İlk baxışda kiçik görünən böyük problem: Jurnalistin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə

Cəmiyyət


Rövşən Əsədov yazır…

Nədənsə hər dəfə bu mövzu həmkarlarımızdan hansınınsa başına bir iş gələndə yada düşür. Vaxtaşırı yazırıq, çəkirik, müzakirə edirik, gündəmdə saxlayırıq, hərə bir söz deyir, sonra yaddan çıxır, problem isə həll edilmir. Çox da böyük bir problem deyil, amma bu ilk baxışda kiçik görünən problemin səsi-küyü dünyanın lap o biri tayından gəlir. 

Bu günlərdə həmkarlarımızdan biri də bu məsələyə toxunub. Dənizkənarı Milli Park ərazisində çəkiliş etmək istəyərkən onun çəkilişinə mane olublar. Elə bu vəziyyət Bakımızın lap mərkəzində – Nizami küçəsində də, digər parklarında və ərazilərində də hökm sürməkdədir. Strateji məkan deyil, qoruq ərazisi deyil, hansısa dövlət qurumunun inzibati binası deyil, amma çəkilişə imkan verilmir, yalnız icazə əsasında çəkilişə şərait yaradılır. 

Əgər gün ərzində yüzlərlə, bəlkə də minlərlə paytaxt sakini, onlarla turist telefonları vasitəsilə rahat çəkiliş edib, o çəkilişləri müəyyən sosial şəbəkələrdə rahat paylaşa bilirsə, o zaman niyə jurnalistlər çəkiliş edərkən belə narahatlıq yaşanır? Bəyəm jurnalistlər cinayətkar, təxribatçı və ya satqındırlar? Bəlkə çəkdikləri görüntüləri xarici xüsusi xidmət orqanlarına satacaqlar? Əgər satmaq fikrinə düşsələr, bunu telefonla çəkə bilməyəcəklər, ya necə?  Bu absurd qadağaya heç bir məntiqi don geyindirə bilmirəm ki, bilmirəm. 

Həmkarımız Dənizkənarı Milli Park İdarəsinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Sözçü açıqlamasında qurumun nizamnaməsinə istinad edib. Etmədim tənbəllik, tapdım o nizamnaməni. Milli Park İdarəsinin nizamnaməsinin hüquq və vəzifələri maddəsində (3-cü maddə) isə belə deyilir: 

–  3.2.7. Qurumun Milli Park ərazisində yerləşən təbiət və tarix-mədəniyyət komplekslərinin, xüsusi əhəmiyyətli obyektlərin tədqiqinə və təbliğinə (reklam yerləşdirilməsi, audiovizual çəkilişlərin aparılması və s.) razılıq vermək hüququ var. 

Əgər həmkarımız qeyd edilən maddədə göstərildiyi kimi, təbiət və tarix-mədəniyyət komplekslərinin, xüsusi əhəmiyyətli obyektlərin təbliği ilə bağlı süjet, material, videoreportaj hazırlamırsa, o zaman qurumdan niyə icazə almalıdır? Yaxud qurum niyə onlardan icazə alınmasını təzyiqedici formada tələb etməlidir? Hətta bəzən ərazidəki mühafizəçilər həmkarlarımızın çəkilişinə mane olmaq üçün əl-qolla danışmaqdan belə çəkinmirlər. Əgər onların hüquqları qanunla tənzimlənirsə, o zaman “Media haqqında” qanunun 6.2 bəndini xatırlatmaq da lap yerinə düşərdi. Sözügedən maddədə deyilir: 

6.2. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir.

Əgər jurnalist özünü, iş yerini və xidməti vəsiqəsini təqdim edirsə, hazırladığı reportaj isə qurumun nizamnaməsində göstərildiyi formada deyilsə, o zaman bu qanunsuz müdaxilə hesab edilmirmi? 

Hüquqşünaslar da bunu jurnalistlərin peşə fəaliyyətinin pozulması aktı kimi qiymətləndirirlər. Bildirirlər ki, jurnalistlər məsələ ilə bağlı məhkəməyə müraciət edə, hüquqlarını, hətta dəymiş maddi və mənəvi ziyana görə kompensasiya tələb edə bilərlər. 

Götürək elə bu hadisəni. Hesab edək ki, jurnalist qurumu məhkəməyə verdi. Yerli instansiyada (fərz edək ki) pozulmuş hüquqlarını bərpa edə bilmədi, verdi Ali Məhkəməyə (fərz edək ki) orada da istəyinə nail ola bilmədi. Məsələ çıxdı Avropa Məhkəməsinə. Onsuz da bu günlərdə ölkəmizə təzyiq etmək üçün müxtəlif bəhanələr axtaran Avropa da bunu əlində bayraq etdi, məsələ hədəqəsindən çıxdı və bununla da ölkədə söz azadlığının boğulması ilə bağlı müxtəlif instansiyalarda fikirlər səsləndi, Avropa Məhkəməsi müəyyən məbləğ cərimə kəsdi və adi bir məsələ dövlətimizi böyük bir riskə sürüklədi. Kimdir bəs bunlara cavabdeh? Kim bunun qarşısını almalıdır? 

Hər kəsin bir qurumu var, bizim də Medianın İnkişafı Agentliyimiz (MEDİA) var. Qurumun nizamnaməsinin 2.0.1 bəndində qeyd edilir ki, Agentliyin fəaliyyət istiqamətlərindən biri müvafiq sahənin inkişafını təmin etməkdir. Digər 2.0.3 – cü bənddə isə bildirilir ki, Agentlik müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etməlidir. 

Əvvəllər vəziyyət bir az fərqli idi, sanki bir az müdafiəsiz kimi idik. Çünki bu sahədə xeyli boşluqlar var idi. Sadəcə olaraq Mətbuat Şurası fəaliyyət göstərirdi. O isə qeyri-hökumət təşkilatı – ictimai birlik olduğu üçün o qədər də təsir gücünə malik deyildi.  Şuranın isə nizamnaməsinin müvafiq maddəsində qeyd edilir ki, təşkilatın fəaliyyətinin məqsədi jurnalistlərin peşə funksiyalarını müstəqil surətdə həyata keçirməsi barədə qanunun tələblərini təmin etməkdir: 

– 2.2.1. Jurnalistlərin fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsinə yardımçı olmaq, eləcə də onların peşə funksiyalarını müstəqil surətdə həyata keçirmək barədə qanunun tələblərinin təmin edilməsinə nail olunmaq.

Buradan da görünür ki, bir dövlət qurumu və bir qeyri-hökumət təşkilatının nizamnaməsi həmkarlarımızın – jurnalistlərin hüquqlarının qorunması, eyni zamanda qarşılaşdığımız bu problemin həlli üçün aidiyyəti qurumlarla əməkdaşlıq etməyə imkan verir. 

Sadəcə qalır hərəkətə keçmək və nizamnamələrin tələblərini yerinə yetirmək…

Xatırladım ki, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edənlərin 600 manatadək cərimələnməsinə dair İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik layihəsi Milli Məclisin bu ilin mart ayının 7-də keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb və layihə qəbul olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir