Beynəlxalq konyunktura Bakının strateji oxlarını İrana qarşı fırladıb – “Kaspi”nin TƏHLİLİ

Dünya

Azərbaycan İranın dövlət etikası ilə deyil, terrorçu zehni ilə hərəkət etdiyini görərək, molla rejiminin nağıllarının yox, öz dəlillərinin arxasınca gedib. Proseslərin bu cür inkişafından uduzan tərəf İran olacaq. Çünki istər beynəlxalq konyunktura, istərsə də regional konfiqurasiya çox rahat şəkildə Bakının strateji oxlarını İrana qarşı fırladıb. 

Kaspi qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunun əvvəlcədən planlaşdırılmış olmasını başa düşmək üçün xüsusi istedad və təhliletmə qabiliyyətinə ehtiyac yoxdur.

Azərbaycan hadisənin baş verdiyi 27 yanvar tarixində məqsədli terror aktı versiyası üzərində dayanıb, çünki dövlət aparatında bununla bağlı güclü dəlillər olub.

Lakin hər şeyin birdən-birə açıqlanmasına ehtiyac duyulmayıb, bəlkə də məqsəd İrandan izahat almaq prosesinə maneə yaradılmaması olub. 

Din pərdəsinə bürünən molla rejimi isə nala-mıxa vurmaqla əsl məqsədindən diqqəti yayındırmaq istəyib.

Rəsmi Tehran hər vəchlə hadisəyə məişət zəmini motivi yükləməyə çalışıb, lakin Azərbaycan israrla bu versiyanın üzərindən xətt çəkməklə İranı sıxışdırmağa nail olub. 

Azərbaycanın açıqladığı yeni faktlar

Azərbaycan İranın dövlət etikası ilə deyil, terrorçu zehni ilə hərəkət etdiyini görərək, molla rejiminin nağıllarının yox, dəlillərin arxasınca gedib.

Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 7-də hadisənin digər şahidlərinin – təhlükəsizlik kameralarının görüntülərini detallı şəkildə təqdim edib.

Ən başından bəri, Azərbaycan İranın həyasız, dişsiz və məntiqsiz açıqlamalarını qabaqlayaraq hadisədə terror izi axtarmaqla haqlı olduğunu göstərib.

XİN-in təqdim etdiyi videogörüntülər isə Bakının mövqeyinin sadəcə fikrə deyil, təkzibolunmaz dəlillərə əsaslandığının indikatorudur.

İran bu görüntülərdən sonra cinayət törədib qaçıb gizlənən, lakin özünü ələ verən qatil kimi alibi qazanmaq imkanlarını birdəfəlik itirib.

İranı ifşa edən bir neçə faktı qısa şəkildə diqqətə çatdırmaqda fayda var. 

– Terrorçu səfirliyə daxil olduqdan sonra İran polisi hadisəyə müdaxilə etməyib;  

– Terrorçu səfirliyin əməkdaşı Orxan Əsgərovu öldürüb, Mahir İmanovu yaraladıqdan sonra Vasif Tağıyev ona müqavimət göstərib; 

– Terrorçunun səfirliyə daxil olmasından 2 dəqiqə sonra İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlib; 

– Lakin giriş qapısının yaxınlığındakı postda dayanmış polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb; 

– Vasif Tağıyev yaralanmasına baxmayaraq, terrorçunu səfirlik binasının içərisindən çölə çıxarıb atmağa nail olub; 

– Terrorçu çölə çıxarıldıqdan sonra gödəkçəsinin cibindən ehtiyat darağı götürərək avtomatına taxıb; 

– 2 dəfə kiməsə əl işarəsi göstərib, daha sonra səfirliyin giriş qapısına, səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb; 

– Terrorçu bu müddət ərzində özü ilə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsini yandırmaq məqsədilə avtomobilin təkərlərini 2 dəfə alışdırıb; 
– Giriş qapısının möhkəm və onun avtomat silahın atəşi ilə açılmasının çətin olduğunu görən terrorçu avtomobilinin yük yerindən götürdüyü ağır zərbə aləti ilə qapını qırmağa çalışıb, diplomatları və onların ailə üzvlərini qətlə yetirmək üçün ikinci dəfə səfirliyə daxil olub; 

– Atəş aça-aça səfirliyin ikinci mərtəbəsinə qalxmağa cəhd edən terrorçunun üzərinə Vasif Tağıyev yanğınsöndürən balon atmaqla onu başından zədələyib. Nəticədə terrorçu binanı tərk etməyə məcbur olub.

Bütün bu proseslər İranın təhlükəsizlik qüvvələrinin terrorçunu müşayiət və mühafizə altına alması fonunda baş verib.

Bakının əlində başqa dəlillər də var

Güman etmək olar ki, Azərbaycanın əlində başqa dəlillər də var və zamanla kartları açacaq. Hələlik isə İrandan siyasi-diplomatik və hüquqi etik qaydalar çərçivəsində nələrsə gözləyir.

Ancaq İran tərəfi bütün dəyərləri tapdalayaraq Azərbaycan tərəfinə məlumat və izahat verməkdən boyun qaçırır.

Azərbaycanla İranın gərginlik hekayəsinin yeni səhifələri ikitərəfli münasibətlərin təməlini sarsıtmaq həddinə gəlib çatmaq üzrədir. Hərçənd ki, iki ölkənin iqtisadi layihələrinin təxirə salınması hələ də aktual mövzular siyahısından çıxmayıb. Lakin hərbi-siyasi və təhlükəsizlik sferalarındakı naxoşluqlar həmin layihələrin icrasını da sual altında qoyub.

Uduzan Azərbaycan deyil, İrandır, çünki istər beynəlxalq konyunktura, istərsə də regional konfiqurasiya Bakının strateji oxlarını İrana qarşı rahat fırladıb. 

Münasibətlərin rənginin tündləşməsi yeni çağırışlara əsas verir 

Münasibətlərin rənginin tündləşməsi, Azərbaycanın strateji müttəfiqi Türkiyə və strateji tərəfdaşı İsraillə əlaqələrini bütün sahələr üzrə dərinləşdirmək çağırışını ortaya qoyub.

Hesab etmək olar ki, koordinasiya edilmiş kəşfiyyat məlumatlarının mübadiləsi ilə İranın gizli niyyətlərinin daha bir neçəsi üzə çıxarılacaq. 

Azərbaycanın əlində İranı ifşa edə biləcək daha çox fakt mövcuddur, lakin ikitərəfli əlaqələrdəki körpülərin yandırılıb kül olmaması xətrinə onlar hələ də gün işığına çıxarılmayıb.

Ancaq İranın müstəsna həyasızlığı Azərbaycanı daha effektiv tədbirlər görməyə vadar edir və Bakı Tehranın məxfi planlarının üzərini açmaq üçün əlindən gələni edəcək.

Çünki İran Yaxın Şərqdə ideoloji cəhətdən özünün düşmən elan etdiyi radikal elementlərlə də sövdələşməyə getməyə hazırdır.

Məqsəd Azərbaycana qarşı cəbhələrdəki “silahları atış vəziyyətinə” gətirməkdir, bu cəhətdən Bakının təhlükəsizlik üçün ciddi tədbirlər gördüyünü söyləyə bilərik.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir