MTN generalının əmlakları geri qaytarıldı – FOTO

Kriminal

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi general-mayor Sübahir Qurbanovla bağlı hökm və qərara müsadirə olunmuş əmlaklarla bağlı hissədə yenidən baxılması üçün təqdimat verilib.

resmixeber.az xəbər verir ki, Ali Məhkəmənin sədri tərəfindən verilmiş təqdimat onunla əsaslandırılıb ki, daxil olan müraciətlərə əsasən müsadirə olunmuş əmlaklar cinayət əməlinin əhatə etdiyi dövrdən kənar vaxtda əldə olunub. Bundan başqa ərizəçilər həmin əmlakları qanuni yolla əldə etdiklərini, təqsirləndirilən şəxsin cinayət işində hər hansı formada iştirakçı olmadıqlarını bildiriblər.

Bunları nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 2019-ci il tarixli qərarının əmlaklarla bağlı hissəsinin ləğv edilməsi, Bakı şəhərində fərqli ünvanlarda yerləşən iki mənzilin və Masallı rayonunun Qızılavar kəndində yerləşən 0,0636 ha torpaq sahəsinin üzərində olan yanacaqdoldurma məntəqəsinin müsadirədən azad olunması xahiş olunub.

Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda təqdimat təmin edilib.

Qərara əsasən, iki mənzil və 0,0636 ha torpaq sahəsinin üzərində olan yanacaqdoldurma məntəqəsi müsadirədən azad olunaraq ərizəçilərə qaytarılıb.

Qeyd edək ki, Ali Məhkəmənin 2021-ci il tarixli qərarı ilə Sübahir Qurbanovun Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evi də müsadirədən azad olunub.

Xatırladaq ki, Sübahir Qurbanov bir neçə nəfər nazirlik əməkdaşı ilə birgə 2015-ci ildə həbs edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sübahir Qurbanov 14 il, Teymur Quliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Natəvan Mirvətova da 5 il sınaq müddətli şərti cəza alıb.

Cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş əmlaklar müsadirə olunub, təqsirləndirilən şəxslərin hərbi rütbələrindən azad olunmaları üçün təqdimat verilib.

Sübahir Qurbanov 3 il əvvəl, Teymur Quliyev isə ötən il əfv sərəncamı ilə azadlığa buraxılıblar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir