Azərbaycan əhalisi ermənilərlə müqayisədə həmişə ayrı-seçkiliyə məruz qalıb. 1918-ci ildə mart soyqırımı zamanı ovaxtkı ABŞ səfirliyinin göstərişi əsasında Güney Azərbaycanda türklərin silahları kütləvi şəkildə müsadirə olunub. 1988-ci il hadisələrindən sonra Azərbaycanda Moskvanın göstərişi əsasında azərbaycanlılara məxsus ov tüfəngləri belə müsadirə edilib.
Ancaq bunun qarşılığında ermənilərə silah verilib, yaxud onları İranda həmin illərdə Fransa ordusunun əsgərləri, sovet hərbçiləri müdafiə ediblər. Heç şübhəsiz, həmin ordularda ermənilərin də qulluq etdikləri istisna olunmur.
Moskvanın yaratdığı ermənipərəst Arkadi Volskinin Qarabağ Xüsusi Komitəsində çox sayda erməni əməkdaş fəaliyyət göstərib. Xocalı soyqırımını törədən Rusiyanın 366-cı motoatıcı alayının tərkibində də erməni hərbçilər qulluq ediblər. Alay və erməni qanunsuz silahlı dəstələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər bu şəhəri ələ keçiriblər. Odur ki, 613 dinc sakinin qətlində, 1 275 azərbaycanlının girov götürülməsində tərkibində ermənilər olan alayın da əli var. 366-cı alayın Qarabağı 1992-ci il martın 10-da tərk etdiyi bildirildi. Ancaq onlar erməni separatçılara ümumilikdə 96 ədəd zirehli texnika vermişdilər: doqquz ədəd “T-72” tankı, beş ədəd “BTR-70” döyüş maşını, 49 ədəd “BMP-1” piyada döyüş maşını, 28 ədəd “BMP-2” piyada döyüş maşını, beş ədəd “BRM-1k” döyüş texnikası. Alayın tərkibində xidmət edən 22 zabit daxil olmaqla 180 əsgər erməni separatçıların tərəfində döyüşmək üçün Qarabağda qaldı. Onların arasında Ermənistanın gələcək müdafiə naziri Seyran Ohanyan da var idi. Yəni Rusiyanın SSRİ-dənqalma bu hərbi alayı ermənilər üçün hərbi dəstələr yaratdı.
Azərbaycan keçmiş münaqişə ilə bağlı yaradılan bütün beynəlxalq qurumlardan, vasitəçilərdən ərazi bütövlüyü və suverenliyinin təmin olunması baxımından ziyan görüb.
Başqa bir örnək. Artıq 2022-ci ilin dekabrında Avropa Parlamentində aşkarlanan korrupsiya maxinasiyaları ilə bağlı həbslər keçirilmişdi. Parlamentinin sədr müavini, yunanıstanlı Eva Kayli və daha dörd nəfər Brüssel polisi tərəfindən saxlanılmışdılar. Bu dörd nəfər və daha 15 deputat ermənilərə çirkli pullarla rüşvət almaq qarşılığında lobbiçilik edirmişlər. Yeri gəlmişkən, Natali Luazonun koordinatorluğu ilə Avropa Parlamentinin 30-a yaxın deputatı “Qarabağdakı vəziyyət”lə bağlı müzakirələr keçirmək təşəbbüsünü irəli sürübmüş. Onlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Aİ xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissiyanın sədri Jozep Borrelə müraciət ünvanlayıblarmış. Sənədi parlamentdəki “Ermənistanla dostluq qrupu”nun üzvləri imzalayıbmışlar. Sədr müavini Eva Kayli bu qrupun üzvü olub. Bu qrup uzun müddət çirkli pulların yuyulmasında adı keçən erməniəsilli milyarderlər tərəfindən maliyyələşdirilib. Deməli, Avropa Parlamentində Azərbaycan və Türkiyəyə qarşı korrupsiya ilə məşğul olan qrup fəaliyyət göstərib. Onları çirkli pullarla maliyyələşdirənlərdən biri də Azərbaycanın Qarabağ bölgəsinin qızıl mədənlərini talamış Vartan Sirmakes imiş. O, deputatların “dost”larından olub. Sirmakes İsveçrədə saat şirkəti olan “Franck Muller Group”un baş direktorudur.
Odur ki, Avropa İttifaqının yaratdığı qurumların obyektivliyi şübhəlidir. Ötən ilin sonunda Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədyanı bölgəsində mülki monitorinq missiyası yaradıb. Rəsmi Bakı missiyanın bir çox səbəblərdən obyektiv fəaliyyət göstərəcəyinə şübhə ilə yanaşdığını əvvəlcədən bildirmişdi. Məsələn, onun say tərkibinin artırılması, təchiz olunduğu texnika, müşahidəçilərin ixtisasları və s. şübhə yaradan faktlardan idi. Ancaq Fransanın təşəbbüsü ilə bu qurum yaradıldı və fəaliyyət göstərir.
Monitorinq missiyasının tərkibində İsveç parlamentinin deputatı erməniəsilli Arin Karapet də var. Aİ-nin Ermənistandakı bu missiyası öz tərkibinə birliyə üzv olmayan üç dövlətin nümayəndələrini daxil edə bilər. Bu isə ittifaqın missiyasının tərkibinin ermənipərəstlərdən ibarət olacağı ehtimalını artırır. O halda Azərbaycanla sərhədyanı bölgəyə Ermənistanın beynəlxalq missiya adı altında əlavə qüvvələr yerləşdirdiyi qənaətinə gəlmək olar. Avropa İttifaqının qurumlarından birində baş vermiş korrupsiya qalmaqalı missiyanın da obyektiv fəaliyyət göstərəcəyinə şübhələri artırır. Deməli, tərkibində erməniəsillilərin olması, Avroparlamentdə korrupsiya qalmaqalı kimi məlum faktlar missiyanın əldə etdiyi nəticələrin də indidən etibarsız sayılmasına əsas verir. Odur ki, bu mülki müşahidə missiyasını ölü doğulan döl saymaq olar. Belə bir qurumun şərti sərhəddə yerləşdirilməsi Azərbaycanın təhlükəsizliyinin təhdid edilməsidir. Bundan başqa, onların da 366-cı alayın addımlarını təkrarlamayacaqlarına təminat yoxdur.
“resmixeber.az” İnformasiya Agentliyi
www.RESMIXEBER.az