“Coğrafi, geosiyasi və strateji mövqeyinə görə xarici və daxili siyasətində sabitlik yaradan Türkiyə uğurlu diplomatiyası, hava, quru və dəniz donanmasındakı fəaliyyətləri ilə regionun ən güclü dövlətinə çevrilib”.
Bunu “resmixeber.az”un Ankara bürosuna Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Yeditepe Universitetinin professoru, aviasiya üzrə mütəxəssis Mesut Hakkı Çaşın Türkiyənin son illərdəki fəaliyyətini dəyərləndirərkən deyib.O bildirib ki, bütün bunların arxasında güclü lider iradəsi dayanır:
“100-cü ilinə güclü bir dövlət olaraq daxil olan Türkiyənin inkişaf etdirilməsində ölkə başçısının rolu inkaredilməzdir. Türkiyənin, xüsusilə regionda meydana gələn İraq, Liviya, Suriya savaşları və Rusiya-Ukrayna müharibələrindən aldığı dərslər müdafiə sənayesində ölkəmizə çox böyük uğurlar qazandırdı. Keçən il 28 ölkəyə satmış olduğu silahlı pilotsuz uçuş aparatları ilə (SİHA) Türkiyə dünyada birinci oldu. Yaxın gələcəkdə yerli, milli döyüş təyyarələrimiz sahəyə buraxılacaq. Bununla da ölkəmiz başda “F-16” təyyarələri olmaqla ABŞ-dan asılılıqdan xilas olacaq. Bu yaxınlarda ilk müşahidə peykimiz səmaya, ilk aviadaşıyıcı “TCG Anadolu” desant gəmimiz suya buraxılıb. Türkiyə Hərbi Dəniz Donanmasında Qara, Aralıq və Egey dənizlərində mavi vətənimizi qoruyacaq çox önəmli bir güc qazanılıb. Hərbi dəniz qüvvələrinin uğurları Türkiyəni Yunanıstanın Şimali Kipr Türk Cümhuriyyətinə qarşı ola biləcək müdaxiləsinə qarşı hazır vəziyyətə gətirib”.Professor əlavə edib ki, infrastruktur, limanlar, hava limanları, fabriklərin açılması ilə yanaşı, dəmir yolları müasirləşdirilib, yeni sürət qatarları fəaliyyətə başlayıb:
“Bütün bunlarda güclü lider Ərdoğanın rolu danılmazdır. Türkiyə beynəlxalq sistemdə aktiv və müstəqil xarici siyasət həyata keçirib. Türkiyə SSRİ-nin dağılmasından sonra başda Azərbaycan olmaqla, Orta Asiya türk respublikalarına, eləcə də Bosniya, Kosovo, Somali və Əlcəzair kimi münaqişə bölgələrinə də sülh və sabitliyi gətirib. Əfqanıstanda beynəlxalq terror və “Taliban”a qarşı mübarizəni NATO ilə birlikdə aparıb. BMT tərəfindən legitim olaraq tanınan Liviya Milli Keçid Hökumətini dəstəkləyib, ölkədə qırğınların qarşısının alınmasında böyük rol oynayıb. Qətər ilə münasibətləri inkişaf etdirib, İsrail ilə əlaqələri təkrar normallaşma prosesinə qayıdıb, İranın nüvə silahı əldə etməsi cəhdlərinə qarşı narahatlığını ifadə edib”.Mesut Hakkı Çaşının fikrincə, Türkiyə dünyadakı böyük güclərlə balans siyasətini də qoruyub və ABŞ, Rusiya, Çin ilə əlaqələrini, əsasən, ticarətin inkişafı istiqamətində qurub.
Türkiyənin Rusiya və Ukrayna arasında önəmli vasitəçi rol oynadığını xatırladan mütəxəssis bununla Qara dənizdə sabitliyin təmin edildiyini də bildirib:
“Montrö Konvensiyasına əsasən, Türkiyə Qara dənizlə Aralıq dənizini birləşdirən Bosfor və Dardanel boğazları üzərində hüququndan istifadə edərək Rusiya-NATO müharibəsinin qarşısını alıb. Bu addım dünyada sülhün bərpası üçün olduqca önəmlidir”.
www.RESMIXEBER.az