Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları 2023-cü ilin yanvar və fevral ayları ərzində ölkə ərazisində bioloji aktiv qida məhsullarının dövriyyəsini həyata keçirən 96 aptekdə yoxlama aparıblar.
Bu barədə resmixeber.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Məlumatda qeyd edilib ki, 93-ü planlı, 3-ü isə plandankənar həyata keçirilən yoxlamalar zamanı 27 aptekin nəticəsi qənaətbəxş olub. 69 aptekdə isə uyğunsuzluq aşkar edilib. Bunlardan 60 aptekdə sanitar norma və qaydalara əməl olunmadığı, yeddi aptekdə saxlanma müddəti bitmiş bioloji aktiv qida məhsulunun satıldığı, iki aptekdə isə bu məhsulun etiket məlumatlarının tələblərə cavab vermədiyi müəyyən edilib. Həmin apteklərin vəzifəli şəxsləri barəsində agentlik tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb. Uyğunsuzluq aşkarlanan iki aptekdə bioloji aktiv qida məhsulunun satışının dayandırılması, yeddi aptekdə isə məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul olunub.
Həmçinin 06.12.2022-ci il tarixindən etibarən AQTA əməkdaşları tərəfindən qida təhlükəsizliyi sertifikatı və üzərində Azərbaycan dilində markalanması olmayan bioloji aktiv qida məhsullarının satışı ilə bağlı 327 aptekdə monitorinq həyata keçirilib. Monitorinqin nəticəsinə əsasən, 13 aptekdə qida təhlükəsizliyi sertifikatı, doqquz aptekdə isə üzərində Azərbaycan dilində markalanması olmayan bioloji aktiv qida məhsulları aşkar edilib. Həmin məhsullar satışdan kənarlaşdırılıb, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
AQTA monitorinq zamanı uyğunsuzluq aşkarlanan bir neçə aptek barəsində məlumatları dərc edib:
www.RESMIXEBER.az