Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı əvvəlkil illərdə keçirilən iclaslardan fərqlənəcək.
Bunu “resmixeber.az”a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
Onun sözlərinə görə, ona görə fərqlənəcək ki, burada əsas məsələ Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivlərinin müzakirəsidir: “Azərbaycandan hansı ölkələr əlavə qaz həcmləri almaq istəyir və bunun üçün daşıma imkanları hansı səviyyədədir. Məncə, Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün öncə Budapeştdə anons etdiyi kimi “Azərbaycan bir zamanlar Avropanın tikmək istədiyi “Nabucco” qaz kəməri layihəsini canlandırır” fikrinin məhz Bakı toplantısında inkişafını müşahidə edə bləcəyik”.
O qeyd edib ki, çünki Azərbaycanın əlavə qaz həcmlərinin daha çox Avropanın hansı bölgəsinə – cənubuna və ya şərqinə, həmçinin Mərkəzi hissəsinə qədər çatdırılması təkcə onun coğrafiyasının genişləndirilməsini deyil, həmçinin Azərbaycan qazının Avropada hərəkətinin yeni marşrutunu müəyyənləşdirən amil olacaq: “Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçiriləcək. Tədbirdə müxtəlif ölkələrin nazirlərinin, beynəlxalq enerji şirkətlərinin nümayəndələrinin və digər rəsmilərin iştirakı gözlənilir. Yüksək səviyyəli nümayəndələr sırasında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Rumıniya prezidenti Klaus Yohannis, ABŞ Dövlət departamentinin rəsmisi Laura Loxmanı qeyd etmək olar. Bundan əlavə tədbirə 15-ə yaxın ölkənin enerji və energetika nazirlərinin müavinlərinin də iştirakı gözlənilir”.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ildən mütəmadi keçirilən bu tədbirin əsas hədəfi təkcə Xəzərin ən böyük qaz yatağının resurslarının Avropa bazarlarına çıxarılması ilə yanaşı Azərbaycan və tərəfdaşlarının həyata keçirdikləri meqa layihə – Xəzərin sahilindən başlanğıcını götürən və 7 ölkəni əhatə edən 3 500 km-lik infrastrukturun zamanında ərsəyə gəlməsini təmin etmək idi: “Çünki Azərbaycanın bundan əvvəl icra etdiyi iri layihələr nəticəsində əldə etdiyi təcrübə ona dəlalət edirdi ki, heç də hər imzalanan layihəni praktikada zamanında icra etmək mümkün olmur. Bu baxımdan da ildə bir dəfə hökumət nümayəndələri, layihəyə cəlb edilmiş şirkət rəhbərləri və onun maliyyələşməsində iştirak edən beynəlxalq və kommersiya qurumlarının iştirakı ilə görülmüş işlərə yekun vurmaq, qarşıya çıxan problemlərin operativ həlli üçün tədbirlər görmək, həmçinin gələcək işlərlə bağlı fikir mübadiləsi aparmaq son nəticədə planlaşdırılmış işlərin zamanında həyata keçməsi üçün optimal bir platformaya çevrilib”.
Ekspert qeyd edib ki, bu toplantının vacib bir elementi də ilk dəfə burada Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının keçirilməsidir: “Bununla da Azərbaycan özünün tərəfdaşları ilə – Gürcüstan, Rumıniya və Macarıstanla ötən ilin dekabrın 17-də imzaladıqları “Avropaya yaşıl enerji ixracı” üzrə müqavilənin praktik icrasına başlanğıcını qoyurlar. Bundan sonra qazla yanaşı biz “yaşıl enerji” ilə bağlı da bu cür yüksək səviyyəli toplantılara ev səhibliyi edəcəyik və Azərbaycanın Avropaya enerji ixracının şaxələndirilməsi məsələlərində ciddi oyunçu olaraq qalmasının şahidi olacağıq”.
www.RESMIXEBER.az