Ceyhun Bayramov UNESCO-nun Əddis-Əbəbədəki Ofisinin rəhbəri ilə görüşüb – FOTO

Dünya


Xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən təlimdə iştirak məqsədilə Azərbaycana səfər edən UNESCO-nun Əddis-Əbəbədəki Ofisinin rəhbəri Rita Bissoonauth və Qvineya Respublikası, Konqo, Kot-d’İvuar, Niger, Benin, Toqo, Burkina-Faso, Ekvatorial Qvineya, Cibuti, Qabonun UNESCO üzrə Milli Komissiyalarının baş katibləri ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və Afrika ölkələri arasında çoxtərəfli, o cümlədən UNESCO çərçivəsində əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov, Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyinin əlaqələrin daha da inkişafına töhfə verdiyini bildirərək, Azərbaycanın cari ilin mart ayında Bakıda keçirilən hərəkatın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasına dəstək göstərmək məqsədilə iki fond üzrə qlobal çağırış bəyan etdiyini diqqətə çatdırıb.

Ölkəmizin Birləşmiş Millətlər Təşkilatı (BMT) və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa əhəmiyyət verdiyini bildirən nazir Ceyhun Bayramov bu xüsusda Azərbaycanın donor ölkə qismində təhsil, mədəniyyət, idman və elm sahələrində UNESCO ilə yaxından əməkdaşlıq etdiyini bildirib. Bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi sahəsində Afrika ölkələrinin UNESCO üzrə Milli komissiyalarının baş katibləri üçün keçirilmiş təlim proqramının faydalı olacağına dair inam ifadə olunub.

Azərbaycanın COVID-19 pandemiyası dövründə qlobal təhsil koalisiyasının üzvü kimi dünyanın müxtəlif ölkələrində həyata keçirilən təhsil layihələrinə dəstək verdiyini bildirən nazir Ceyhun Bayramov xüsusilə bir sıra ölkələrdə qızların təhsil almasına yönələn fəaliyyətlərin təşviqinin prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.

Ceyhun Bayramov, həmçinin təlim iştirakçılarını 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, Azərbaycanın postmünaqişə dövründə bölgədə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, Ermənistanla sülh prosesi barədə məlumatlandırıb. Postmünaqişə dövründə Ermənistan tərəfindən sülh prosesinə maneçilik törədən hərbi-siyasi təxribatların törədilməsinə baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində qərarlı olduğu diqqətə çatdırılıb.

UNESCO-nun Əddis-Əbəbədəki Ofisinin rəhbəri Rita Bissoonauth, Afrikanın 10 ölkəsinin UNESCO üzrə Milli komissiyalarının baş katibləri üçün nəzərdə tutulmuş təlim proqramının təşkilinə görə təşəkkür edib. Sözügedən təlim proqramının UNESCO çərçivəsində Azərbaycan və Afrika ölkələri arasında əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacağı diqqətə çatdırılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir