X Qlobal Bakı Forumu çərçivəsində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib – FOTO

Siyasət

X Qlobal Bakı Forumu çərçivəsində martın 12-də Heydər Əliyev Mərkəzində ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş “Qlobal liderlərin Heydər Əliyev irsinə ehtiramı” mövzusunda panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə X Qlobal Bakı Forumunun yüksəksəviyyəli iştirakçılarının, sabiq dövlət və hökumət başçılarının, yüksəksəviyyəli digər qonaqların ulu öndər Heydər Əliyev ilə bağlı fikirlərini əks etdirən videoçarx nümayiş olunub.

İclasın moderatoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, onun xatirəsinin dərin ehtiramla yad olunduğunu vurğulayıb.

Albaniya Respublikasının Prezidenti Bayram Beqay iclasda çıxış edərək bildirib ki, liderlər cəmiyyət, ölkə və ya region üçün önəmli ola bilər. Lakin Heydər Əliyev dünya miqyaslı lider idi.

Ölkələrimizin oxşar tarixə malik olduqlarını vurğulayan Prezident Bayram Beqay Azərbaycanın və Albaniyanın sovet dövründə totalitar rejimdən əziyyət çəkdiklərini qeyd edib. Etnik münaqişələr və iqtisadi çətinliklərlə üzləşən ölkələrimizin bu çətinliklərin öhdəsindən uğurla gələrək bu gün sürətlə inkişaf etdiklərini deyən Albaniya Prezidenti bildirib:

“Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, əsasını qoyduğu strategiya nəticəsində Azərbaycan bütün çətinliklərin öhdəsindən bacarıqla gəlib, xoşbəxt gələcəyin əsası qoyulub.

Albaniyanın Azərbaycan ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayan ali qonaq qeyd edib:

“Biz Xəzər regionunda sülhün və sabitliyin davamlı olmasını istəyirik. Həmçinin biz Azərbaycan ilə əməkdaşlığı daha da möhkəmləndirmək niyyətindəyik. Ölkələrimiz Cənub Qaz Dəhlizi kimi mühüm layihələrlə regional və qlobal sülhə töhfə verirlər. Həm Azərbaycan, həm də Albaniya dini dözümlülüyü ilə tanınır. Ölkələrimiz dini və mədəni müxtəlifliyi fəal şəkildə təşviq edir”.

Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko diqqətə çatdırıb ki, SSRİ dağılandan sonra keçmiş müttəfiq respublikaların gələcəyi tamamilə fərqli oldu: “Müstəqilliyin ilk illərində ölkələri idarə etmək böyük məsuliyyət tələb edir. Heydər Əliyevdən ölkəni idarə etməkdə ən çətin nə olduğu soruşulanda o, suveren dövlətin əsasını qoymaq olduğunu deyib və buna da nail olub. Azərbaycan xalqı ucun belə bir liderə sahib olmaq böyük xoşbəxtlikdir. Heydər Əliyev çox mədəni, ədalətli insan idi. Naxçıvana səfər edəndə gördüm ki, Heydər Əliyev ölkəsi üçün yorulmadan çalışır”.

Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov çıxışında 1999-cu ildə Prezident kimi ilk dəfə Azərbaycana səfər etdiyini xatırladıb. Bildirib ki, bu, ölkələrimizin müstəqilliyinin bərpasından sonra Bolqarıstan Prezidentinin Azərbaycana ilk rəsmi səfəri idi. O, Prezident Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası ərəfəsində ölkəmizin üzləşdiyi çətinliklərlə mübarizədə rolundan, yürütdüyü uzaqgörən siyasət nəticəsində qazanılan uğurlardan danışıb.

Ulu Öndərin ölkənin inkişafının beynəlxalq iqtisadi əməkdaşlıqla sıx bağlı olduğunu vurğuladığını qeyd edən Petar Stoyanov diqqətə çatdırıb ki, Heydər Əliyev təkcə Azərbaycanın üzləşdiyi çətinliklərin həllində deyil, ölkəsinin qarşıdakı bir neçə onillik ərzində iqtisadi baxımdan güclənməsi üçün də misilsiz xidmətlər göstərib: “Heydər Əliyevin Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin möhkəmləndirilməsində rolu əvəzedilməzdir. Məhz Heydər Əliyevin siyasi müdriklik, güclü liderlik və xalqa sadiqlik xüsusiyyətlərinə görə Azərbaycan xalqı onu Ümummilli Lider adlandırıb”.

Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo qeyd edib ki, Heydər Əliyev hər zaman Azərbaycan xalqı tərəfindən xatırlanır və sevilir: “Heydər Əliyev Çin xalqının yaxşı dostu olub. 1994-cü ildə ölkəmizə səfəri zamanı Çin liderləri ilə mühüm görüşlər keçirdi. Onun liderliyi dövründə Azərbaycan-Çin münasibətləri sürətlə inkişaf etdi, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Hazırda Çin Azərbaycan ilə əlaqələrin daha da inkişafında maraqlıdır”.

İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmələddin İhsanoğlu tədbirin yüksək səviyyədə təşkilinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını bildirib, Ulu Öndər Heydər Əliyev ilə görüşlərindən danışıb, dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüb: “Heydər Əliyev dahi şəxsiyyət və müdrik lider idi. O, müstəqil Azərbaycanın Prezidenti olduqdan sonra ölkənin qüdrətinin daha da artırılması istiqamətində yorulmadan və fədakarlıqla çalışıb. Heydər Əliyev ikitərəfli və çoxtərəfli əməkdaşlıq vasitəsilə Azərbaycanın iqtisadi rifahının möhkəmlənməsinə nail olub”.

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, ölkəmizin inkişafında əvəzsiz xidmətlərindən söz açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev neft-qaz sahəsində fəaliyyət göstərən aparıcı şirkətləri əməkdaşlıq üçün ölkəyə dəvət edərək, Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsinə nail oldu. Sabiq Prezident Rumıniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafında və möhkəmlənməsində Heydər Əliyevin töhfələrini xüsusi vurğulayıb.

Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa dahi şəxsiyyət Heydər Əliyevin siyasi müdrikliyindən, yüksək liderlik keyfiyyətlərindən danışıb. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın tərəqqisində, beynəlxalq əlaqələrinin genişlənməsində, o cümlədən ərəb dünyası ilə əməkdaşlığın inkişafında mühüm xidmətlərini qeyd edib. Bildirib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin çıxışında Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafı və güclənməsi yolunda tarixi xidmətlərindən, genişmiqyaslı fəaliyyətindən söz açıb. Ümummilli Lider ilə görüşlərindən söz açan Hikmət Çətin dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşərək qeyd edib: “Heydər Əliyev uzaqgörən, müdrik dövlət başçısı idi və ölkəsi ilə bağlı arzuları var idi. O, Azərbaycanın dünya birliyində önəmli yer tutmasını, regionda sülhün bərqərar olmasını arzulayırdı”.

Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze isə Heydər Əliyevin SSRİ zamanında və müstəqillik dövründə Gürcüstan ilə münasibətlərin inkişafına mühüm töhfə verdiyini deyib: “Heydər Əliyev Gürcüstanın regional layihələrdə iştirak etməsinə və bu layihələr vasitəsilə əhalinin rifahının yaxşılaşdırılmasına töhfə verib”.

Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa bildirib: “Heydər Əliyev sovet dövründə doğulsa da, bu rejimin qüsurları olduğunu bilirdi. Onunla görüşəndə mənə danışmışdı ki, İkinci Dünya müharibəsində Qələbə Bakı neftinin sayəsində qazanılıb. Təəssüf ki, sovet dövründə Bakının inkişafına lazımi diqqət göstərilmədi. Bu ölkə bütün sovet imperiyasinin döyünən ürəyi olmuşdu. Heydər Əliyev bildirdi ki, Bakının sovet rejimi dövründə töhfələri lazımi səviyyədə dəyərləndirilməyib”.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanı müstəqilliyin əvvəllərində parçalanmaq təhlükəsi yaşayan ölkədən tərəqqi yolunda əmin addımlarla irəliləyən dövlətə çevirdiyini vurğulayan Vayra-Vike Freyberqa deyib: “Əgər o, olmasaydı, bu ölkədə nələrin baş verəcəyini təsəvvür edə bilmirəm. Çünki zəngin enerji yataqlarına sahib olan ölkələrin digər dövlətlərlə, qonşuları ilə əlaqələri çox vacibdir. Müasir Azərbaycan dövləti Heydər Əliyevin liderliyi ilə yaradılıb”.

BMT-nin Cenevrə Nümayəndəliyinin baş direktorunun şəxsi köməkçisi David Çixvaidze bu gün Azərbaycanın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf etdiyini vurğulayıb: “Mən 1990-cı illərdən bəri Azərbaycana gəlirəm. Bu illər ərzində ölkənin dinamik inkişafının şahidiyəm. Heydər Əliyevin müdrik siyasəti bu gün də uğurla davam etdirilir. Güclü, konstruktiv və balanslı siyasət yürüdən qonşulara sahib olmaq çox mühümdür”.

“Heydər Əliyev görkəmli şəxsiyyət, müdrik dövlət xadimi, yüksək liderlik keyfiyyətlərinə malik dahi insan idi”, – deyən ICESCO-nun sabiq baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Ümummilli Liderin Azərbaycanın ICESCO-ya üzv olması istiqamətində fəaliyyətini xüsusi vurğulayıb: “Azərbaycan ilə ICESCO arasında sıx əməkdaşlıq əlaqələrinin yaranmasında Heydər Əliyevin böyük töhfələri olub. Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ICESCO ilə əməkdaşlığı daha da möhkəmlənib. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan bu gün inamla inkişaf edir”.

Çıxışlardan sonra müzakirələr aparılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir