Gia Saralidze: “Bayraq yandırmaq, əslində, müharibə aktıdır” – RUSİYADAN MÜSAHİBƏ

Dünya


İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışında Azərbaycan bayrağının yandırılması hadisəsindən bir neçə gün keçsə də, Ermənistan tərəfi hələ də Azərbaycandan üzr istəməyib. Hazırda Ermənistanda tənqid olunan parlament üzvü Ovik Ağazaryan “beynəlxalq sivil ictimaiyyət”dən üzr istəyib. Təbii ki, Azərbaycan bu beynəlxalq sivil cəmiyyətin bir hissəsidir, lakin İrəvanda konkret ölkənin bayrağı yandırılıb və həmin ölkədən üzr istəmək lazımdır.

Rusiyanın “Sport-Ekspress” qəzetinin yazdığı kimi, millətçi təşkilatlar “yarış təşkilatçılarını son dərəcə pis vəziyyətə salaraq” Azərbaycan bayrağını yandıran Aram Nikolyana hərarətlə dəstək veriblər.

Xatırladaq ki, birinci hadisədən sonra zalda Azərbaycanın və Türkiyənin cırılmış bayraqlarının asıldığı ikinci insident baş verib.

Yeri gəlmişkən, Aram Nikolyan barəsində heç bir cinayət işi açılmayıb. Əvəzində Ermənistanda “tu quoque” (“özünsən”) taktikasını seçdilər. Yəni İrəvandakı hadisəyə münasibət bildirmədən, faktiki olaraq, sovet dövründən məlum olan ifadə ilə cavab verirlər: “Sizdə isə qaradərililər linç edilirlər”…

Dünyada belə presedentlər olubmu ki, böyük beynəlxalq yarışların açılışında kimsə qaçıb başqa dövlətin bayrağını tutub yandırsın? resmixeber.az bu sualla Rusiyanın tanınmış teleradio aparıcısı, siyasi şərhçi və idman eksperti Gia Saralidzeyə müraciət edib:

– Jurnalist karyerama idman jurnalisti kimi başlamışam və bütün bu müddət ərzində belə bir şey xatırlamıram, sadəcə, nonsensdir. Bəli, müxtəlif idman yarışlarında təxribatlar olub, məsələn, Albaniya və Serbiyanın futbol komandaları oynayanda meydana Kosovo bayrağı ilə dron daxil olmuşdu və s. Amma bunlar başqa səviyyəli təxribatlardır.

Bildiyimə görə, Azərbaycan yığmasının ağır atletika üzrə Avropa çempionatında iştirakını razılaşdırarkən Ermənistan tərəfi idmançıların və bütün nümayəndə heyətinin təhlükəsizliyinə dövlət zəmanəti verib. Bayrağın yandırılması, əslində, müharibə aktıdır. Yəni “casus belli” – çox ciddi problemlərin başlaması üçün bir fürsətdir.

Bütün bunları edən şəxs (Aram Nikolyan – red.) ağır atletika çempionatının açılışı ilə bağlı tədbirin təşkilatçılarından olub. Hesab edirəm ki, bu, bir sıra başqa təxribatların sırasında planlaşdırılmış təxribat idi. Məqsədləri isə İkinci Qarabağ müharibəsi bitdikdən sonra 2020-ci il noyabrın 9-da (10) imzalanmış razılaşmanı yerinə yetirməməkdir. Biz görürük ki, erməni tərəfi ardıcıl olaraq mövcud razılaşmaları pozmaq, yerinə yetirməmək və sülh prosesini “beynəlxalqlaşdırmaq” üçün hər şeyi edir, buraya qeyri-regional oyunçuları cəlb edir. Erməni tərəfdən gördüyümüz və eşitdiyimiz bütün hərəkətlər silsiləsi, sözlər vəziyyəti gərginləşdirməyə yönəlib. Mən, doğrudan da, başa düşə bilmirəm ki, bu, Ermənistana hərbi-siyasi mənada nə gətirəcək, onlar nə gözləyirlər? Amma mənim fikrimcə, təəssüf ki, onlar Qərbin, ilk növbədə Fransanın onlara diktə etdiyi kimi hərəkət edirlər. Fransa siyasətçilərinin Cənubi Qafqazla bağlı son bəyanatları bundan sonra nələrin baş verəcəyi barədə ciddi düşünməyə vadar edir.

– Bəs İrəvanı idman baxımından nə təhdid edə bilər? Artıq Ermənistanın bəzi beynəlxalq yarışlara ev sahibliyi etməsinə icazə verilməməsi ehtimalları ilə bağlı bəyanatlar səslənib. Bu cür təxribatlardan sonra ümumiyyətlə nə baş verir?

– Fikrimcə, Ermənistan, onsuz da, bir neçə beynəlxalq yarışa ev sahibliyi edir. İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatı isə böyük hadisədir. Tədbir erməni idmançılarının bu idman növündə əldə etdikləri nailiyyətlər sayəsində Ermənistanda baş tutdu. Beynəlxalq federasiya yarışın keçirilməsi ilə bağlı müqavilə imzalayanda isə orada hər bir detal yazılır. Hər şeydən əvvəl, söhbət təhlükəsizlikdən gedir. Heç bir siyasi demarş olmamalıdır və s. Düşünürəm ki, Ermənistanın digər beynəlxalq yarışlara ev sahibliyi etmək ehtimalı ilə bağlı böyük problemləri olacaq.

İrəvanda baş verənlər çox ciddi presedentdir. Söhbətimizin əvvəlinə qayıdaraq bir daha deyirəm: yaxın tarixdə belə irimiqyaslı idman yarışlarında bu qədər təxribat olmamışdı. Və məncə, bunun nəticələri çox ciddi olmalıdır. Yeri gəlmişkən, mən bu hadisə ilə bağlı xəbəri “İmerel” “Telegram” kanalımda yerləşdirdim və abunəçilərin əksəriyyəti baş verənlərə, sadəcə, mat qaldı.

Nair Əliyev

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir