Qida Təhlükəsizliyi Agentliyi qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə işlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, agentliyin fitosanitar müfəttişləri tərəfindən Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri ilə birgə qəhvəyi mərmər bağacığının yayıldığı ərazilərdə və sirayətlənmə ocaqlarında, eləcə də qışlama yerlərində monitorinqlər aparılır, aşkar edilmiş fərdlərin mexaniki və kimyəvi məhv edilməsi həyata keçirilir.
Zərərvericiyə qarşı səmərəli mübarizənin aparılması məqsədilə kənd sakinləri, fermerlər, torpaq istifadəçiləri ilə maarifləndirici söhbətlər aparılır, onları maraqlandıran suallar cavablandırılır, müşahidənin və mübarizənin aparılması əyani nümayiş etdirilir və maarifləndirici bukletlər paylanılır.
Xatırladırıq ki, qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Əhalidən zərərvericilərlə mübarizədə fəal və diqqətli olmaq, müvafiq tədbirlər həyata keçirmək xahiş olunur. Regional Əlaqələndirmə Mərkəzlərinin Qərb rayonları üzrə (+994 99) 708 85 88), Şimal qərb rayonları üzrə (+994 99) 308 85 88) Qaynar xəttinə zəng vuraraq, qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri barədə məlumat əldə etmək olar.
www.RESMIXEBER.az