Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 30-u səhərdən aprelin 1-i axşamadək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 30-da axşam, martın 31-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35 m/s-dək güclənəcəyi gözlənilir. Martın 30-u axşamdan aprelin 1-i gündüzədək fasilələrlə yağıntılı olacağı gözlənilir.
Bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında martın 30-u səhər şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi gözlənilir.
Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı sulu qar, qar yağacağı gözlənilir.
Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq. Axşama doğru isə tədricən kəsiləcək.
Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, bəzi yerlərdə arabir 35 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
www.RESMIXEBER.az