İqtisadi Zonaların İnkişafı Agentliyində 2022-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib -FOTO/VİDEO

Cəmiyyət

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib.

resmixeber.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev KİV nümayəndələrinə Agentliyin idarəçiliyində olan sənaye zonalarında ötən il görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Agentlik 6 sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), 4 sənaye məhəlləsinin (Hacıqabul, Masallı, Neftçala və Sabirabad sənaye məhəllələri), 51 aqroparkın və Peşə Təhsil Mərkəzinin idarəedici təşkilatıdır.

İndiyədək sənaye zonaları üzrə 116 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. 65-i istehsala başlayıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,47 milyard manatdan çox investisiya yatırılıb və 10300-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonaları üzrə indiyədək ümumilikdə 8,8 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 2,9 milyard manatlıq və ya 33%-ə yaxın hissəsi ixrac olunub.

2022-ci ildə İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 28 sahibkarlıq subyektinə rezident statusu verildiyi bildirilib.

Bunlardan 12-si Ağdam Sənaye Parkının, 2-si “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 8-i Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 3-ü Hacıqabul Sənaye Məhəlləsinin, 1-i Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıblar. Ötən il qeydiyyata alınmış rezidentlər tərəfindən 171 milyon manat investisiyanın yatırılması, 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

2022-ci ildə sənaye zonalarının fəaliyyətdə olan rezidentləri tərəfindən ümumilikdə 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1,1 milyard manatlıq hissəsi ixracın payına düşür. 2021-ci illə müqayisədə ötən il satış 22,7%, ixrac isə 13% artıb. Ötən il sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,7%, ixracında isə 29,5% olub.

2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkında 4 müəssisənin (Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin keramik plitələrin istehsalı müəssisəsi, “AK Pack” MMC-nin mat və parlaq ambalaj istehsalı müəssisəsi, “Novus Plastica” MMC-nin polimer məhsullarının emalı müəssisəsi, “UPI – Universal Packing İndustry” QSC-nin qablaşdırma məhsullarının (qofro karton, zərf, fayl və s.) istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır. Ümumi investisiya həcmi 90 milyon manatdan çox olan bu müəssisələrdə 600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonalarında istehsal olunan məhsullar ölkədə daxili tələbatın ödənilməsi ilə yanaşı, “Made In Azerbaijan” brendi altında dünyanın 50-dən çox ölkəsinə (Kanada, ABŞ, BƏƏ, Avstriya, Çexiya, Braziliya, Almaniya, İtaliya, Hindistan, Çin, Tayvan, İsrail, İspaniya və s.) ixrac edilib.

Bildirilib ki, 2022-ci ildə Ağdam Sənaye Parkında 12 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən Sənaye Parkına 66 milyon manatdan çox investisiya yatırılması və 800-dən çox iş yerinin yaradılacağı nəzərdə tutulur. Sənaye Parkında ilk müəssisələrin 2023-cü ilin sonlarında fəaliyyətə başlaması nəzərdə tutulur.

200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 2 rezidenti və 1 qeyri-rezidenti var. Rezidentlər tərəfindən 17,8 milyon manat investisiya yatırılması, 250-dən artıq iş yerinin yaradılması gözlənilir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ilk müəssisənin 2023-cü ilin sonlarında fəaliyyətə başlaması nəzərdə tutulur.

Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. ƏDV və gömrük güzəştlərinin tətbiqi nəticəsində İZİA-nın idarəçiliyində olan sənaye parklarının rezidentləri indiyədək 436,4 milyon manatdan çox vəsaitə qənaət ediblər.

Qeyd edilib ki, hazırda respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Aqroparkların 34-i bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-i isə emal sənayesi üzrə ixtisaslaşıb. Bu aqroparklardan 44-ü artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və tikinti işləri aparılır. Aqroparkların ümumi layihə dəyəri 2,4 mlrd. manat təşkil edir, bunun da artıq 1,4 mlrd. manatı layihələrin reallaşdırılmasına yatırılıb. Hazırda aqroparklarda 4600-dan çox insan daimi işlə təmin edilib, 5200 nəfərdən çox insan isə mövsümi işlərə cəlb edilib. Gələcəkdə əlavə 4700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

2021-2022-ci illərdə aqroparkların əkin dövriyyəsinə cəlb olunmuş 127,2 min hektar torpaq sahəsinin 80,1 min hektarı suvarılan ərazilərdir ki, bunun da 55,4 min hektarında (67%) mütərəqqi suvarma sistemləri qurulub. Aqroparkların 8256 min hektar ərazisində yeni intensiv və superintensiv meyvə bağları salınıb.

2022-ci ildə aqroparklarda buğda istehsalı 152 min ton, arpa istehsalı 71 min ton, dən qarğıdalı istehsalı 70 min ton, şəkər çuğunduru istehsalı 177 min ton, kartof istehsalı 26 min ton, soya istehsalı 1.9 min ton, pambıq istehsalı 31 min ton, silos üçün qağıdalı istehsalı 57 min ton və yonca istehsalı 18 min ton olub.

İnnovativ texnologiyalar tətbiq edən aqroparklarda hər hektara düşən orta məhsuldarlıq arpa və buğda üzrə 6-7 ton/ha, qarğıdalı üzrə 12-15 ton/ha, şəkər çuğunduru üzrə isə 80 ton/ha təşkil edib. Bundan əlavə aqroparklarda taxıl məhsullarının tədarükü, saxlanması və satışı üçün 493 min kub metr tutumunda taxıl anbarı kompleksləri mövcuddur ki, bu da ölkədə olan müasir taxıl anbarlarının 24%-ni təşkil edir.

Fəaliyyətə başlamış aqroparklardan 10-u ətlik və südlük istiqamətli heyvandarlıq məhsulları istehsal edir. Bu aqroparklarda 2022-ci ildə 36,9 min ton süd və 2,3 min ton ət istehsal olunub.

İndiyədək 25 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 195 milyon manat güzəştli kredit verilib. Bununla yanaşı investisiya təşviqi sənədi verilmiş 27 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 44,7 milyon manat dəyərində güzəşt əldə edib.

Belə ki, “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” pilot layihəsi çərçivəsində Yevlax rayonu ərazisində 100-dən artıq kiçik və orta fermerlərin cəlb olunması ilə Yevlax Pilot Aqroparkı yaradılıb. Aqroparkda 100 milyon manatdan çox özəl investisiyanın qoyulması, 500 daimi və 1000-dən dən çox işçinin isə mövsümü işlərə cəlb edilməsi nəzərdə tutulur. Artıq Yevlax Pilot Aqroparkın ilk rezidenti olan “İSFA” MMC-yə ayrılmış ərazinin 10 hektarında müasir suvarma sistemlərinin tətbiqi ilə tez yetişən gilas, nektarin, şaftalı, alça və ərik tingləri, həmçinin tingçilik üçün ayrılmış ərazidə 500 min ədəd tingin calaqaltısı əkilib. “İSFA” MMC daxili bazarda satış ilə yanaşı, ting ixracını da həyata keçirəcək.

Sabirabad rayonunda “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterinə inteqrasiyası” layihəsi çərçivəsində yeni pilot aqroparkların yaradılması üzrə işlər davam etdirilir. Aqroparkda 41 milyon manat özəl investisiyanın qoyulması ilə 725 işçinin işlərə cəlb edilməsi nəzərdə tutulur.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir