Dənizkənarı Milli Park Novruz bayramına aid müxtəlif bəzəklər və kompozisiyalarla bəzədilir.
İdarədən verilən məlumata görə, 18 mart 2023-cü il tarixindən uşaqların istirahətini yüksək səviyyədə təmin etmək məqsədilə Milli Parkın “Köhnə bulvar” (Kukla Teatrının arxası) ərazisində əyləncəli-musiqili proqramlar təşkil olunacaq. Burada uşaqların asudə vaxtının səmərəli keçirilməsi üçün diskoteka, animatorların iştirakı ilə tamaşalar və konsert proqramları təşkil ediləcək.
Bundan əlavə, burada ziyarətçilər üçün Novruz şəhərciyi quraşdırılır. Bu şəhərcikdə Bahar bayramını simvolizə edən müxtəlif rəngarəng kompozisiyalar, bəzəklər yerləşdirilir. Onların arasında, səməni, tonqallar, milli geyimdə və milli musiqi alətləri ilə olan kuklalar, Nizami Gəncəvinin “Xəmsə”sindən olan təsvirlərlə bəzədilmiş rəngarəng oyuncaqlar vardır. Bununla yanaşı, uşaqların əyləncəsinə rəngarənglik qatmaq məqsədilə hava ilə doldurulmuş oyuncaqlar da yerləşdirilir. Bahar bayramına həsr olunan rəngarəng bəzəkləri, kompozisiyaları nəinki şəhərcikdə, eləcə də Köhnə Bulvar ərazisi boyunca görmək olar.
Belə ki, Kukla Teatrının ətrafında Novruz çərşənbələrini (Su, Od, Yel və Torpaq) simvolizə edən kuklalar, böyük səməni xonçası Milli Parka rəngarəng bayram abu-havası bəxş edəcək. Dənizkənarı Bulvar İdarəsi tərəfindən təşkil olunacaq Novruz bayramına həsr olunmuş şənliklər 26 mart 2023-cü il tarixinə kimi davam edəcək. Ümid edirik ki, Novruz bayramı ilə bağlı Milli Parkda qurulan maraqlı kompozisiyalar, əyləncə və istirahət üçün yaradılmış şərait nəinki uşaqların, eləcə də böyüklərin marağına səbəb olacaq. İnanırıq ki, Dənizkənarı Bulvar İdarəsi tərəfindən Milli Parkda yaradılan bayram abu-havası rəngarəngliyi ilə ziyarətçilərə xoş ovqat bəxş edəcək. Bayram günlərində Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
www.RESMIXEBER.az