“Erməni idmançılar əhəmiyyətli tədbirlərə buraxılmamalıdırlar” – ŞƏRH + FOTO

Siyasət


“İrəvanda Azərbaycan bayrağına hücum edilməsi çox ciddi təxribatdır. Ermənistan yarışların təşkil edilməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürəndə təhlükəsizlik tədbirlərinin görüldüyünü qeyd etmişdi. Görünür ki, bu hücum planlaşdırılmış addım idi. Qətiyyətlə pisləyirik”.

Bu sözləri resmixeber.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Kamran Bayramov bayrağımızın İrəvanda yandırılması ilə bağlı danışarkən deyib. O qeyd edib ki, belə hallar idman, təhlükəsizlik və siyasət mədəniyyətinə uyğun gəlmir:

“Bu Ermənistanın nifrətinin növbəti təzahürüdür. Beynəlxalq idman təşkilatının çətiri altında keçirilən, ölkənin baş nazirinin iştirak etdiyi bir yarışda bütün təhlükəsizlik tədbirləri görülməli, dövlət atributlarına hörmət məsələsi ortaya qoyulmalı idi. Dəfələrlə Azərbaycanda beynəlxalq idman yarışları keçirilib, bu cür hallar qeydə alınmayıb. Əksinə, bütün iştirakçılara, o cümlədən ermənilərə hörmətlə yanaşılıb, təhlükəsizlik tam təmin olunub. Bu hadisə göstərir ki, Ermənistan bu cür tədbirləri qəbul etmək iqtidarında deyil. Buna elementar mədəniyyəti çatmır.

İdmançılarımızın yarışdan imtina edib, geri dönməsi qərarı tam düzgün qərardır. Açılış mərasimində belə bir hadisə baş verirsə, təhlükəsizlik üçün boşluq varsa, idmançılarımıza hücum edilməyəcəyinə də heç kim zəmanət vermir.

Bununla bərabər, beynəlxalq təşkilatlara müraciət olunmalı, tədbirlərin görülməsi təmin edilməlidir. Ermənistanda bu cür tədbirlərin keçirilməsinə yol verilməməlidir. Gələcəkdə bununla bağlı məsələyə baxılsa, müvafiq sanksiyalar da tətbiq oluna bilər. Ermənistanda tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulması, erməni idmançıların digər tədbirlərə buraxılmaması və s. addımlar atılmalıdır. Ermənistan idmana siyasəti, öz nifrətini qatır. Aidiyyəti qurumlar, beynəlxalq təşkilatlar bundan nəticə çıxaracaqlar”.

Qeyd edək ki, 14 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində ölkəmizin bayrağı yandırılıb. Hücumdan sonra Azərbaycan yarışlarda iştirakdan imtina edib. Artıq idmançılarımız Vətənə qayıdırlar.

Aysel Aslan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir