Koronavirusdan sonra yaranan göz xəstəlikləri – Doktor Tural Qəlbinurla MÜSAHİBƏ

Cəmiyyət


“Göz yaşları, kobud desək, qan törəməsidir. Və o, təbii ki, duzludur.  Qan və göz yaşı mayesinin kimyəvi tərkibi oxşardır. Onun tərkibi bədənin vəziyyətindən asılı olaraq dəyişir”.

Bunu oftalmoloq-cərrah, vitreoretinal xəstəliklər üzrə mütəxəssis, tibb üzrə elmlər doktoru Tural Qəlbinur Bizim.Media-ya müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Tural doktor, bu gün hansı göz xəstəlikləri daha çox yayılıb və bunun səbəbləri nədir?

– Oftalmoloqların tez-tez rastlaşdıqları korreksiya olunmamış refraksiya anomaliyalarını və kataraktanı vurğulaya bilərəm. Müasir dövrdə “quru göz” sindromu da yetərincə yayılmış problemdir.

Öz təcrübəmizə əsaslanaraq isə deyə bilərəm ki, Azərbaycanda hazırda şəkərli diabet xəstəliyi pik səviyyəsinə çatıb. Şəkərli diabet isə gözdə diabetik retinopatiya deyilən patologiya yaradır ki, o da öz növbəsində gözün qan damarlarının,  görmə sinirinin geri dönməz zədələnməsinə səbəb olur.

– Qış soyuğundan sonra günəşli hava gözlərimizə necə təsir edir və necə qorumalıyıq?

– Gözlər Günəş şüalarından qorunmalıdır.  Onun spektrində enerjinin bir qismi ultrabənövşəyi radiasiyanın payına düşür ki, bu şüalar gözün içərisinə nüfuz edə, büllura və torlu qişaya çataraq onları zədələyə bilər. Bu isə kataraktaya (linzanın bulanmasına, mirvari suyuna) səbəb ola, həmçinin gözün təbii qocalma prosesini sürətləndirə bilər. Ona görə bu kimi xoşagəlməz hallardan ən asan və effektiv qorunma üsulu keyfiyyətli gün eynəklərindən istifadə etməkdir.

– Koronavirusdan sonra orqanlarda bir sıra qalıcı fəsadlar ortaya çıxdı. Xəstəliyin gözlərə hansı təsirləri oldu?

– Keçirilmiş koronavirus allergik reaksiyaların aktivləşməsinə, xroniki proseslərin, məsələn, qlaukomanın kəskinləşməsinə səbəb ola bilər. Ən ağır hallarda isə görmənin zəifləməsini, görmə sinirinin ödemini, göz əzələlərinin spazmını və torlu qişanın iltihabını müşahidə edə bilərik.

– Gözlər qəlbin aynasıdır deyirlər. Orqanizmdə baş verən hansı neqativ hallar, xəstəliklər gözlərdə əks olunur?

– Görmə orqanımız ən mürəkkəb şəkildə qurulub, bir çox mikrodamarlar, sinir ucları orada yerləşir, müxtəlif maddələrin, məsələn, xolesterin və s. deposu kimi təsəvvür edilə bilər.

Beləliklə, bədəndə baş verən hər hansı bir dəyişiklik, şübhəsiz ki, göz almasının strukturunda dəyişiklik şəklində əks olunacaq.

Məsələn, həzm sisteminin patologiyalarından birində artıq bilirubin meydana gəlir və bu artıq bilirubin bədəndən dərinin, gözün epitelisi və böyrəklər vasitəsilə xaric olur. Beləliklə, dəri və sklera sarımtıl rəng ala bilər. Belə dəyişikliklər olduqda qastroenteroloqla əlaqə saxlamaq və biokimyəvi qan testini aydınlaşdırmaq lazımdır.

Gözdə ən çox görülən dəyişiklik qırmızı göz sindromudur. Çox vaxt görmə orqanında iltihabi proseslər damar reaksiyası ilə müşayiət olunur. Müxtəlif etiologiyalı konyunktivitlər (bakterial, virus, allergik, mexaniki, qarışıq və s.), buynuz qişanın və ya skleranın iltihabı, gözün xoroid qişasının iltihabı, gözə yad cismin daxil olması və s. – bunlardan hər hansı biri oftalmoloqla təcili məsləhətləşməni tələb edir.

– Göz yaşının duzlu olmasının səbəbi nədir və bu duzluluğu yaradan hansı bədən üzvüdür? Göz yaşının bu özəlliyi olmasaydı, nə baş verərdi?

– Göz yaşı gözümüzün buynuz qişasını nəmləndirir və beləliklə, yad cisimlərdən qoruyur. Bundan əlavə, göz yaşının tərkibində çox faydalı lizozim maddəsi var. Bir çox mikrobları öldürə bilər. Biz ağlamadığımız zaman da göz yaşı vəzilərdən daim ifraz olunur. Gözlərimizi yuyur, təmiz saxlayır. Göz yaşı, həqiqətən, duzludur, onun tərkibində bir neçə növ duz var, o cümlədən natrium xlorid – yemək üçün istifadə etdiyimiz xörək duzu. Ümumiyyətlə, göz yaşları, kobud desək, qan törəməsidir. Və o, təbii ki, duzludur.  Qan və göz yaşı mayesinin kimyəvi tərkibi oxşardır. Onun tərkibi bədənin vəziyyətindən asılı olaraq dəyişir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir