Aprel döyüşlərindən 7 il ötür. Azərbaycan Ordusu 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab verərək sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb. Aprel döyüşləri nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunub. Torpaqlarımızın azadlığı, suverenliyi uğrunda canından keçən igidlərimizdən biri də Seymur Baxışovdur.
Seymur Qulamhüseyn oğlu Baxışov 1987-ci il iyulun 12-də Sumqayıt şəhərində anadan olub. Əslən Masallı rayonundan olub. 1994-2002-ci illərdə Sumqayıt şəhərində yerləşən 14 saylı tam orta məktəbdə təhsil alıb. 2002-ci ildə həmin məktəbin 9-cu sinfini əla qiymətlərlə bitirdiyinə görə, Sumqayıt şəhərində yerləşən Təfəkkür liseyinə daxil olub və 11-ci sinfə qədər orada təhsil alıb.
Daha sonra Seymur ən böyuk arzusunu – Xüsusi Təyinatlı Qüvvələrin üzvü olmaq üçün hərbi xidmətə yola düşüb. Altı ay Beyləqan rayonunda xidmət etdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin kursuna qoşulub. Bu çətin kursda 790 nəfər iştirak etsə də, sonda kursu cəmi 12 nəfər uğurla başa vurub. 2006-ci ildən etibarən gizir rütbəsi alıb və XTQ istehkamçısı vəzifəsində xidmətə başlayıb.
2006-cı ildən 2014-cü ilə qədər Yaşmada xidmət edib. Daha sonra isə 2014-cü ildə Şubanıda xidmətini davam etdirib. 2015-ci ildə təlim vaxtı diz bağlarından zədə aldığı üçün MTT taborunun poliqon rəisi vəzifəsinə təyin edilib. 6 ay xidmət edib. Daha sonra 2015-ci ildə yenidən döyüş qrupuna qayıdıb. Döyüş yoldaşları onu Baxış ləqəbi ilə çağırıblar.
Gizir Seymur Baxışov 2016-cı ilin aprel ayının 2-dən 3-ə keçən gecə Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Ağdərə istiqamətində şəhidlik zirvəsinə ucalıb. Aprelin 19-da onun meyiti təmas xəttindən götürülüb. Aprelin 20-də isə Seymur Baxışov doğulduğu Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Seymur Baxışov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. 2017-ci ildə şəhid Seymur Baxışovun yaşadığı binanın qarşısında, xatirə lövhəsinin açılışı olub.
Qeyd edək ki, Seymur Baxışov 2009-cu ildə Aynur xanımla ailə həyatı qurub. Amin adında bir oğlu yadigar qalıb.
resmixeber.az-ın əməkdaşı şəhidin həyat yoldaşı Aynur Baxışova ilə danışıb.
– Aynur xanım, həyat yoldaşınızla bağlı xatirələrinizdən danışmağınızı istərdim.
– O, hərbçi ailəsində dünyaya göz açıb. Atası Qulamhüseyn Baxışov 25 il gizir olaraq xidmət edib. Anası Zemfira Baxışova isə hərbi idarədə dövlət qulluqçusu vəzifəsində çalışıb. Böyük qardaşı Samir də hərbçidir. Seymur 11 il XTQ-də xidmət edib.
O, çox savadlı idi. Riyaziyyatçı olub. Ali məktəbə imtahan verib. Qəbul olub. Lakin pullu bölməyə düşdüyü üçün oxumayıb. Seymur ailəsinə çox bağlı idi. Seymurgil ailədə 3 uşaq olublar. İki qardaş, bir bacı olublar. Evin ən balacası Seymur olub. Şəhid olanda onun 28 yaşı var idi. Seymur hərbiyə də evdən gizlin gedib. Evdə razı olmayıblar. Əsgərlikdə olanda oradan yazılıb və gedib.
– Sonuncu dəfə Seymuru nə zaman gördünüz?
– Mart ayında evə gəldi. Martın 30-da onu yola saldım. Lakin mənə Qubaya təlimə getdiyini dedi. Müharibəyə getdiyini bizə demədi. Sonuncu danışığımız mart ayının 31-də oldu. Hər şeyin yaxşı olduğunu dedi. Daha sonra uşağı soruşdu. Dedi ki, “balama yaxşı bax, gələcəyəm”. Seymuru yola salanda dedim ki, “mənə söz ver ki, mütləq qayıdacaqsan”, o isə – “əlbəttə”, – söylədi. Yoldan mənə mesaj da göndərdi. Biz onda hərbi şəhərcikdə qalırdıq. Müharibənin başlamasını qonşuluqda yaşayan hərbçi ailələrdən xəbər tutdum.
O, ailəsinə bağlı insan idi. Övladını çox sevirdi. Övladımız Aminin 1-ci sinfə getməsini çox həvəslə gözləyirdi. Amma heç birini görmək qismət olmadı.
– Oğlunuz Amin atasını xatırlayırmı?
– Amin atası şəhid olanda 4 yaşı var idi. Hazırda 11 yaşı var. Atasını az da olsa, xatırlayır. Lakin Amin Şəhidlər Xiyabanına getmək istəmir. Düzdür, atası şəhid olanda onun 4 yaşı var idi. Amma çox hadisələr var ki, onları çox gözəl xatırlayır. Amin atasının yoxluğunu qəbul etmir.
– Torpaqların düşmən tapdağından azad olunma xəbərini necə qarşıladınız?
– Bu xəbəri həmişə gözləmişəm. Lakin tezliklə olacağını düşünmürdüm. Düşünürdüm ki, bəlkə də o günü görmək bizə qismət olmaz. Lakin torpaqlarımızın düşmən tapdağından azad olunmasını görmək çox möhtəşəmdir. Sözlə ifadə edə bilmərəm. Seymurun qisası alındı. Ürəyimizə su səpildi.
– Seymurun döyüş yoldaşına vəsiyyət etdiyini dediniz.
– Seymur öz döyüş yoldaşına son vəsiyyətini edib. Deyib ki, “əgər mən bu yoldan qayıtmasam, dediyim sözlərin hər birini ailəmə deyərsiniz. Oğlum Amini vətənə, xalqa layiqli bir övlad kimi yetişdirərsiniz. Mənə görə pis olmasınlar. Əgər qismətim şəhidlik olsa, bilin ki, mən ən uca zirvədə olacağam. O zirvə hər kəsə nəsib olmur”.
Nəzrin Vahid
www.RESMIXEBER.az