Milli parkın direktoru: “Suyun səviyyəsi dəyişsə də, Şah Dili burnunun relyefi dəyişmir” – MÜSAHİBƏ + FOTO

Cəmiyyət

Azərbaycanın ən ecazkar dəniz mənzərəsinə açılan nöqtəsində, maraqlı təbiət gözəllikləri fonunda – Şah Dili burnunda yerləşən Abşeron Milli Parkının yaranmasının bu gün 18-ci ili tamam olur. Park ölkə Prezidentinin sərəncamı ilə 2005-ci il fevralın 8-də yaradılıb.

Milli parkın əhəmiyyəti və mövcud potensialı barədə “resmixeber.az”un suallarını parkın direktoru Etibar İbrahimov cavablandırıb:

– Abşeron Milli Parkı coğrafi mövqeyinə görə olduqca unikaldır…

– Parkın ərazisini əhatə edən Şah Dili burnu Abşeron yarımadasının cənub-şərq qurtaracağında yerləşir. Müqayisə üçün belə bir xarakteristika da vermək olar ki, əgər Portuqaliyada yerləşən Roka burnu Avrasiya materikinin ən ucqar qərb nöqtəsidirsə, Şah Dili burnu isə materikin ən ucqar şərq nöqtəsidir. Daha bir maraq doğuran özəllik odur ki, Xəzər dənizində min illər ərzində baş verən su səviyyəsinin tərəddüdlərinə baxmayaraq, Şah Dili burnunun relyefi dəyişmir, ölkəmizin xəritəsində məcazi olaraq qartalın dimdiyi formasını saxlayır.

– Yəqin ki, təbiətin mühafizəsi sahəsində də parkın ərazisi əhəmiyyət kəsb edir…

– Əlbəttə. Parkın yerləşdiyi bölgə, ölkə üzrə əhalinin daha çox məskunlaşması və iqtisadiyyatın inkişaf tempinin yüksək olması səbəbindən təbiətimiz və biomüxtəliflik üçün daha həssasdır. Ona görə də bölgənin bioloji müxtəlifliyinin qorunması istiqamətində parkın önəmi olduqca qiymətlidir. Burada Abşeron yarımadasına xas olan endemik bitki növləri, ornitofauna qorunur, müşahidə altında saxlanılır. Abşeron Milli Parkı həm də köçəri quşların miqrasiya marşrutunun üzərində yerləşir. Hər il qış köçü dövründə burada yüzlərlə quş növü müşahidə olunur. Flaminqo kimi nadir quş növünün də hər il ərazidə toplaşması milli parkın önəmini daha da artırır. Bu xüsusiyyətlər Abşeron Milli Parkının ekoturizm potensialını təşkil edir.

– Deməli turizm potensialı da özünəməxsusdur?

– Bəli, parkın çox fərqli turizm imkanları var. Turistlərə dünya xəritəsində mövcud olan burun landşaftına malik az sayda coğrafi ərazilərdən birinə və Abşeron yarımadasının cənub-şərq qurtaracağına – Şah Dili burnuna səyahət fürsəti, o cümlədən Xəzər sahillərində ən təmiz, oksigenlə zəngin hava şəraitindən yararlanmaq təklif olunur. Eyni zamanda ziyarətçilər mövsümi olaraq müxtəlif quş növlərini, xüsusilə təbiət gözəli flaminqoları müşahidə etmək imkanına malikdirlər. Parkda həm də sağlam həyat tərzini təşviq edən fəaliyyətlər, bir sıra ekosistem xidmətləri də mövcuddur.

– Milli Parkda ziyarətçilər üçün hansı xidmətlər və fəaliyyətlər təklif olunur?

– 2022-ci ilin avqust ayından nazirliyin təşəbbüsü ilə parkın daxili yolu təmir olunaraq abadlaşdırılıb, yeni velosiped zolağı istifadəyə verilib. Artıq turistlər bir istiqamətə 6-8 km məsafədə velosiped sürə, təklif olunan elektroskuter xidmətindən yararlana bilərlər. Dəniz kənarı ilə uzun məsafədə piyada hərəkət və piknik köşklərindən istifadə üçün də seçimlər mövcuddur. Parkda “Sevgi qapısı və dilək ağacı” adlandırılan kompozisiya da var. Bura ruhun qidalanması üçün insanları niyyət təsəvvürlərinin rəmzi olaraq gerçəkləşməsi inamına motivasiya edən məkandır.

Bu ilin mart ayının əvvəlindən başlayaraq ziyarətçilərə parkda daha səmərəli vaxt keçirmələri üçün yeni fəaliyyətlər – dəniz kənarında at və faytonla gəzinti, ox və nizə atma guşəsi, “Özün düzəlt” layihəsi ilə saxsı qabların hazırlanması, Ebru art stilində rəsmlərin çəkilməsi, qısa məsafəli hava uçuşlarından istifadə kimi bir sıra xidmətlərin təklif olunması nəzərdə tutulur.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir