“Qırmızı kitab”a düşən heyvanların satılması ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + FOTO

Cəmiyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kürdəmirdə yol kənarında ovlanmış quşların və heyvanların satılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə resmixeber.az-ın sorğusuna cavab olaraq qeyd edib ki, nazirlik olaraq bunun qəti əleyhinədirlər:

“Belə halların baş verməsini qınayırıq və buna yol verənlərin ciddi hüquqi nəticələrlə üzləşəcəyinə əminliyimizi bildiririk. Düzdür, hazırda ov mövsümüdür, lisenziyası olan vətəndaşlar tərəfindən ovuna icazə verilən quşlar və hevanlar ovlana bilər. Lakin qanuni yolla və ov üçün ayrılmış ərazilərdə ovlanan, xüsusi sanitar yoxlamadan keçən heyvanlar satıla bilər”. 

Xidmət rəisi bildirib ki, yol kənarında satılan heyvan və quşlar əksər hallarda qanunsuz yollarla əldə edilir və sanitar yoxlamadan keçirilmədən satılır:

“Belə heyvanları alanlar öz həyatlarını ciddi təhlükə altına qoyurlar. Çünki, belə heyvanlar insanların sağlamlığı üçün ciddi təhlükədir. Qeyd edim ki, yol kənarlarına nəzarət olunması məsələsində Nazirlik müstəqil səlahiyyət daşıyıcısı olmadığından bu hallara qarşı mübarizə Daxili İşlər Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirilir.

Son bir ay ərzində Kürdəmir rayonu ərazisindən keçən yol kənarlarında mütəmadi nəzarət tədbirləri keçirilib və satışa qoyulan quşlar və heyvanlar götürülərək yoxlanılması üçün baytarlıq labaratoriyalarına təqdim edilib”.

H.Əlizadənin sözlərinə görə, həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb:

“Amma həmin şəxslər cəzalandıqdan sonra bundan dərs götürmürlər və yenidən bu işlə məşğul olurlar. Buna görə də davamlı nəzarət tədbirləri keçiriləcək və bu işlə yenidən məşğul olanlar qanunvericikdə nəzərdə tutulmuş ən ciddi qaydada cəzalandırılacaqlar.

Bir daha vətəndaşları qanunsuz ov etməkdən, vəhşi heyvan və quş növlərinin satışı və alışı ilə məşğul olmaqdan qəti şəkildə çəkinməyə çağırırıq”.

16:32

Kürdəmirin və Hacıqabul rayonlarında yol kənarında qanunsuz ovlanan heyvanlar satılır.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, “Qırmızı kitab”a düşən nadir və nəsli kəsilmək təhlükəsi olan heyvanlar ovlanıb və yol kənarında satılır. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov resmixeber.az-a açıqlamasında bildirib ki, Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qanunsuz olaraq həyata keçirilən küçə ticarətinin qarşısının alınması istiqamətində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülür və həmin ərazi nəzarətdə saxlanılır:

“Bir neçə vətəndaş müxtəlif vaxtlarda qeyd edilən qayda pozuntusuna yol verdikləri üçün inzibati qaydada məsuliyyətə cəlb olunaraq həmin ərazidən uzaqlaşdırılıblar. Lakin edilən xəbərdarlıqlara baxmayaraq, bir neçə nəfər yenidən adı çəkilən ərazidə küçə ticarəti ilə məşğul olmağa cəhd ediblər.

Dünən keçirilən növbəti reyd zamanı qaydaları pozan daha iki nəfər polis əməkdaşları tərəfindən müəyyən edilib və həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq, tədbirlər görülüb”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir