Fitili çəkilmiş saatlı bomba: Atom sahəsi üzrə mütəxəssislər həyəcan təbili çalırlar – FOTO

Cəmiyyət

Qardaş Türkiyədə yaşanan güclü zəlzələ Ermənistanda yerləşən və bölgə dövlətləri üçün ciddi təhdid yaradan “Metsamor” Atom Elektrik Stansiyası (AES) ilə bağlı məsələni yenidən gündəmə gətirib. Mütəxəssislər həyəcan təbili çalırlar. Heç kim seysmik zonada yerləşən AES ətrafında da zəlzələnin baş verəcəyini istisna etmir. Bu zaman isə zəlzələdən də irimiqyaslı fəlakət yaşana bilər. “Metsamor” AES Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaradır.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Bu narahatçılığı Prezident İlham Əliyev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Qrossini qəbul edərkən xüsusi vurğulayıb. Nüvə təhlükəsizliyi probleminə toxunan dövlətimizin başçısı AES-in köhnə texnologiya ilə işlədiyini və ciddi texniki problemlərinin olduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidentinin AEBA-nin Baş direktoru ilə görüşdəki “Metsamor” AES vurğusu Ermənistanın ciddi narahatlığına səbəb olub. Onlar dərhal rəsmi Bakının narahatçılığının əsassız olduğunu bəyan etməyə tələsiblər.

Yeri gəlmişkən, qardaş Türkiyə mediası, siyasiləri də zəlzələdən sonra “Metsamor” AES-lə bağlı narahatlıq ifadə edən materialların dərcini artırıblar. Qeyd olunur ki, növbəti zəlzələ qəzalı vəziyyətdə olan bu stansiyanı yerlə-yeksan edə bilər. Bu səbəbdən, dünya ictimaiyyətini stansiya ilə bağlı qəti addımlar atmağa çağırışlar səslənir.

Müxtəlif beynəlxalq təşkilatların və atom sahəsi üzrə mütəxəssislərin artıq istismar müddəti bitmiş “Metsamor” AES-i “bütün bölgə üçün təhlükə” adlandıraraq xəbərdarlıq etmələrinə baxmayaraq, Ermənistan nəinki stansiyanın fəaliyyətini dayandırmır, əksinə, onun fəaliyyətini 2026-cı ilə və ondan sonrakı müddətə uzadıb. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin (Aİ Komissiyasının) Ermənistan üzrə tərəfdaşlığın implementasiyası haqqında 2022-ci il 17 may tarixli hesabatında da qeyd edilib ki, “Metsamor” AES nüvə təhlükəsizliyi üzrə beynəlxalq səviyyədə qəbul edilmiş standartlara tam cavab verəcək formada təkmilləşdirilə bilməz və buna görə də onun bağlanması və təhlükəsiz şəkildə istismardan çıxarılması tələb olunur.

Türkiyə mediası da xəbərdarlıq edir ki, Kahramanmaraş mərkəzli zəlzələlərin ardından İğdır və Ermənistanda baş verə biləcək yeraltı təkanlarda “Metsamor” ciddi zədə ala bilər. İğdır Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal, “İqdırda baş verə biləcək zəlzələ fəlakətə səbəb olacaq, bu bölgədə ikinci Çernobıl yaşanacaq” deyib. Onun sözlərin görə, 1977-ci ildə Sovet İttifaqı tərəfindən tikilən “Metsamor” Türkiyə-Ermənistan sərhədinə çox yaxındır:

“Bu stansiya da Çernobıl AES üslubunda tikilib. Onun adı ABŞ və Avropada qəzalı stansiya kimi qeyd olunsa da, məsələ həllini tapmır. Memarlıq cəhətdən nasaz olduğu bildirilən və lazımi soyuducu suyun olmamasına baxmayaraq, fəaliyyətini davam etdirən AES Ağrı dağı qırılma xəttində yerləşir. “Metsamor” 1988-ci ildə Ermənistanda böyük dağıntılara səbəb olan Gümrü zəlzələsindən sonra 1989-cu ildə təhlükəsizlik səbəbi ilə bağlansa da, 1993-cü ildə yenidən fəaliyyəti bərpa edilib. Başlanğıcda 2040-cı ilə qədər istifadə ediləcəyi deyilən stansiyanın son istifadə müddəti 2026-cı il olaraq təyin olunub. İğdırlılar AES-in bir an əvvəl bağlanmasını istəyirlər”.

Serdar Ünsal deyir:

“1977-ci ildə Ermənistanda tikilmiş “Metsamor” AES fitili çəkilmiş saatlı bombadır. 1988-ci ildə Ermənistanda baş verən 6,9 bal gücündə zəlzələdə “Metsamor”un iki aqreqatı zədələndi. Ermənistan hakimiyyəti bu stansiyanın sınıq yerlərini betonla doldurdu. Araşdırmalarımda göstərmişəm ki, 1988-ci ildə İğdırda xərçəng xəstəliyinə yoluxma çox nadir idi. Lakin AES fəaliyyətə başlayandan sonra İğdırda xərçəng hadisələri artmağa başladı. Hər il 2000-dən çox insana xərçəng diaqnozu qoyulur. Ona görə də “Metsamor” AES bağlanmalıdır, özü də mümkün qədər tez. İğdırda və ya Ermənistanda zəlzələ baş verərsə, insanlar bilməyəcək, öz həyatları üçün narahat olsunlar, yoxsa qəzalı AES-dən yayılacaq radiasiyaya diqqət etsinlər? Bu radiasiya insanları təhdid edir. Avropa İttifaqı bu stansiyanı bağlamaq üçün Ermənistana pul verdi. Amma ermənilər bu pulu xərcləyib, stansiyanı bağlamadılar. 2026-cı ildə bağlayacaqlarını deyirlər”.

“İndi zəlzələ qırılma xətti Şərqi Anadolu bölgəsinə doğru irəliləyir. Elazığda baş verən zəlzələ İğdırda gözlənilən zəlzələnin fəlakətə səbəb olacağını göstərdi” deyən Ünsal bölgədə “İkinci Çernobıl yaşanacaq” xəbərdarlığını edib. Onun sözlərinə görə, Avropa İttifaqı bu işi öz üzərinə götürməli, stansiyanı bağlamalıdır. Avropa İttifaqı, Türkiyə, İran, Azərbaycan, Gürcüstan tez zamanda bir araya gəlməlidir. Nüvə stansiyasının qısa müddətdə bağlanması həyata keçirilməlidir, əks halda bu böyük bir təhlükədir. Partlayış olarsa, bütün ölkələr fəlakətin miqyasından şoka düşəcək – bir canlı belə qalmayacaq”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir