Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əlaqələri möhkəmləndirir: Yeni şərtlər, gələcək perspektivlər – ŞƏRH

Siyasət


Son illər Azərbaycan-Tacikistan əlaqələri artan xətlə inkişaf etməkdədir. Dövlətlərarası əlaqələrin inkişafında hər iki ölkənin liderlərinin böyük rolu var. Bu isə Azərbaycanın ali rəhbərliyinin xarici siyasətə göstərdiyi diqqətin nəticəsidir. Prezident İlham Əliyev həm ölkə daxilində, həm də ölkə xaricində balanslaşdırılmış siyasət yürüdür. Məhz buna görə də son illərə nəzər yetirsək görərik ki, Azərbaycanın beynəlxalq arenada dostluq etdiyi ölkələrin sayı durmadan artır. Ölkəmizin tərəfdaşlarının artması isə dövlətimiz adına yalnız uğur gətirə bilər. Məhz Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan özünə xeyli dost və qardaş ölkə qazana bilib.

Bununla yanaşı, son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər ölkələri birgə əməkdaşlığa səsləyir. Zamanın bu tələbinə əməl edən ölkələr isə geniş əməkdaşlığa üstünlük verirlər. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər bunun bariz nümunəsidir. Son dövrlər Prezident İlham Əliyevin Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə mütəmadi səfərləri və eləcə də həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir.

Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı deyib:

“Təsadüfi deyil ki, hətta mənim səfərlərimin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar. Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik”.

Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır.

Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Bu gün Orta Dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki bu beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Ən əsası isə odur ki, bu dəhliz coğrafi baxımdan bütün Türk dünyasını birləşdirəcək. Bu dəhlizin açılması ilə vaxtilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi – “Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzi olma mövqeyi möhkəmlənəcək”, – sözləri də həyatda öz əksini tapacaq.

Heç şübhəsiz, bu gün türk dövlətləri arasında münasibətlərin dərinləşməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mühüm rola malikdirlər və prosesə böyük töhfələr verirlər. Məhz Azərbaycan və Türkiyə liderlərinin səyləri və qətiyyəti sayəsində reallaşan Bakı-Tbilisi-Ceyhan boru kəməri 16 ildir Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırır. Onurğa sütununu TANAP-ın təşkil etdiyi Cənub Qaz Dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ötən ay Ankarada Türkdilli Dövlətlər Təşkilatının Dövlət Başçılarının fövqəladə Zirvə görüşünün keçirilməsi dövlətimizin başçısının Türk dünyasının birliyinə verdiyi daha bir töhfə kimi qiymətləndirilməlidir. Çünki bu Zirvə görüşündə qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Türk dövlətlərinin həmrəyliyi, qarşılıqlı yardımı və fövqəladə hallarda birgə hərəkət etmək kimi məsələlər əsas müzakirə mövzusu oldu.

Dövlət başçısına Türk Dünyasının Ali Ordeninin təqdim olunması, həmçinin onun Qazaxıstanın ali ordeni ilə təltif edilməsi türk dövlətləri tərəfindən Azərbaycana və onun rəhbərinə verilən yüksək dəyərin ifadəsidir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir.

“resmixeber.az”un analitik qrupu

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir