“Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın irsi, müxtəlif sahələrdə apardığı tədqiqatlar Azərbaycan tibb elminin tarixində müstəsna yer tutur. Zərifə xanımın həyatı, elmi və ictimai fəaliyyəti həqiqi vətənpərvər və əsl peşəkar olduğunu təsdiqləyən faktlarla zəngindir”.
Bunu “resmixeber.az”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov deyib.
O qeyd edib ki, ötən əsrin 50-ci illərində Azərbaycanda göz xəstəlikləri, xüsusilə traxoma xəstəliyinin geniş yayıldığı dövrdə Azərbaycana qayıdaraq Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Zərifə Əliyeva traxoma xəstəliyinin müalicəsi ilə bağlı tədqiqatlar aparmağa başlayıb:
“Görkəmli alimin “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası bu xəstəliyin müalicəsi ilə bağlı yeni metodların tətbiqinə imkan verib. Zərifə xanımın bu xidməti Azərbaycanda traxoma xəstəliyinin tamamilə aradan qaldırılmasına imkan verən yeni müalicə metodunun tətbiqi ilə nəticələndi. Qısa vaxt ərzində bu sahədə çox ciddi uğurlar əldə olundu. Hesab edirəm ki, bu Zərifə xanımın öz peşəsinə nə qədər dərindən bələd olduğunu sübut edir”.
Deputat bildirib ki, görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası dünyada ilk dəfə məhz Z.Əliyevanın xanımın təşəbbüsü ilə yaradılıb:
“Bu peşə oftalmologiyasının əsasını qoyan unikal bir təşəbbüs kimi tarixə düşdü. 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olan Zərifə xanım, eyni zamanda, sadəliyi, səmimiliyi ilə xalqın sevgisini qazanan ictimai xadim kimi tanınırdı. Həm öz işini mükəmməl bilən peşəkar, həm də sadə bir insan kimi hər kəsə nümunə olacaq həyat yolu keçdi. Zərifə xanımla ünsiyyətdə olmuş, fəaliyyəti, xidmətləri barədə məlumatlı olan hər bir insan onu dərin təfəkkürə malik ziyalı, yüksək mənəvi dəyərlərə malik şəxsiyyət kimi xatırlayır”.
S.Məmmədov deyib ki, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi barədə Prezident İlham Əliyevin 2022-ci ilin noyabrında imzaladığı Sərəncam görkəmli alimin xatirəsinə olan ehtiramı və xidmətlərinə dövlət tərəfindən verilən yüksək dəyəri ifadə edir.
www.RESMIXEBER.az