Azərbaycanla Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələrimizin bu əlaqələri əsl regional əməkdaşlıq nümunəsidir. İki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Belə ki, bu gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfər etməsi bunu deməyə əsas verir. Bu səfər 2021-ci il fevralın 22-də Gürcüstanın ikinci dəfə baş naziri olandan sonra İ.Qaribaşvilinin ölkəmizə sayca üçüncü səfəri olacaq. Bundan əvvəl o, 2021-ci il mayın 5-də Azərbaycana rəsmi səfər və 2021-ci il sentyabrın 29-da işgüzar səfər etmişdi.
Budəfəki səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
İkitərəfli münasibətlərin gündəliyindəki aktual məsələlərin müzakirəsi məqsədilə Gürcüstan baş nazirinin Azərbaycan Prezidenti ilə görüşü nəzərdə tutulub.
İki ölkənin münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxmasında Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərləri mühüm rol oynayıb. Azərbaycan Prezidenti 2022-ci il oktyabrın 24-də Gürcüstana işgüzar səfəri zamanı Mçxeta rayonundakı Muxrani sarayında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşüb, onunla birgə “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olub. Sərgi ilə tanışlıqdan sonra mətbuata bəyanatla çıxış edən dövlətimizin başçısı bildirmişdi: “Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz, demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır.
Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır”.
Baş nazir İ.Qaribaşvili isə öz növbəsində mətbuata bəyanatında Gürcüstan-Azərbaycan əməkdaşlığının gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulamışdı:
“Mən Sizin atanızdan, ölkənizin ümummilli liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi ki, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıblar və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”.
Son dövrlər Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili beynəlxalq tədbirlərdə də birgə iştirak edirlər. Buna misal olaraq cari il yanvarın 19-da Davos Dünya İqtisadi Forumunda “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclası və fevralın 18-də Münhen Təhlükəsizlik Konfransında “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclası göstərmək olar.Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyub.
Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Keçən il bu münasibətlərin 30-cu ildönümü qeyd olunub. Ötən illər ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.
Ümummilli lider Heydər Əliyevin və prezident Eduard Şevardnadzenin dostluq münasibətləri dövlətlərarası əlaqələrimizi inkişaf etdirməyə əhəmiyyətli dərəcədə təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutub, indiyədək 118-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın ölkəmizdə, 1996-cı ildə isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın Baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın Baş konsulluğu açılıb. Gürcüstanın dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər ediblər. 2022-ci ildə də ölkələrimiz arasında intensiv yüksək səfərlər təşkil olunub.
Azərbaycan və Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi mövcuddur. BMT Baş Assambleyasının 2020-ci il sentyabrın 3-də, 2021-ci il iyunun 17-də və 2022-ci iyunun 8-də keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı eyni məsələ ilə bağlı daha əvvəlki səsvermələrdə olduğu kimi, Azərbaycan sözügedən sənədin lehinə səs verib.
Azərbaycan və Gürcüstan arasında iqtisadi sahədə də münasibətlər yüksək səviyyədədir. 2004-cü ildən etibarən fəaliyyət göstərən İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın mütəmadi olaraq iclasları keçirilir və sonuncu, 9-cu iclası ötən il dekabrın 15-də Tbilisidə keçirilib. Bu məqsədlə Azərbaycanın Baş naziri Əli Əsədov 2022-ci il dekabrın 14-15-də Gürcüstana işgüzar səfər edib.
Qeyd edək ki, 2022-ci ildə Gürcüstan Azərbaycanın 13-cü xarici ticarət tərəfdaşı olub. Həmin ildə iki ölkə arasında ticarət dövriyyəsi 772 milyon ABŞ dolları təşkil edib. Cari ilin yanvar-fevral aylarında ikitərəfli ticarət dövriyyəsi 172 milyon dollar olub. Ölkəmizdə Gürcüstan investisiyalı 750 kommersiya qurumu qeydiyyatdadır. Ümumiyyətlə, Azərbaycan Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir. Belə ki, Gürcüstandan Azərbaycana 263 milyon dollar, Azərbaycandan bu ölkəyə isə 3,4 milyard dollar məbləğində investisiya edilib.
Hər iki ölkənin tarixi İpək yolu üzərində yerləşməsi və birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və sair) reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir.
Bu xüsusda yeni bir inkişaf kimi, 2022-ci il dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i qeyd etməliyik. Bu saziş yeni dünya düzəninin formalaşdığı bir mərhələdə Avropanın iqtisadi və enerji təhlükəsizliyinin təmin edilməsi prosesi ilə bağlı zəncirin ən vacib halqalarından biridir. Mühüm əhəmiyyətə malik bu sənəd hər iki ölkənin yalnız regionda deyil, həmçinin Avropa ölkələri ilə münasibətlərində etibarlı tərəfdaş olmasının daha bir sübutudur.Humanitar sahədə əməkdaşlığa gəldikdə, Azərbaycan tərəfindən Gürcüstanda yaşayan soydaşlarımıza edilən dəstək, bu baxımdan Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi vurğulanmalıdır. Gürcüstanda Fond tərəfindən bir çox layihələr həyata keçirilib. Heydər Əliyev Fondu, həmçinin gürcüstanlı soydaşlarımızın durumu ilə daim maraqlanır, burada təhsilin inkişafı, milli adət-ənənələrimizin qorunub-saxlanılmasında borçalılara böyük dəstək olur. Xüsusən məktəblərin yenidən qurulmasında Heydər Əliyev Fondunun rolu böyükdür. Fondun təşəbbüsü ilə Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə hər tədris ili ərəfəsində yeni məktəb binalarının istifadəyə verilməsi, yaxud köhnələrinin əsaslı bərpa olunması artıq ənənəyə çevrilib. Tbilisi şəhərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin – Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən qurulub və xiyaban yaradılıb. Marneuli rayonunun Algeti (Gorarxı) kənd inzibati dairəsində yerləşən üç kəndə içməli su xətti çəkilib, Algeti kəndində XVI əsrə aid qədim məscid bərpa olunub.
Tbilisidə ümummilli lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə vardır. Dost ölkədə azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” uşaq teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyət göstərir. Bu muzey M.F.Axundzadənin, C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeylərini özündə birləşdirir.
Prezident İlham Əliyev 2015-ci il noyabrın 6-da Gürcüstana səfəri çərçivəsində burada yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşündə soydaşlarımızın iki ölkə arasında əlaqələrin inkişafındakı rolundan danışıb, xalqlarımızın əmin-amanlıq şəraitində yaşamasını əldə edilən uğur kimi dəyərləndirib:
“Mən əminəm ki, sizin Gürcüstanda fəaliyyətiniz də Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayacaq. Çünki Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bizim əməkdaşlığımızı daha da möhkəmləndirirlər. Həm Gürcüstan, həm Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrimizdə bütün xalqlar sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayırlar və bu, bizim böyük uğurumuzdur, böyük nailiyyətimizdir”.
“resmixeber.az” İnformasiya Agentliyi
www.RESMIXEBER.az