“İki yüz ildən artıq davam edən müddətdə “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan təcavüzkar erməni millətçiləri və onların havadarları tərəfindən öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı davamlı şəkildə soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirilib, xalqımız ağır məhrumiyyətlərə və faciələrə məruz qalıb, bir milyondan çox soydaşımız etnik mənsubiyyətinə görə öz doğma yurd-yuvalarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.
resmixeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan – türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, Errmənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti tarixi ərazilərimizin zəbt edilməsi, mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə məhdudlaşmamış, yaşı min illərlə ölçülən tarixi, dini, mədəni sərvətlərimiz də vandal siyasətinin hədəfinə çevrilib:
“Xüsusilə də son 30 il ərzində xalqımıza məxsus tarixi abidələr, məscidlər və ziyarətgah yerləri, qəbiristanlıqlar dağıdılıb, şair və yazıçılarımızın, ziyalılarımızın ev muzeyləri talan edilib, büstləri güllələnib, mədəni irsimizə aid əsərlər, klassik ustadların əlyazmaları məhv edilib, çox qiymətli əşya və nadir eksponatlar oğurlanıb və Ermənistan ərazisinə daşınıb. Azad edilmiş ərazilərimizdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb, digərləri təhqir edilərək heyvanların saxlama yeri kimi istifadə olunub.
Azərbaycanlıların bu ərazilərdəki varlığını inkar etmək məqsədi ilə abidələrimizin dağıdılması və məhv edilməsi ilə yanaşı, mədəni irsimizin bir hissəsinin, o cümlədən məscidlərimizin məqsədyönlü şəkildə digər qonşu xalqlara aid edilməsi kimi bədnam saxtakar əməllər də törədilib”.
Səbinə Əliyeva qeyd edib ki, xalqımıza qarşı törədilmiş ən böyük təxribatlardan biri də Sovet hakimiyyəti illərində Ermənistan ərazisində azərbaycanlılara məxsus toponimlərin erməniləşdirilməsi olub və bu, məqsədyönlü şəkildə icra edilərək o zamankı dövlət rəsmilərinin fəaliyyətində vacib elementə çevrilib:
“Nəticədə həmin dövrdə indiki Ermənistan ərazisində 521 türk mənşəli yaşayış məskənlərinin adları erməni adları ilə dəyişdirilib. Bu kimi vandal fəaliyyət 30 illik işğal dövründə də davam etdirilib, virtual məkanda Azərbaycan adlarının erməni adları ilə əvəz edilməsinə cəhdlər göstərilib.
Ermənistanın bu cür barbar əməllərdən istifadə etməkdə məqsədi xalqımızın minilliklər boyu yaşadığı qərbi Azərbaycan torpaqlarında, eləcə də Qarabağ və ətraf regionlarda onun tarixi keçmişini, buradakı Azərbaycan izlərini, minilliklər boyu xalqımızın yaratmış olduğu mədəni irsi məhv etmək olub.
İşğal dövründə Azərbaycanın mədəni, tarixi, dini irsinə dəymiş ziyanın, bütövlükdə məhv edilmiş maddi mədəniyyət nümunələri barədə faktların daim diqqətdə saxlanılması və bu danılmaz faktlar barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması çox vacibdir”.
www.102info.az