Ondrjey Soukup: “İran Çexiya ərazisində də əməliyyatlar keçirib” – MÜSAHİBƏ

Dünya

Çexiyada ötən həftənin sonunda keçirilən prezident seçkisinin ikinci turundan sonra ölkənin yeni rəhbəri müəyyənləşib.

Beləliklə, Çexiyanın yeni prezidenti NATO-nun təqaüddə olan generalı Petr Pavel seçilib.

O, rəqibi Andrey Babişi, demək olar ki, 20 faizlik fərqlə məğlub edib. Onların əsas və prinsipial fərqi – Ukraynadakı müharibəyə yanaşma və Şərqi Avropanın digər ölkələrindəki müharibə ehtimalına münasibətdir.

Məsələn, Babiş bəyan edib ki, əgər Polşa və Baltikyanı ölkələrin Rusiya Federasiyası ilə müharibəsi baş tutarsa, Çexiya ordusunu həmin savaşa göndərməz.

Çexiyanın “Hospodářské noviny” (“İqtisadi xəbərlər”) qəzetinin beynəlxalq şöbəsinin redaktoru Ondrjey Soukup resmixeber.az-a müsahibəsində Çexiyadakı prezident seçkisindən, hərbi əməliyyatların Şərqi Avropanın digər dövlətlərinə yayılma ehtimalından, İran xüsusi xidmət orqanlarının Çexiyadakı fəaliyyətindən danışıb:

– Etiraf etmək lazımdır ki, Ukraynadakı müharibə mövzusu Çexiyada keçirilən prezident seçkisinin birinci turundan sonra gündəmə gəldi. Seçki məntəqələri bağlandıqdan az sonra Andrey Babişin plakatları peyda oldu. Plakatlarda yazılan şüarlarda qeyd olunmuşdu ki, general (Petr Pavel – red.) müharibə istəyir, mən isə diplomatam, sülh tərəfdarıyam. Bu, müharibədən əvvəl qorxular üzərində qurulmuş bir oyun idi, Çexiyanın savaşa cəlb oluna biləcəyinə dair eyhamlar edilirdi. Bu kontekstdə Andrey Babişin şüarları səsləndirilirdi. Babiş bu bəyanatlarında Polşa və Baltikyanı ölkələrin hücuma məruz qalacağı təqdirdə çex əsgərlərini onların müdafiəsinə göndərməyəcəyini bəyan etmişdi. Düzdür, Babiş, demək olar ki, dərhal vurğuladı ki, onu səhv başa düşüblər, Çexiyanın NATO çərçivəsində yerinə yetirməli olduğu öhdəlikləri var və münaqişələr diplomatiya yolu ilə həll edilməlidir. İstənilən halda, Andrey Babişin bu taktikası çex seçicilərin bir qisminə öz təsirini göstərdi. O, birinci turda olduğundan daha çox səs topladı, lakin elektoratının əsas hissəsini də itirdi. Seçicilərin bir qismi Babişdən uzaqlaşıb Petr Paveli dəstəklədi, lakin əksi də baş verdi. Amma ötən ilin payızından artıq bəlli idi ki, Andrey Babiş ikinci turda ultrasağçılardan başqa, istənilən digər namizədə uduzacaq. Onun elektorat nüvəsi seçicilərin təxminən 30%-i təşkil edir. Amma qalan 70 faizin yarısı mütləq onun əleyhinə səs verəcəkdi. İkinci tur hər şeyi öz yerinə qoydu.

– Çex Respublikasının yeni Prezidenti Petr Pavelin Tayvanın lideri Tsay İnven ilə telefon danışığı barədə soruşmaya bilmirəm. P.Pavel Tayvanın lideri ilə şəxsən görüşmək istədiyini bildirmişdi. Avropa dövlətlərinin prezidentləri əvvəllər Çinin separatçı qurum hesab etdiyi Tayvan liderləri ilə görüş keçirməyiblər. Və burada dərhal Çin ilə münasibətlərə dair suallar yaranır.

– Əslində, bu, Qərbin özünü aqressiv aparan böyük oyunçulara qarşı birləşib mübarizə aparmaq siyasətinin davamıdır. Bu, təkcə Rusiya deyil, həm də Çindir. Amma etiraf etmək lazımdır ki, Petr Pavel simvolik bir bəyanatla çıxış etsə də, bu bəyanatın rezonansı güclü oldu. Xatırlatmaq istəyirəm ki, 2020-ci ildə Çexiya Senatının (parlamentin yuxarı palatası) sədri Miloş Vıstrçil Tayvana səfər etmişdi. Və o zaman Çin diplomatik əlaqələri kəsməklə hədələmişdi. Ona görə də Petr Paveldən Tayvana mümkün səfəri barədə soruşduqda o bəyan etdi ki, yalnız Tsay İnven Avropaya səfərə gələrsə, Praqada olmamaq şərti ilə haradasa, hansısa bir konfransda onunla təkbətək görüşə bilər.

– Şərqi Avropadakı müharibə ilə bağlı vəziyyətə qayıdaq. Çexiya Baş Qərargahının rəhbəri Karel Rjeka bildirib ki, Avropada hərbi münaqişə, Rusiya ilə NATO arasında birbaşa toqquşma baş verərsə, Çexiyanın peşəkar ordusunun qüvvələri kifayət etməyəcək, qismən səfərbərlik həyata keçirmək lazım olacaq…

– Konteksti başa düşmək lazımdır. Karel Rjeka bu barədə müxtəlif hərbi ssenarilərin müzakirə edildiyi konfransda bildirib. O zaman Karel Rjekaya “Əgər birdən Avropada Ukrayna modeli ilə genişmiqyaslı müharibə başlasa, Çexiya ordusu təkbaşına bu qarşıdurmanın öhdəsindən gələ biləcəkmi, yoxsa səfərbərlik elan olunacaq?” sualı ünvanlanmışdı. Karel Rjeka dürüst adamdır və doğrunu dilinə gətirmişdi. Sitat: “Nəzərə alsaq ki, Çexiya ordusunda döyüşə hazır əsgərlərin sayı səkkiz mindir, ehtiyatda olanları (bu, əlavə olaraq 20 min nəfərdir) çağırmaq və qismən səfərbərlik etmək lazım gələcək”. Amma bu, qısa, hətta ortamüddətli perspektivdə nəzərdə tutulan plan deyil.

– Çexiya ordusunda cəmi səkkiz min döyüşə hazır hərbçi var?

– Bəli, döyüşə hazır birləşmələrdə səkkiz minə yaxın insan olacaq. Çexiyanın bütün ordusu təxminən 70 000 nəfərdir, lakin orada mühasiblər, başqa ixtisaslara sahib insanlar da var. Ona görə də bəli, Çex ordusu böyük deyil.

– Yəqin, məlumatınız var ki, Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədilib, ölən və yaralananlar olub, diplomatik missiyanın əməkdaşları təxliyə ediliblər. Və bu fonda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir zabitinin Çexiyada həbs edildiyinə dair xəbər çıxıb. Qeyd olunur ki, həmin şəxs İran hakimiyyətini tənqid etməsi ilə tanınan jurnalisti öldürməyi planlaşdırıb.

– Təbii ki, Azərbaycanın Tehrandakı səfirliyində baş vermiş terror aktından xəbərimiz var. Bu, qətiyyən qəbuledilməzdir. İstənilən ölkədə baş vermiş belə hadisədən uzağı bir saat sonra həmin ölkə terrora məruz qalmış tərəfdən üzr istəməli idi. Onların səfiri isə özünə haqq qazandırmaq üçün qəbullara tələsməli idi. O ki qaldı İran İslam İnqilabı Keşikçiləri Korpusunun zabitinin həbsinə, mən bu işlə bağlı nəsə eşitməmişəm. Amma mən bilirəm ki, Çexiya əks-kəşfiyyatının illik hesabatlarında da qeyd olunur ki, İran öz əməliyyatlarını həyata keçirmək üçün Çexiya ərazisini seçib və ya buradan istifadə edib. Praqada “Azadlıq” radiosunun baş qərargahı yerləşir. Təbii ki, jurnalistlər İran agentləri üçün hədəfdirlər. Bir-iki il əvvəl jurnalistlərin təhlükəsizlik qaydalarını sərtləşdirdik, çünki operativ məlumat var idi ki, kimsə Çexiyaya gəlib və hədəfə aldığı şəxsə hücum etmək niyyətindədir.

Nair Əliyev

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir