Sahibə Qafarova Bəhreyndə parlament rəhbərləri ilə görüşlər keçirib – FOTO

Siyasət

Bəhreyn Krallığında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova martın 11-də burada bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşlər keçirib.

Milli Məclisdən verilən məlumata görə, Malavi Respublikası Milli Assambleyasının sədri Katrin Qotani Hara, Kot-d’İvuar Respublikası Milli Assambleyasının sədri Adama Biktogo və Belarus Respublikası Milli Məclisinin Respublika Şurasının sədr müavini Valeriy Belskiy ilə görüşlərdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlıq haqqında müzakirələr aparılıb.

Beynəlxalq təşkilatlarda əməkdaşlığın əhəmiyyətinin vurğulandığı görüşlərdə Parlamentlərarası İttifaq çərçivəsində dialoqun önəmi qeyd olunub.

Bu görüşlərin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İkinci Konfransı ərəfəsində baş tutduğunu qeyd edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan hazırda Qoşulmama Hərəkatına uğurla sədrlik edir və bu platforma çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, həmçinin beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiəsi üçün ciddi səylər göstərir.

O, Azərbaycan Prezidenti İlham Əliyevin mühüm qlobal təşəbbüsləri haqqında da məlumat verib. Milli Məclisin sədri həmçinin xatırladıb ki, cari il mart ayının 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Həmin tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çox mühüm təşəbbüslər və təkliflərlə çıxış edib.

Qeyd olunub ki, Qoşulmama Hərəkatı həm də parlamentlərarası əlaqələrimizin inkişafı üçün platforma rolunu oynaya bilər. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın parlament ölçüsünü inkişaf etdirmək təşəbbüsü ilə çıxış edib və Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edilib.

Görüşlərdə bildirilib ki, 2021-ci ilin noyabrında Madriddə Parlament Şəbəkəsinin təsis, 2022-ci ilin iyun ayında isə Bakıda birinci konfransı keçirilib. Qeyd olunub ki, martın 13-də keçiriləcək Parlament Şəbəkəsinin 2-ci konfransında pandemiyadan sonrakı bərpa üzrə milli və qlobal səylərə parlament dəstəyini müzakirə etməklə yanaşı, Şəbəkənin institusional potensialının daha da gücləndirilməsinin mümkün yolları haqqında müzakirələr aparılacaq. Bir daha bildirilib ki, Parlament Şəbəkəsi çoxtərəfliliyi, dialoqu və parlamentlərarası əməkdaşlığı təşviq etmək üçün mühüm platformaya çevrilməkdədir. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi digər parlament təşkilatları ilə fəal əməkdaşlıq edərək ümumi məqsədlərə töhfə verməyə hazırdır.

Görüşlərdə spiker Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra regionda yaranan reallıqlar barədə məlumat verib. Qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, o cümlədən müasir infrastruktur yaradılır, yeni yollar salınır, aeroportlar inşa edilir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması üçün lazımi işlərin uğurla davam etdiyi diqqətə çatdırılıb. Həmçinin, Azərbaycanın iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistana bir sıra təkliflər irəli sürməsi, Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar haqqında geniş məlumat verilib.

Söhbətlər zamanı Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti vurğulanıb, o cümlədən, Hərəkatın Parlament ölçüsünün yaradılması yüksək qiymətləndirilib.

Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir