Neftin dünya bazar qiymətlərinin Azərbaycana təsiri olacaqmı?

Dünya


Pərviz Heydərov yazır…

OPEC+ -ə daxil olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və digər ölkələrin hasilatın əlavə olaraq azaldılması haqqında qərarı bu ölkələrin neftin dünya bazar qiymətlərinin hədsiz enişində maraqlı olmadıqlarını bir daha üzə çıxartdı. Çünki, ortada heç də kəskin eniş yox idi. Qiymətlər sadəcə olaraq, 80 ABŞ dollarının altında qalxıb düşürdü. Ancaq görünür, sözügedən ölkələrin bazarda qiymətlərin yaxında daha da aşağı düşməsi ilə bağlı məlumatları var imiş.

Yeri gəlmişkən, OPEC+ ölkələri 2016-cı ildən bu günə qədər qiymətləri yaxşı tənzimləyir. Qeyd olunan ildən sonra ABŞ neft üzrə dünya bazar qiymətlərinə istədiyi kimi təsir göstərə bilmir. Başqa sözlə, ABŞ-nin bu sahədə dünya bazarlarında əvvəlkitək “at oynatmağa” gücü çatmır. Bu isə qiymətləri sabit saxlamağa imkan yaradır. OPEC+ ölkələrinin sonuncu qərarı da əslində, qurumun keçən ilin oktyabr ayında qəbul etdiyi qərardakı kvotaya əlavə sayılır.

Xatırladım ki, adıçəkilən qurum ölkələri 2020-ci ilin mayında pandemiya ilə əlaqədar neftə tələbatın kəskin enməsini əsas götürərək hasilatı sutkada 9,7 milyon barel azaltmaq barədə qərar qəbul etmişdilər. Bu qərar dünya iqtisadiyyatının çox dadına çatdı. Yoxsa, pandemiya ilə əlaqədar qlobal iqtisadi sistemin onurğa sütunu az qala qırılacaqdı. 2020-ci ilin aprelində neftin qiyməti 20 ABŞ dollarınadək enmişdi.

Həmin vaxtdan sonra keçən ilin avqust ayında təşkilat üzvləri hasilatı cüzi olaraq, yəni 400 min barel həcmində artırmaq haqda qərar qəbul etdilər. Lakin çox keçmədi, yuxarıda qeyd etdiyim kimi oktyabrda qəbul edilən qərarla noyabrdan hasilatı yenə gündəlik olaraq 2 milyon barel azaltmaq barədə razılığa gəlindi.

Sonuncu qərara əsasən isə, Səudiyyə Ərəbistanının maydan başlayaraq gündəlik hasilatı 500 min barel, Birləşmiş Ərəb Əmirliklərinin 144 min barel, İraqın 211 min barel, Küveytin 128 min barel, Omanın 40 min barel, Qazaxıstanın isə 78 min barel azaldacaqları 2022-ci ilin oktyabrında qəbul edilən kvotaya əlavə sayılır.

Belə ki, may ayından etibarən həyata keçiriləcək bu əlavə azaldılma 2023-ci ilin sonunadək davam etdiriləcək. Bu isə onu deməyə əsas verir ki, ilin sonunadək qlobal iqtisadiyyat üzrə xam neftə tələbat az təşkil edəcək. Demək, dünya üzrə ümumi iqtisadi artım aşağı səviyyədə təşəkkül tapacaq. Bunun da bəlli səbəbləri var.

Bəs, OPEC+ ölkələrinin qərarı bizim üçün nə dərəcədə əhəmiyyətlidir? Ölkəmiz üçün neft hansı qiymətdə olsa sərfəli sayılır və o, hansı həddə stabilləşsə məqsədəuyğundur?

2023-cü ilin dövlət büdcəsinin 53% hissəsini neft-qaz sektoruna aid gəlirlər təşkil edəcək. Belə ki, büdcənin ÜDM-in 29%-ini təşkil edəcək 30 milyard 720 milyon 700 min manat mədaxilinin 16 milyard 297 milyon manatını, yəni 53% hissəsini neft-qazdan, yerdə qalan 14 milyard 423 milyon 700 min manatını – 47% hissəsini isə qeyri-neft-qaz sektorundan daxilolmalar təmin edəcək.

Neft-qaz sektorundan daxilolmaların 11 milyard 280 milyon manatını – 69,2%-ni Dövlət Neft Fondundan transfert, 5 milyard 17 milyon manatını – 30,8%-ni isə vergi orqanları tərəfindən sözügedən sektorda çalışan şirkətlərin öhdəliklərindən əldə olunacaq mədaxil təşkil edəcək.

Göründüyü kimi, dövlət gəlirlərimizin neft və qazdan asılılığı davam edir. Və bu, uzun müddət belə olacaq. Ümumiyyətlə, neftin dünya bazar qiymətləri bizim üçün əsas və təsiredici faktor rolunda çıxış edir ki, hər il ərzində gəlir və xərclərimiz məhz bunun əsasında təşəkkül tapır. Təsadüfi deyil, hər dəfə növbəti il üçün təqdim edilən dövlət büdcəsi layihəsində ümumi gəlir məbləği yazılmamışdan öncə, beynəlxalq bazarlarda neftin 1 barelinin orta illik ixrac qiymətinə dair proqnoz əsas götürülür.

Bu ilin dövlət büdcəsində xam neftin 1 barelinin orta illik ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürülüb.

Odur ki, bu ilin dövlət büdcəsinə dair əsas suallardan biri neftin proqnozlaşdırılan qiymətinin nə dərəcədə əsaslı olub-olmadığı barədədir. Hesab edirəm bəli, – kifayət qədər əsaslıdır. O mənada ki, 2023-ci ildə neftin 1 barelinin orta illik ixrac qiymətinin qeyd olunan səviyyədə götürülməsi düzgün qərardır.

Yeri gəlmişkən, neftin orta illik ixrac qiyməti keçən ilin dövlət büdcəsində də 50 ABŞ dolları səviyyəsində götürülmüşdü. Lakin iyunda büdcə proqnozlarının dürüstləşdirilməsi zamanı bu, 85 dollara qaldırıldı.

Bu, çox ciddi və riskli addım idi.

Ümumiyyətlə, dövlət büdcəsinin neft-qaz sektorundan asılılığının azalması gedişatına və tendensiyasına uyğun olaraq neftin orta illik ixrac qiymətinin qarşıdakı 3 il ərzində 50 ABŞ dolları səviyyəsində götürülməsi ən optimal və uyğun variantdır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir