Türkiyədə oynayan Azərbaycan millisinin futbolçusu: “Düşündüm ki, bir azdan hər şey keçəcək, amma keçmədi”

Dünya

“Əvvəlcə inanmadım, yorğanı başıma çəkdim, düşündüm ki, bir azdan hər şey keçəcək, amma keçmədi”.

Bunu “resmixeber.az”a açıqlamasında Azərbaycan millisinin və “Qaziantep Asya” klubunun futbolçusu Alina Dorofeyeva Türkiyədə baş vermiş zəlzələ barədə danışarkən deyib.

25 yaşlı müdafiəçi bildirib ki, əvvəlcə bunun yuxu olduğunu düşünüb:

“Yataqdan qalxmağa çalışsam da, alınmadı. Hər yer silkələnirdi. Evin içi dağılırdı. Komandamız binanın üçüncü mərtəbəsində qalır. Mənim mənzilim isə ən yuxarıdadır. Dörd gün öncə məşqdə çarpaz bağlarım qopduğu üçün gəzə bilmirəm. Güclə yerimdən qalxıb, əynimdəki paltarlarla qapıya çıxdım. Sonra isə qızların köməyi ilə aşağı düşdüm”.

O, həmin gecəni məscidin önündə keçirdiklərini söyləyib:

“Ardınca komandanın avtobusu gəldi. Bir gecə də avtobusda qaldıq. Marketlər, kafe və restoranlar bağlı olduğundan yemək tapmaq çox çətin idi. Yanımızdakı binalar uçub-dağılırdı. Şükürlər olsun ki, Allah qorudu, bizə heç nə olmadı”.

Azərbaycan millisinin üzvü qeyd edib ki, ilk dəfə belə bir şey yaşadığı üçün çox qorxub:

“Hələ də içimdə qorxu hissi var. Allah bir daha heç kimin başına belə bir fəlakət gətirməsin”.

Dorofeyeva tezliklə Bakıya qayıtmaq istədiyini vurğulayıb:

“İki gündən sonra İstanbula gedəcəyəm. Alınsa, orada əməliyyat olunacağam. Alınmasa, məcbur ölkədəki vəziyyət düzələnədək gözləyəcəyəm. Amma mütləq əməliyyat olunmalıyam, əks halda karyeramı vaxtından əvvəl bitirəcəyəm”.

Xatırladaq ki, ən son məlumata əsasən, fevralın 6-da baş verən zəlzələdə 14 014 insan vəfat edib, 63 794 insan isə yaralanıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir