Əli Səlim Əsəd: “Bəziləri yalın əllə qazılıb çıxarılır, çünki peşəkar xilasedicilər yoxdur” – Suriyadan ŞƏRH

Dünya

Türkiyə və Suriyada minlərlə insanın ölümünə səbəb olan zəlzələ suriyalı qaçqınlar üçün də sarsıdıcı zərbə olub. Burada ikiqat faciə baş verib, çünki suriyalı qaçqınların əksəriyyəti Türkiyədə, özü də fəlakətin baş verdiyi vilayətlərdə, ilk növbədə Qaziantepdə yaşayıb. Onlar müharibədən qaçsalar da, təbii fəlakətin qurbanına çevrildilər.

Suriyanın “Milli Birlik Hərəkatı” rəhbərliyinin üzvü, siyasi-ictimai xadim Əli Səlim Əsəd ölkəsində zəlzələdən sonra baş verənləri resmixeber.az-a şərh edib:

O, nəinki Qaziantepdə, Hatay vilayətində də qaçqınların çox olduğunu və artıq xeyli ölüm barədə xəbər aldığını bildirib.

“Bundan əlavə bizim Türkiyə ilə həmsərhəd bölgələrimizdə də qaçqınlar var. Əvvəllər 10 min nəfərin yaşadığı şəhərlərin əhalisi yüz minlərlə artıb, indi isə onlar yer üzündən silindilər. Bu, bir milyondan çox qaçqının olduğu Harim şəhərinin başına gəldi. Afrin və elə İdlib vilayətindəki bütün yaşayış məntəqələri də çox zərər çəkib. Fəlakətin miqyasını təsəvvür etmək, sadəcə mümkün deyil. Daha cənubda yerləşən doğma şəhərim Laziqiyyədə zəlzələ 300-dən çox binanı dağıdıbsa, nə danışa bilərəm?.. Vəziyyəti daha faciəvi edən bilirsiniz nədir?  İlk güclü təkandan bir neçə saat sonra ikincisi baş verdi. Halbuki həmin vaxt insanlar öz evlərinə qayıtmışdılar, çünki hazırda hava çox sərtdir, soyuqdur və çöldə qalmaq mümkün deyil. Binalar fəlakətin ikinci zərbəsinə tab gətirə bilmədi və dağıldı…”

Onun sözlərinə görə Suriyada nəqliyyat, hətta xilasetmə maşınları üçün belə yanacaq yoxdur.

“Eyni zamanda, amerikalılar neft yataqlarını ələ keçirib və faktiki olaraq Suriya xalqını qarət edirlər”, – deyə politoloq əlavə edib.

Siyasətçi zəlzələdən az sonra Ümumdünya Səhiyyə Təşkilatının Türkiyə və Suriyada ölənlərin sayının 20 mini keçə biləcəyi barədə proqnozunun həddən artıq “nikbin” çıxdığını bildirib:

“Bu, ilkin rəqəm idi. Həqiqətdə nə baş verir, biz bilmirik. Bizim Suriyada dağıdılmış şəhər və qəsəbələrə, xüsusən İdlib əyalətinə çıxışımız yoxdur. Eyni zamanda məlumdur ki, zəlzələdən əvvəl 4 milyona qədər insan olub, onların əksəriyyəti qaçqın idi. Orada hansı şəraitdə, hansı binalarda yaşayırdılar?..”

Ekspert döyüşlər zamanı mərmilərin partlaması, raketlərin düşməsinə görə bütün binaların dayanıqlığının azaldığını, böhranın isə hələlik binaların və yolların təmirinə imkan vermədiyini vurğulayıb.

“İnsanlar hələ də dağıntılar altında xəsarətlərdən, aclıqdan və soyuqdan ölürlər. Bəziləri yalın əllə qazılıb çıxarılır, çünki peşəkar xilasedicilər yoxdur”, –  deyə Əli Səlim Əsəd təəssüflə bildirib.

Nair Əliyev

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir