onlara kifayət edirdi. Amma biz hamımız mütləq öz üzərimizdə işləməliyik. Bizim nəslə aldığımız bilik bəs etmir. Çünki arxadan gələn gənc nəsil daha savadlıdır. Onlarla rəqabətə dözmək üçün biz də əlavə kurslara getməyə başladıq”.

B.Aslanbəyli dedi ki, insan yalnız öz üzərində işləyəndə uğur əldə edə bilir:

“Öz üzərinizdə işləməsəniz, əmək bazarındakı rəqabətdən geri qalacaqsınız. Çünki informasiya axını həddindən artıq yüksəkdir. Qızım Britaniyada universitetdə oxuyur. Onun tədrisi ilə tanış olduqda əvvəlcə bir az təəccübləndim. Sonra mahiyyətini dərk etdim ki, onlar özü düşünən, öz həyatını planlaşdıran insan yetişdirirlər. Getdikcə o metodologiya bizə də çatacaq. Auditoriya saatlarını minimallaşdıracağıq. İnsan daha çox özü öz üzərində işləməyi bacarmalıdır. Repetitorla məşğul olmadan, dil və kompüter biliklərini təkmilləşdirmək olar”.

“Azərbaycan böyük enerji layihələrinin müəllifi və iştirakçısıdır. Bu layihələrin gələcəyimizə vəd etdiyi perspektivləri bizə sadə dildə necə izah edərsiniz?” – deyə şagirdlərdən biri sual ünvanladı. Qonaq “Ölkəmizin əsas gəlir mənbəyi neft-qaz layihələridir”, – deyə cavab verdi:

“Bu illər ərzində ölkəmiz bu layihələrdən kifayət qədər gəlir əldə edib. Bütün iqtisadi yüksəlişlər, bu məktəbin özü, müşahidə etdiyiniz digər imkanlar neft-qaz vəsaitlərinin hesabınadır. Amma onu da deyim ki, bütün neft-qaz olan ölkələrdə vəziyyət heç də bizdəki kimi deyil. Çox ölkələr neft-qaz layihələrini düzgün idarə edə bilmir. Bizdə layihələr kifayət qədər uğurla davam edir. Bundan sonra da – növbəti onilliklər ərzində neft-qaz layihələri aktual qalacaq. Bu layihələrdən gələn bütün gəlirlər Neft Fondunda toplanır və yalnız Prezident Sərəncamına uyğun olaraq xərclənir. Məsələn, “Xaricdə Təhsil Proqramı” Neft Fondundan gələn gəlir hesabına həyata keçirilir. Yəni siz aparıcı universitetlərə, orada qeyd olunan ixtisaslar üzrə qəbul olursunuzsa, vəsaiti dövlət ödəyir. Eyni zamanda, 44 günlük müharibədə o qədər silah-sursat, texnika haradan idi? Bütün bunlar neft-qaz gəlirləri hesabına idi. Düzdür, indi “Yaşıl enerji”, bərpa olunan enerji mənbələri haqqında danışırlar. Bunlar baş verəcək, amma çox sonralar olacaq. Çünki bərpa olan enerji neft-qaz layihələrini tam əvəz edə bilməyəcək. Dünyanın neftə, qaza tələbatı həddən artıq çoxdur. Qısa zaman ərzində onları günəş və ya külək enerjisi ilə əvəz etmək mümkün deyil. Bizim kifayət qədər neft-qaz ehtiyatımız var. Eyni zamanda, biz qeyri-neft sektorunu, turizmi və digər sahələri inkişaf etdirməliyik”.

“Sizin məktəbli olduğunuz dövrlə indiki dövr arasından o qədər də uzun vaxt ötməyib. Amma dünya çox sürətlə dəyişir. Sizin nəsillə bizimkilər arasında daha çox nə dəyişib?” – deyə şagirdlərdən biri soruşdu: “Əslində, kifayət qədər uzun vaxt – 30 il keçib”, – deyə B.Aslanbəyli cavab verdi:

“Məktəb illərimin bir hissəsi Sovet İttifaqı dövrünə, bir hissəsi müstəqillik illərinə düşüb. Siz müstəqil ölkənin vətəndaşısınız. Bundan gözəl heç nə yoxdur. Sizin müstəqil və güclü Azərbaycanın vətəndaşı olaraq artıq dünyaya çıxışınız var.  Digər tərəfdən, dünyanın özü dəyişib. İnformasiya əlçatanlığı, texniki imkanlar artıb. Biz uşaq olanda televiziyada cəmi 3 kanal vardı – biri Azərbaycanın, ikisi Rusiyanın idi. Qəzetdə işarələyirdik ki, məsələn, axşam saat 20.00-da “Elektronikin macəraları” filmi olacaq. Amma siz  “Netflix”də və ya “Disney+”da istədiyiniz filmə baxır və ya “YouTube”da istənilən müğənniyə qulaq asırsınız. Seçim imkanları həddən artıq çoxdur. İndiki şagirdlərin əlində olan imkanların o vaxtkı şagirdlərdə 10 faizi yox idi”.  

“Bakı Dövlət Universiteti, ADA Universiteti və Bakı Ali Neft Məktəbində mühazirələr oxuyursunuz. Şagirdlər qarşısında mühazirə etsəydiniz, daha çox hansı mövzuları diqqətdə saxlayardınız?” – deyə soruşan şagirdin sualına “Məktəbə qayıtsam, yəqin ki, tarix dərsini tədris edərəm”, – deyə qonaq cavab verdi:

“Ümumiyyətlə, özüm üçün qərar vermişəm ki, 55 yaşına çatandan sonra işləməyəcəm, pedaqoji fəaliyyətə qayıdacağam və universitetdə dərs deyəcəyəm. Məktəbdə dərs demək universitetdə dərs deməkdən daha çətindir. Burada fərqli dünyagörüşü olan insanlar – gələcəyin həkimi, mühəndisi, alimi və s. uşaqlar var. Bu baxımdan, auditoriyanı ələ almaq daha çətin olur”.

Şagirdlərdən birinin: “Dünyanın nüfuzlu şirkətində vitse-prezident olmaq üçün necə bir təhsil, təcrübə yolu keçmək lazımdır? Bu mövqeyə yüksəlmək Bəxtiyar Aslanbəyli üçün hansı çətinliklər hesabına mümkün olub?” sualını cavablandıran qonaq zəhmətsevərliyi və əziyyəti vurğuladı: “Xüsusi bir təhsil deməzdim, amma öz üzərinizdə çalışmalısınız. Məsələn, elə bir təəssürat yaranır ki, xaricdə oxumasanız, nəyəsə nail olmaq mümkün deyil. Düzdür, xaricdə oxumaq çox yaxşıdır. Oranın təhsil sistemi, etiraf edək, bizdən bir addım irəlidədir. Amma bunu hər xarici universitetə aid etmək olmaz. Mən öz təhsilimi Bakıda almışam. Sırf “yerli bazarın məhsuluyam”. Yerli məhsul olmağıma baxmayaraq, BP şirkətində 7-8 ölkəni əhatə edən bir fəaliyyətlə məşğul ola bilirəm. Səbəb öz üzərimdə işləmək, mühitin səni inkişaf etdirmək imkanlarından faydalanmaqdır. Bəzən komfort zonamız bizi o qədər rahat edir ki, əziyyət çəkmək istəmirik. Bəzən “Messi çox uğurludur, universitet oxumayıb” deyirlər. Amma sən Messi ola bilməyəcəksən. Çünki futbol başqa dünyadır. Bəzən gur parıldayan idmançılar, müğənnilər şagirdlərimizin beynini qarışdırır. Onlar bir nəfərdir və o imkan hamıda olmur. Ona görə gözqamaşdıran parıltılar sizi aldatmasın. Harada olsanız təhsil almalı, işinizin dəyərini bilməlisiniz, əziyyət çəkməsəniz, lazım olandan artıq iş görməsəniz, təcrübə qazanmayacaqsınız. Təcrübə qazanmasanız, uğur əldə etməyəcəksiniz. Əgər irəli getmək istəyiriksə, mütləq mənada zəhmətsevərlik vərdişini özümüzdə formalaşdırmalıyıq”.

“Bizə hansı ixtisası tövsiyə edərdiniz”, – deyə şagirdlərdən biri məsləhət istədi:

“Əslində, ixtisası tövsiyə etmək çətin məsələdir. Bunu kimdənsə soruşmaq o qədər də doğru deyil. İlk növbədə sizin istəyiniz çox vacibdir. İxtisas biliyi olmalıdır. Bu da kifayət deyil, eyni zamanda kommunikasiya bilikləri olmalıdır. Məsələn, Ali Neft Məktəbinə ən yüksək balla – 687 balla uşaqlar daxil olur. Onlar ixtisasları üzrə savadlıdırlar, amma danışa, özlərini təqdim edə bilmirlər. Onlar kitabın dərinliyinə getmiş, ondan başqa həyatı olmayan uşaqlardır. Millətin intellektual hissəsidir, amma onların elementar vərdişləri yoxdur. Onlarla kommunikasiya vərdişlərinin inkişafı ilə bağlı etdiyimiz layihə bu gün də davam edir. Ona görə kommunikasiya bilikləri bütün sahələrdə vacibdir”.

“Siz məktəbdə necə oxumusunuz?” – deyə şagirdlərdən biri maraqlandı: “Məktəbdə oxuyanda qiymətlərimin hamısı “5” olub. Amma heç də məktəbdə bütün qiymətlər “5” olmalı deyil. Qızım məktəbdə bütün semestri “A” ilə bitirdi. Fakültənin dekanından təşəkkür məktubu gəldi:

“Hər tələbə 1-ci semestri “A” ilə bitirə bilmir”. Uşaq sevindi, amma bu məni bir qədər qayğılandırdı. Dedim ki, “A” səni çaşdırmasın. Sənin məqsədin universiteti “A” ilə bitirmək deyil. Əlaçı kimi qurtarıb stress yaşamaq lazım deyil. Həyatını yaşa, zövq al və çalış faydalı məlumatlar əldə et. Vacib olan prosesdən zövq almaq və işə daha yaxından bələd olub keyfiyyətli şəkildə məlumatlar əldə etməkdir. Mən iş müsahibələrində müraciət edənlərin gözlərinə baxıram. Gözündə enerji, işıq varsa, işə qəbil edirəm”.   

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir