“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bu gün Bakıda keçirilən iclası keçmişə nəzər salmaq və bu layihənin misli görünməmiş enerji böhranı zamanı Avropa İttifaqına (Aİ) necə kömək etdiyini xatırlamaq, eyni zamanda enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün növbəti addımları birlikdə nəzərdən keçirmək üçün əla imkan verir”.
Bunu cümə günü “Trend”ə müsahibəsində Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.
“Müzakirələrimizin əsas mövzusu Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Bildiyiniz kimi, bu, bizim “REPowerEU” planımız və Azərbaycanla yeni enerji sahəsində strateji tərəfdaşlıq barədə anlaşma memorandumumuz tərəfindən dəstəklənən layihədir. Biz 2027-ci ilə qədər onun gücünü ildə 20 milyard kubmetrə çatdırmağı hədəfləyirik. Siyasi dəstəyə əlavə olaraq, biz hazırda AYİB ilə onun genişləndirilməsini asanlaşdırmaq üçün maliyyə dəstəyinin təmin edilməsi imkanlarını da araşdırırıq”, – deyə K.Simson bildirib.
Kadri Simson gözləyir ki, builki görüşlərdə əsas diqqət “yaşıl” enerji və ekoloji təmiz enerjiyə keçidə yönəldiləcək.
“Bu, bizim son memorandumda qeyd olunduğu kimi, həm Azərbaycan, həm də Aİ üçün qarşılıqlı maraq doğuran mühüm sahədir. Aİ Azərbaycana “yaşıl” iqtisadiyyata keçiddə, o cümlədən İqtisadi İnvestisiya Planı vasitəsilə dəstəyi davam etdirməyə hazırdır”, – deyə Aİ komissarı bildirib.
Azərbaycandan Avropaya qaz nəqlinin artırılması haqqında
Kadri Simson qeyd edib ki, bazar marağının mövcudluğu şəraitində Avropa Komissiyası, şübhəsiz ki, regiona qaz tədarükünü daha da şaxələndirə biləcək layihələri dəstəkləyir.
“Biz bilirik ki, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları mövcud və yeni infrastrukturdan Azərbaycandan təbii qaz idxalı üçün yeni dəhliz kimi istifadə etməyi düşünürlər. Tək mənbədən qaz idxalına gəldikdə Mərkəzi-Şərqi və Cənub-Şərqi Avropa regionun ən həssas zonaları sayılırlar. Eyni zamanda, son bir neçə ildə Aİ-nin infrastruktur siyasəti, ümumi maraq kəsb edən layihələrin həyata keçirilməsi, TEN-E (Trans-Avropa Enerji Şəbəkələri) siyasəti çərçivəsində, bəzi hallarda isə “Connecting Fund Europe Facility” və digər alətlər vasitəsilə maliyyə dəstəyi sayəsində təchizatın, marşrutların və mənbələrin şaxələndirilməsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bununla belə, bazar maraqlarını nəzərə alaraq, Komissiya, şübhəsiz ki, regionda qaz tədarükünü daha da şaxələndirə biləcək layihələri dəstəkləyir”, – deyə K.Simson bildirib.
Aİ komissarı qeyd edib ki, keçən il enerji böhranı şəraitində Cənub Qaz Dəhlizi (CQD) Avropanın ən mühüm boru kəməri ilə qaz təchizatı mənbəyinə çevrildi.
“2022-ci ildə CQD vasitəsilə Aİ-yə verilən qazın həcmi təqribən 8 milyard kubmetrdən 11,4 milyard kubmetrə, yəni 2021-ci illə müqayisədə 40 faizdən çox artıb. Son illər Azərbaycan Avropa İttifaqının etibarlı enerji tərəfdaşı kimi özünü təsdiq edib. Buna görə də məmnuniyyətlə qeyd etmək istəyirəm ki, CQD-nin genişləndirilməsi Aİ və üzv dövlətlər tərəfindən güclü siyasi dəstək alır. Avropa Komissiyası bu prosesi asanlaşdırmağa çalışır. Biz bütün maraqlı tərəflərlə (tranzit və təyinat ölkələrinin hökumətləri, beynəlxalq maliyyə institutları, şirkətlər) daimi əlaqə saxlayırıq”, – deyə K.Simson bildirib.
K.Simson qeyd edib ki, layihənin təşviqi üçün Aİ Trans-Adriatik Boru Kəmərinin uğurlu bazar sınaqlarını da gözləyir.
“Paralel olaraq, Komissiya birgə qaz alışını reallaşdırmaq üçün üzv dövlətlərlə də sıx əməkdaşlıq edir. Tələbin toplanması bu prosesdə ilk addım olacaq və ümid edirik ki, bu, etibarlı təchizatçı ölkələrimiz üçün optimal tələb şərtlərini təmin etməyə kömək edəcək”, – deyə o əlavə edib.
Alternativ enerji sahəsində əməkdaşlıq
K.Simson bildirib ki, Aİ Azərbaycanın bərpa olunan mənbələrdən elektrik enerjisinin ixracı üzrə işçi qrupuna qoşulacağına ümid edir.
O qeyd edib ki, Aİ uzun müddətdir ki, “EU4Energy” proqramı vasitəsilə Azərbaycanın təmiz enerjiyə keçid səylərini dəstəkləyib və enerji səmərəliliyinə texniki yardım və investisiyalar ayırıb.
“Azərbaycanın 2021-ci ildə qəbul edilmiş bərpa olunan enerji və enerji səmərəliliyi haqqında iki qanunu ölkənin bu prosesə sadiqliyinin bariz nümunəsidir və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə enerjiyə qənaət edən küçə işıqlarının modernləşdirilməsi isə Aİ tərəfindən dəstəklənən proqramların praktikada necə işləyə biləcəyinə yaxşı nümunədir. Lakin mən inanıram ki, bu il biz Anlaşma Memorandumunda qeyd olunduğu kimi, uzunmüddətli davamlı enerji tərəfdaşlığımızı daha da irəli aparacağıq. Azərbaycan bərpa olunan enerji mənbələrinin tətbiqinin sürətləndirilməsində və iqtisadiyyatının karbonsuzlaşdırılmasında çox maraqlıdır”, – deyə K.Simson bildirib.
Aİ komissarı qeyd edib ki, Aİ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və təmiz enerjiyə keçidə töhfə verən islahatları və “yaşıl” investisiyaları dəstəkləməyə davam edəcək.
“Bu məqsədlə biz Azərbaycanın qoşulacağına ümid etdiyimiz “EU4Energy” proqramı çərçivəsində bərpa olunan mənbələrdən elektrik enerjisinin ixracı üzrə çoxölkəli işçi qrupunun yaradılmasını təklif etdik. Bu, sözügedən mühüm məsələ üzrə texniki əməkdaşlığı inkişaf etdirmək və Aİ İqtisadi və İnvestisiya Planı da daxil olmaqla, bərpa olunan enerjiyə gələcəkdə mümkün investisiyalar üçün yol açmaq üçün əsas addımdır. Biz həmçinin bu il Paris Sazişinin qlobal inventarizasiyasına qədər iddialı Uzunmüddətli Aşağı Emissiyalı İnkişaf Strategiyasını qəbul etmək üçün Azərbaycanla işi davam etdirəcəyik. Bu, Azərbaycanın karbonsuzlaşdırılmasının sürətləndirilməsinə zəmin yaradacaq, həmçinin investisiyaların proqnozlaşdırıla bilməsini təmin edəcək. Aİ-də biz göstərdik ki, iqlim neytrallığı hədəfinin müəyyən edilməsi korbonsuzlaşdırmanı təşviq edir, investorlar üçün çox ehtiyac duyulan təhlükəsizliyi təmin edir”, – deyə K.Simson bildirib.
Transxəzər qaz layihələri
K.Simson bildirib ki, Aİ mümkün Transxəzər qaz əməkdaşlığı layihələrinə böyük maraq göstərir və regiondakı bütün müvafiq maraqlı tərəflərlə qarşılıqlı fəaliyyət yaratmaq niyyətindədir.
Aİ komissarı qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər səviyyəsində iclasları bunun üçün yaxşı imkan yaradacaq.
“Cənub Qaz Dəhlizinin planlaşdırılan genişləndirilməsinin 2027-ci ilə qədər, vaxtında başa çatdırılması üçün hər cür şərait yaradılmalıdır və bu, hasilat perspektivlərindən başlayır”, – deyə K.Simson əlavə edib.
www.RESMIXEBER.az