Qaradağ rayon Lökbatan qəsəbə sakini Natavan Alxasova yerli icra hakimiyyəti orqanında qəbulda olarkən icra başçısı tərəfindən kobud qarşılandığını və təhqir edildiyini iddia edib. Vətəndaşın sözlərinə görə, o, dəfələrlə yol probleminə görə icra başçısının qəbulunda olub.
Qaradağ Rayon İcra Hakimiyyəti N.Alxasovanın qurumun rəhbəri Süleyman Mikayılov tərəfindən təhqir edildiyinə dair iddialarına cavab verib.
İcra hakimiyyətindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Natəvan Böyükağa qızı Alxasova 24.08.2022 və 19.10.2022-ci il tarixlərində rayon icra hakimiyyəti başçısının qəbulunda olub:
“Qəbul zamanı onun qeyd etdiyi məsələnin həlli ilə bağlı “Azərsu” ASC-nin Qaradağ Rayon Sukanal İdarəsinə bildirilib və yolun təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət etməsi tövsiyə olunub. Keçirilən qəbullarda rayon icra hakimiyyəti başçısı və ya digər məmurlarla vətəndaş arasında heç bir polemika və mübahisə olmayıb. Onun səsləndirdiyi “vətəndaşın qəbul edilməməsi və təhqir olunması” ilə bağlı iddialar reallığı əks etdirmir və böhtandır”.
Natavan Alxasova yağış sularının yaşadığı küçəyə və evlərə dolduğunu əks etdirən videogörüntülərin bu il martın 31-i tarixində çəkildiyini iddia etsə də, Qaradağ Rayon İcra Hakimiyyətindən videonun köhnə olduğu deyilib:
“Araşdırma zamanı müəyyən edilib ki, sözügedən videokadrlar 2020-ci ildə çəkilib. Həmin ünvanda görülmüş tədbirlərdən sonra yağan yağışlar zamanı su yığılması faktı müşahidə olunmayıb”.
Qeyd edək ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində yaşayan sakin N.Alxasova yaşadığı ərazidə yol probleminin olduğunu, yağış sularının yaşadığı evin qarşısına toplandığını və aidiyyəti qurumların məsələyə laqeyd yanaşmaqla yanaşı, onu təhqir etdiklərini iddia etmişdi.
Könül Cəfərli
www.RESMIXEBER.az