“Məlumdur ki, zəfərimizin əldə olunmasında ölkəmizdə mövcud olan tolerantlığın, multikultural dəyərlərin, xüsusilə milli və dini həmrəyliyin xüsusi rolu olub. Bu gün də ölkəmizin din siyasətindən irəli gələrək bizim qarşımızda duran başlıca vəzifə mövcud olan bu dəyərimizi, milli sərvətimizi qorumaq, möhkəmləndirmək, gücləndirmək və yeni nəslə ötürməkdir”.
Bunu Qubada jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
Onun sözlərinə görə, dünyada gedən proseslər və mənəvi sahədə olan böhranın getdikcə dərinləşməsi bir daha onu göstərir ki, Azərbaycan dünya üçün əhəmiyyət kəsb edən, dünyada sülhü təbliğ edən bir platforma, strategiya, model yaradıb.
Dövlət Komitəsinin rəsmisi deyib ki, bunun yaranmasında Azərbaycanda mövcud olan bütün dini konfessiyalar, icmalar fəallıq göstərib, xüsusi rol oynayıblar:
“Bugünkü səfərdə də yəhudi, xristian, islam icmasının nümayəndələri erməni separatçılarına, onların havadarlarına bir daha çağırışlar edərək onları sülhə dəvət etdilər. Artıq düşmənçiliyə son qoymağın zamanı çatdığını, birgəyaşayışın, birlikdə çalışmağın vaxtı olduğunu bir daha elan etdilər. Onlar Qarabağda yaşayan ermənilərə müraciət ediblər. Müraciətdə burada xoşbəxt yaşadıqlarını bildirərək erməniləri də Azərbaycanda bu cür xoşbəxt yaşamağa dəvət ediblər”.
Səyavuş Heydərov bildirib ki, Azərbaycan dünya üçün sülh təbliğ edən gözəl məkana çevrilib:
“Biz hamılıqla fəxr edir, qürur duyuruq ki, belə bir ölkədə yaşayırıq. Bu günlərdə tolerantlıq, multikulturalizm ənənələri, birgəyaşayış bizim həyatımızın ayrılmaz hissəsidir”.
www.RESMIXEBER.az