Universitetdən qovuldu, həbs olundu – Kişilər niyə Aqil M.Quliyevə eşq mesajları yazırdılar? – FOTO

Mədəniyyət

Kulis.az rejissor, aktyor Aqil M.Quliyev haqqında maraqlı faktları təqdim edir.

Aqil M.Quliyev 5 avqust 1972-ci ildə Bakıda anadan olub. 1989-cu ildə 153 saylı orta məktəbi bitirib. Aqilin valideynləri əslən Qarabağdan olduqlarına görə, onun uşaqlığının bir hissəsi Qarabağın Təngi kəndində, bir hissəsi isə Abşeronda keçib.

Atası ovaxtkı “Taksi Motor” İstismar şöbəsinin rəisi, anası isə “Semaşko”da doğum şöbəsində mama-ginekoloq işləyib. Ailə imkanı yaxşı olduğundan uşaqlıq illərində Aqil üçün xüsusi maşın və dayə ayrılıb. Birinci sinifdən dördüncü sinfə qədər onu Qaqarina soyadlı dayə məktəbə aparıb gətirib, dərsləri ilə məşğul olub. Özünün dediyinə görə, çox imkanlı bir ailənin övladı olduğundan beş yaşınadək “yox” sözü eşitməyib.

Elə həmin ərəfələrdə onun İlham adlı bir qardaşı dünyaya gəlib. Aqil dəyişməli olduğunu dərk edib. Özünü daha balaca uşaq kimi yox, evin böyük oğlu kimi aparmağa başlayıb.

Yeniyetməlik illərində o, çox yaraşıqlı, cəlbedici oğlan olub. Bu barədə müsahibələrinin birində deyib:

“Çox yaraşıqlı oğlan olmuşam, şəkillərdən də görünür. İrigözlü, uzunsaçlı, hündürboy oğlan idim. Onu da deyim ki, 6-cı sinfədək bəstəboy olmuşam. Qızlar çox istəyirdilər məni. Mən orta məktəbi qurtarandan sonra biləndə ki, məni nə qədər qız sevib, dəli oldum. Əslində, mən sonradan qızların-xanımların sevgisini qazanmışam, əvvəllər belə olmayıb. Bakirliyimlə 17 yaşım olanda vidalaşmışam, ancaq ilk seks əlaqəm fahişə ilə olmayıb, bunu arzulamamışam. Bu, bir çoxlarının təsvir etdiyi kimi, qızlı-oğlanlı bağ evində, 14 yaşlı qızların, oğlanların olduğu məclislərin birində baş verməyib. Mən 21 yaşlı gözəl bir qızı ovsunlaya bilmişdim, bunu bacarmışdım. Ancaq yaxşı oğlan tezliklə korlanmağa başladı, həyatımda alkoqol, marixuana peyda oldu. Bir məsələ də var ki, bu çirkabın içinə daha çox girdikcə, qadınlar məni daha çox sevməyə başlayırdı. Qadınların mənə qarşı olan ifrat diqqəti isə mən “Bəyaz həyat” serialına çəkiləndən sonra yarandı, həmin filmdə narkoman polis rolunu oynayırdım. 21 yaşımdan sonra mən qadınların sevgisini hiss eləmişəm. O vaxtın təbirincə desəm, ilk gəzdiyim qız Sveta Nikolayevna olub, ukraynalı qız. İlk sevdiyim qız isə Yelena Viktorovna olub. Almaniyadan gəlmişdi, məndən bir yaş balaca idi. Yeddinci sinifdə oxuyurdu. Doğrudan, sevirdim onu. Sarışın qız idi, əsl “blondinka”. İki il o qızla görüşdük. Bir-birimizi sevdik”.

Aqil ilk dəfə 16 yaşında pul qazanmağa başlayıb. Diskotekalarda texniki avadanlıq daşıyıb. Buna görə ona üç-beş manat da pul veriblər. Daha sonra texniki avadanlığı quraşdırmağı öyrənib. Elə səhnəyə də ilk dəfə 16 yaşında diskotekada çıxıb, teatr dərnəyinə gedib, özfəaliyyət qrupu yaradıb.

Atasının arzusu ilə hüquqşünaslıq fakültəsinə sənədlərini hazırlayıb. İmtahan verib, üç-dörd alıb. Ancaq müsabiqədən keçə bilməyib. Amma bu uğursuzluq onu sevindirib. O, sənədlərini İncəsənət Universitetinin 1990-cı ildə yaradılan kino fakültəsinə verib. Elxan Qasımovun oğlu mərhum Samir Qasımov, Şəfiqə Məmmədovanın oğlu Ülvi Mehdiyev, bir də kinooperator Kənan Məmmədovun oğlu Kamran Məmmədovla bir kursda “Bədii kino və televiziya rejissorluğu” fakültəsində oxumağa başlayıb. Ancaq 1993-cü ildə Kukla Teatrının ovaxtkı rəhbərliyi ilə danışıb İngiltərə dramaturqunun “Yol ərəfəsində” pyesini səhnələşdirdiyinə görə institutdan qovulub.

Karyerasına “Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi vəzifəsindən başlayıb. 1992-ci ildən aktyor kimi müxtəlif filmlərdə çəkilib. Bu illərdə Beynəlxalq “MİR” Teleradio və “AzTV” Dövlət Teleradio Şirkətlərində müxtəlif verilişlərin rejissoru olub.

2007-ci ildən “Aqil M. Film” şirkətinin təsisçisi və bədii rəhbəri olan Aqil “Kənar adamlar”, “Kök”, “Ümid”, “Leyli və Məcnun”, “Zabit şərəfi”, “Köhnə çamadanlar” filmlərinə çəkilib.

Aqil bir dəfə ailəli olub. Bu evlilikdən bir qızı dünyaya gəlib. Ancaq müəyyən səbəblərdən onun ailəsi dağılıb. Həyat yoldaşı qızını da götürüb Moskvaya köçüb. Aqil isə narkotik maddələrdən asılılıqdan əziyyət çəkib, efirlərdən uzaqlaşıb, hətta xarici görünüşündə nəzərəçarpacaq qədər arıqlayıb.

A.M.Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 36 gün Kürdəxanıda həbs həyatı yaşayıb. Buna səbəb isə bir müddət əvvəl rejissorun sevgilisi Marianna Turabova adlı şəxsdən 150 min manat borc alıb, lakin pulu geri qaytarmamağı olub. Marianna Turabovanın polisə şikayətindən sonra araşdırma aparılıb və məhkəmə həmin pulun A.M.Quliyevdən tutularaq şikayətçiyə qaytarılması barədə qərar qəbul edib. Lakin həmin qərar cavabdeh tərəfindən icra olunmadığından Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmə) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə o, müsahibələrinin birində deyib:

“Qayınanam olmağa macal tapmayan qadın öz evinin satışından əldə etdiyi 50 000 manat məbləğindəki pulu özünün də dediyi kimi, “saxlamaq və artırmaq” məqsədilə mənə borc olaraq vermişdi. O, elə də yaxşı vəziyyətdə olmayan evini satdı, bunu etməyə onu heç kim məcbur etməmişdi. 3000 manatı o borclarını ödəməyə sərf etmək üçün götürdü, 47 000 manatı isə mənə verdi. Mən həmin pulu təcili olan bir sıra layihələrə xərclədim. Ona yeni tikilən binaların birində 900 manata ev kirayələdim, bu o vaxta qədər davam etdi ki, bir gün ayıldım ki, çıxıb boynumda oturublar. Ay ərzində 1 manat xərcləyən adam indi günə 100 manat xərcləyirdi. Bütün bunlar gözlənilmədən baş verdi, heç özüm də bilmirəm ki, necə oldu. Düşünürdüm ki, işin altından çıxaram, amma layihələrim özünü doğrultmadı. Elə o vaxtdan da “qayınana”mın mənə qarşı şantajları başladı. Hətta mənim əleyhimə ərizə də yazmışdı ki, guya mən onu və onun 86 yaşlı anasını öldürmək istəyirəm. Məhkəmədə mənə əvvəlcə 3 il cəza kəsdilər, daha sonra isə yekun olaraq, il yarım verdilər. Məsələni anlaşma yolu ilə həll etdik, iddia təmin edildi. İndi barəmdə müxtəlif nağıllar və əfsanələr eşidirəm, deyirlər ki, guya mən narkotikə və adam öldürdüyümə görə həbs edilmişəm. Bu, gülməlidir. Bu 40 il ərzində heç vaxt polislə bağlı problemim olmayıb”.

Həbsdə olduğu müddətdə onun yanına gələn yeganə tanınmış insan Xalq artisti Amaliya Pənahova olur. Aktrisanın ölümündən sonra rejissor onunla olan münasibətlərinə aydınlıq gətirərək deyib:

“Amaliya xanımdan sonra onun yerini tutan, təbii ki, olmadı. Son bir ildə Amaliya xanımla ünsiyyətimiz yox idi. Son vaxtlar özünə, ailəsinə qapanmışdı. Sağlığında hər şeyi etdi. Amaliya xanım danışırdı ki, teatrda nə qədər qalmaqallar olub, o vəziyyətdən necə çıxıb. Onunla ölümündən əvvəl telefon vasitəsi ilə danışdıq, halallaşdıq. Xırda söz-söhbətimiz oldu. Amma hər şeyə görə bu həyatda ona təşəkkür etmişəm. Mərd xanım idi. İnsanlar məndən üz döndərəndə, xalq düşməni hesab edəndə, dəstək olan beş-altı nəfərdən biri idi. Ondan heç gözləməzdim. Amaliya xanım utanmadan, çəkinmədən Kürdəxanıya gəldi. Kağızları tökdü və yaradıcılıq barədə müzakirə apardıq. Dedim, Amaliya xanım, daha gəlməyin, cavab verdi ki, biz dostuq, bu nə söhbətdir? 36 gün həbs həyatı yaşadım. O hadisə həyatımı çox dəyişdi, bütün ətrafımı sildim, iki-üç nəfəri çıxmaq şərti ilə”.

Aqil M.Quliyev kinossenarist Eldəniz Quliyevin qardaşı oğludur. Ancaq müsahibələrində əmisi ilə münasibətlərinin heç də yaxşı olmadığını, soyuq ünsiyyətləri olduğunu qeyd edən Aqil əmisi ilə 20 ildən çoxdur ki, ailəvi get-gəlinin olmadığını da xüsusi olaraq vurğulayıb.

Bir müddət əvvəl Aqilin telefon nömrəsinə kişilər zəng vurmağa, ehtiraslı sözlərlə mesajlar yazmağa, eşq elan etməyə başlayıblar. Sonradan məlum olur ki, bir qadın onun nömrəsini öz adı ilə paylaşıb. Bu paylaşımdan sonra kişilər Aqilə mesajlar yazıblar.

2017-ci ildə rejissorun yeganə qardaşı İlham Quliyev 43 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir