Taksi sürücüləri ilə bağlı problem hər zaman olduğu kimi yenə də öz aktuallığını qoruyub saxlayıb. Taksi sürücüləri ilə bağlı narazılıq artıq hər kəsə məlumdur. Qarşısının alınması üçün nə qədər maarifləndirmə işləri aparılsa da, azalmaqdansa, sayı artmaqdadır. Hətta narkotik və psixotrop maddələrin təsiri altında saxlanılan sürücülər də var. Sürücülər son zamanlar sərnişinlərə qarşı nalayiq hərəkət etməklə yanaşı kobud şəkildə Yol Hərəkəti Qaydalarını da pozurlar. Bir sözlə, nə özlərini, nə də maşını idarə edə bilirlər.
Bir çox ekspertlər taksi sürüclərinin bu hərəkətlərini tibbi müayinədən keçməmələri ilə bağlayırlar.
Mövzu İlə bağlı resmixeber.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, bu gün taksi xidmətində çalışan sürücülərin əksəriyyəti peşəkar deyil:
“Peşəkar sürücülər öz sahələrində iş başında nalayiq hərəkətlər etmirlər. Peşə borclarını, vəzifələrini qaydalara uyğun olaraq yerinə yetirirlər. Digər qruplar isə taksi fəaliyyəti ilə bağlı qanunsuzluqlara yol verirlər. İşsiz və ya əlavə qazanc əldə etmək istəyən vətəndaşlarımızdır”.
Ekspert qeyd edib ki, qanunu pozan taksi operatoru şirkətlərinə qarşı sanksiya tətbiq olunmalıdır:
“Bu gün Azərbaycanda taksi sahəsində özbaşınalığı aradan qaldırmağın yollarından biri də Azərbaycan Qanunvericliyi və Nazirlər Kabinetinin bu sahədəki reqlamentini pozan taksi operatoru şirkətlərinə qarşı müəyyən sanksiyaların tətbiq edilməsidir. Xarici taksi operator şirkətləri Azərbaycanda 70 milyondan çox gəlir əldə edirlər. Onların gəlirlərinin 10 faizi cərimə olunsa, o zaman bu sahədə səliqə-sahman yaranar”.
E.Cərəfov əlavə edib ki, 3 sadə şərtə əməl edilmədiyi üçün cərimələr tətbiq olunmalıdır:
“Taksi operatoru şirkətləri 3 sadə şərtə əməl etmirlər. Taksi sürücüsünün yaş 21-dən az olmamalıdır. Lakin 18-19 yaşlarında olan sürücülərə rast gəlirik. Sürücünün 2 il təcrübəsi olmalıdır. Amma görürük ki, yeni sürücülük vəsiqəsi alanlar taksi fəaliyyəti ilə məşğul olurlar. Taksidə istifadə olunan minik avtomobilində sarı rəngli taksi fənəri olmalıdır. Biz bunları da görmürük. Cərimələr edilməlidir. Cərimələr olsa, aradan qalxacaq”.
Hüquqşünas Turan Abdullazadə qeyd edib ki, Yol hərəkəti qaydalarını kobud şəkildə pozan taksi sürücüləri və digər sürücülər İnzibati Xətalar Məcəlləsinə əsasən, məsuliyyətə cəlb olunmalıdırlar:
“Bundan əlavə vətəndaşlar onlara qarşı kobud və xoşagəlməz rəftar edən, əlavə ödəniş tələb edən sürücüləri şikayət etmək hüququna malikdirlər. Ancaq şikayət etməmişdən öncə müəyyən etmək lazımdır ki, sürücünü hara şikayət etsən, daha effektiv nəticə əldə etmək və yaranmış problemi operativ qaydada daha tez necə həll etmək olar.
İctimai nəqliyyatda vətəndaşlarla kobud davranan sürücüləri, taksi xidməti şirkətləri ilə işləyən sürücüləri həm beynəlxalq taksi şirkətlərinin Azərbaycandakı nümayəndəliyinə poçt vasitəsilə yazılı şikayət göndərərək, habelə elektron qaydada birbaşa ölkə xaricində yerləşən şirkətin özünə şikayət etmək olar. Beynəlxalq şirkətlərdə vətəndaş məmnuniyyəti əsas prinsiplərdən biri olduğu üçün operativ qaydada tədbir görüləcək. Həmin şirkətin mobil tətbiqləri vasitəsilə də bunu etmək mümkündür”.
T.Abdullazadə söyləyib ki, sürücünün şirkət tərəfindən bloklanması həmin sürücüyə edilən ən böyük cəzadır:
“Sürücülərdən çoxsaylı şikayətlər daxil olarsa, həmin sürücülər şirkət tərəfindən bloklanır və həmin taksi xidmətlərindən sürücü kimi istifadə edə bilmir. Hesab edirəm ki, sürücünün şirkət tərəfindən bloklanması həmin sürücüyə elə ən böyük cəza olacaq. Belə ki, o, artıq həmin şirkətlə əməkdaşlıq edə bilməyəcək və öz gəlirlərindən məhrum olacaq. Sürücü unutmamalıdır ki, o, ilk növbədə vətəndaşdır və qanunvericiliyin müddəalarına hamı kimi o da riayət etməlidir.
Sürücü müxtəlif taksi şirkətləri ilə müqavilə bağlayaraq üzərinə müəyyən öhdəliklər götürür. Bütün dünyada taksi şirkətləri üçün vətəndaş məmnuniyyətinin əsas baza prinsipi olduğunu nəzərə alsaq, sürücülər tərəfindən törədilmiş hüquq pozuntusu bəzi hallarda həmin taksi sürücülərinin aid olduğu şirkətlərin işgüzar nüfuzuna da zərər vurur”.
Hüquqşünasın sözlərinə görə, sürücülər tibbi arayış alarkən onların psixoloji vəziyyəti də yoxlanılmalıdır:
“Sürücülərin psixoloji vəziyyətinin yoxlanılmasına münasibətdə isə bildirmək istəyirəm ki, sürücülər sürücülük vəsiqəsi alarkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş sürücülüyə yararlı olmaq barədə tibbi arayışı qeydiyyat imtahan məntəqəsinə təqdim etməlidirlər. Yoxsa test və sürücülük vərdişi ilə əlaqədar təcrübi imtahana buraxılmırlar. Sürücülər tibbi arayış alarkən onların psixoloji vəziyyəti də yoxlanılmalıdır”.
Nəzrin Vahid
www.RESMIXEBER.az