Ötən gün mətbuatda Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun işində Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun şahid qismində tanınması ilə bağlı məlumat yayılıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti Zakir Fərəcovun da adının hallandığı məsələyə münasibət bildirib.
İcra Hakimiyyətindən resmixeber.az-a verilən məlumata görə, yayılmış məlumat həqiqəti əks etdirmir:
“Bu işdə şəhər icra hakimiyyətinin başçısı deyil, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşı şahid qismində tanınıb”.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynalov (Zeynallı) və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Prosesdə bildirilib ki, cinayət işinin təqsirləndirilən şəxs Elnur Şükürovla bağlı hissəsində Bakının Sabunçu rayon icra başçısı Adil Vəliyev, Suraxanı rayon icra başçısı Əziz Əzizov və Sumqayıt şəhər icra başçısı Zakir Fərəcov şahid qismində tanınıb. Təqsirləndirilən şəxsin qeyd olunan icra başçılarını rüşvət verməyə təhrik etdiyi iddia olunur.
Könül Cəfərli
www.RESMIXEBER.az