Türkiyədə prezident seçkisi və Azərbaycanla münasibətlərdə konsensus – MÜSAHİBƏ

Siyasət

Türkiyədə növbəti prezident seçkisi bu il mayın 14-də baş tutacaq.

Türkiyə müxalifətinin bir araya gəldiyi altı partiyadan ibarət blok fevralın 13-dək prezident seçkisində irəli sürəcəyi namizədin adına aydınlıq gətirməlidir. Bu açıqlama ilə müxalifət liderlərindən olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu çıxış edib. Bundan əlavə, 200 səhifəlik seçki manifestinin ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Yeri gəlmişkən, Türkiyədə aparılmış son sorğuların nəticələrinə görə, müxalifət namizədləri arasında Rəcəb Tayyib Ərdoğana qalib gəlmək şansına yalnız Ankaranın meri olan Mansur Yavaş malikdir. Müxalifətdən digər iki namizəd – Ekrem İmamoğlu və Kamal Kılıçdaroğlu isə artıq ilk turda hazırkı prezidentə uduzurlar.

Eyni zamanda, Ərdoğan ən böyük fərqlə Kılıçdaroğlunu (54,7 faiz 43,3 faizə qarşı) qabaqlayır.

Türkiyə Respublikasındakı seçki kampaniyasını və seçkiqabağı vəziyyəti resmixeber.az üçün politoloq, Türkiyə üzrə ekspert, “Turtsiya – eto” “Telegram” kanalının müəllifi İvan Starodubtsev şərh edib.

– Türkiyə müxalifətinin üç əsas lideri var və onlardan biri prezidentliyə namizəd ola bilər. Bunlar Mansur Yavaş, Ekrem İmamoğlu və Kamal Kılıçdaroğludur. Sizcə, sonda kimin namizədliyi irəli sürüləcək? Aparılan bəzi sorğular Mansur Yavaşın seçkidə qalib gəlmə ehtimalının daha yüksək olduğunu göstərir.

– Məncə, əgər müxalifətin namizədi Kılıçdaroğlu olmasa, bu, böyük sürpriz olacaq. O, “altıpartiyalı müxalifət”in bütün üzvləri üçün məqbul olan fiqurdur. Bəli, Mansur Yavaş ciddi siyasətçidir, əhali arasında populyardır, amma Cümhuriyyət Xalq Partiyasının (CHP) beş ortağının da onu qəbul edəcəyini düşünmürəm.

– Bu, müxalifətin şərti olaraq kürdyönümlü Xalqların Demokratik Partiyasının (XDP) dəstəyini almaq istəyi ilə bağlı ola bilərmi? Nəzərə alsaq ki, XDP-nin Mansur Yavaşa münasibəti, yumşaq desək, müsbət deyil…

– Bəli, bu amil mövcuddur. Mansur Yavaşın Cümhuriyyət Xalq Partiyasının üzvü olmasına baxmayaraq, onun Milliyyətçi Hərəkat Partiyasının (MHP) sıralarından çıxdığı hamının yadındadır. Ona görə də Demokratik Xalq Partiyasından olan seçicilər onu prezidentliyə namizəd kimi görmək istəməzlər. Bu mənada Kamal Kılıçdaroğlu milli azlıqlara qarşı daha tolerant görünür.

– Madam ki, biz Xalqların Demokratik Partiyasından danışdıq, bu siyasi qüvvənin Azərbaycana dəstək məsələsində Türkiyədəki digər siyasi təsisatlardan fərqi haqqında soruşmaya bilmərəm. Türkiyədə olan bütün siyasi partiyalar Azərbaycan Respublikasını dəstəkləyir, lakin hesab olunur ki, kürdyönümlü XDP-nin timsalında istisna mövcuddur. Bu partiya Azərbaycana simpatiya göstərmir, baxmayaraq ki, solçu türklərin də ona səs verdiyini anlayıb, bizə qarşı kəskin tənqidlər də etmir. Bu, doğrudan, belədir? Bəs bütün məsələlərdə Azərbaycanı tam dəstəkləyən Prezident Rəcəb Tayyib Ərdoğanın mövqeyi XDP üçün nə dərəcədə qəbuledilməz hesab olunur?

– Söhbət prioritetlərdən gedir. Müxalifətdən olan heç kim deməz ki, o, Bakı ilə münasibətlərin daha da möhkəmlənməsinin əleyhinədir. Azərbaycan Türkiyədə məhz “Bir millət – iki dövlət” şüarına uyğun olaraq qəbul edilir. Başqa bir məsələ odur ki, dediyim kimi, müxtəlif siyasi qüvvələrin fərqli prioritetləri ola bilər.

Həmin müxalifət Qərbə, ABŞ-yə və Avropa Birliyinə tərəf boylanır. Rəcəb Tayyib Ərdoğanın prioriteti Türk Dövlətləri Təşkilatını möhkəmləndirmək və Türkiyə-Azərbaycan oxunu daha da gücləndirməkdir. Kürdyönümlü partiyanın prioriteti onların öz dar milli maraqlarıdır, onlar daha geniş muxtariyyət əldə etmək istəyirlər və Azərbaycan onların diqqət perimetrinin xaricindədir. Amma ümumilikdə Azərbaycanla münasibətlər mövzusunda Türkiyədə konsensus var – bu münasibətləri gücləndirmək lazımdır.

– Aydın məsələdir ki, istənilən seçkidə əsas mövzu daxili siyasət və iqtisadiyyatdır. Bəs seçicilərin seçiminə təsir edə biləcək xarici mövzular varmı?

– Əgər siyasətçilər bu sualın cavabını bilsəydilər, onlara daha asan olardı (gülür – red.). Şərti “soyuducu” qalib gələcək, yoxsa geosiyasət? Bir tərəfdən, seçicilərə təsir edən iqtisadi gündəm, digər tərəfdən isə Türkiyənin beynəlxalq aləmdə baş verən hadisələrlə yüklənmiş xarici siyasət gündəmi var. Müxalifət deyir: biz sizə rifah verəcəyik. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan isə deyir: biz də rifahla məşğul olacağıq, amma indi sizə suverenlik və milli qürur veririk. Bunlardan hansının qalib gələcəyini heç kim bilmir.

– İstənilən halda, əgər xarici siyasət prioritetinə nəzər salsaq, ilk növbədə hansı faktor birinci gəlir?

– Türkiyə üçün beynəlxalq siyasətdə bir nömrəli amil kimi Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı mübarizənin dayandığı görünür. Bu, milli təhlükəsizliyə təhdiddir və Azərbaycanla münasibətlərin gücləndirilməsi məsələsində olduğu kimi, Türkiyədə bu məsələyə münasibətdə konsensus mövcuddur. PKK-ya qarşı mübarizə seçicilərin diqqət edəcəkləri əsas amil olacaq. Həmçinin suriyalı qaçqınlar məsələsi var, insanlar Türkiyə-Suriya sərhədində nələrin baş verəcəyinə də diqqət yetirirlər. İndi Avropa ölkələrində Quranın yandırılması ilə bağlı hadisələr də gündəmə gəlib. Bu hadisəni bütün siyasi qüvvələr qınayırlar.

– İctimai rəy sorğularına, mətbuatda gedən yazılara görə, Prezident Rəcəb Tayyib Ərdoğanın və onun Ədalət və İnkişaf Partiyasının mövqeləri seçkiyə yaxın güclənməyə başlayıb. Bu doğrudur?

– Bu məsələnin yalnız yarı hissəsi doğrudur. Söhbət Rəcəb Tayyib Ərdoğana aid olan hissədən gedir. Həqiqətən də, onun mövqeləri kəskin şəkildə möhkəmləndi. Prinsipcə, siyasi mövsümlərarası fasilədə müəyyən xal itirmək normal idi, populyarlıq səviyyəsi düşə bilərdi. Formanı seçkiyə yaxın yığmaq lazımdır ki, Ərdoğan da həmişə belə edir. Amma Ədalət və İnkişaf Partiyasının və onunla koalisiyada olan müttəfiqi Milliyyətçi Hərəkat Partiyasının (MHP) reytinqləri onların Türkiyə Böyük Millət Məclisində çoxluğa iddialı olmalarına imkan vermir. Müxtəlif hesablamalara görə, hakim blok indi parlamentdəki yerlərin 40-45 faizini qazana bilər və bu, seçkidən sonra problem yarada bilər.

– Niyə? Axı Türkiyə prezident respublikasıdır, prezidentlik postu daha önəmlidir. Həmçinin parlamentdəki yerlərin 40-45 faizi heç də pis göstərici deyil.

– Prezident hakim partiyanın sədridir, ona görə də Ədalət və İnkişaf Partiyasının parlamentdə çoxluğu vacib olardı. Bu çoxluğun olmaması hətta superprezident respublikası şəraitində belə, problemlər yarada bilər, çünki hər bir qanunvericilik aktı ilə bağlı müxalifətlə danışıqlar aparmaq, razılığa gəlmək çox vaxt aparacaq.

– Gəlin Türkiyədə keçirilən rəy sorğularına qayıdaq. Bu rəy sorğuları göstərir ki, yalnız Mansur Yavaşın Rəcəb Tayyib Ərdoğanı məğlub etmək şansı var. Amma Kamal Kılıçdaroğlu Türkiyənin hazırkı prezidentinə böyük fərqlə uduzur. Belə çıxır ki, sizin dediyiniz kimi, müxalifətdən namizəd olacağı ehtimalı yüksək olan Kılıçdaroğlu Ərdoğan üçün ən sərfəli rəqibidir. Aparılan sorğular bunu göstərir, bəs niyə müxalifət bunu başa düşmür?

– Həqiqətən də, görünən odur ki, Kamal Kılıçdaroğlu istər reytinqdə, istərsə də türkiyəlilərin seçiminə görə, həm Mansur Yavaşa, həm də Ekrem İmamoğluya uduzur. Amma o, müxalifət blokundakı tərəfdaşlarını qane edir, onlar hesab edirlər ki, Kılıçdaroğlu qalib gələcəyi təqdirdə özünün superprezidentlik səlahiyyətlərindən istifadə etməyəcək, həmçinin prezident respublikasından parlamentli respublikaya keçid dövründə onlara mane olmayacaq. Ayrı bir sual: onlar bu keçid dövrünü necə təmin edəcəklər? Və bunu bir səlahiyyət müddəti ərzində həyata keçirmək mümkün olacaqmı?

– Prezident seçkisində kimin qalib gəlmək şansının olmasına qayıdaq. Təbii ki, seçkiyə hələ üç ay yarım var, çox şey dəyişə bilər, amma kimi prezidentlik yarışının favoriti görürsünüz?

– Rəcəb Tayyib Ərdoğanın reytinq tarixinə nəzər salsanız, görərsiniz ki, o, həmişə seçkinin son aylarında, son həftələrində populyarlıq qazanır. Həmin aylarda fikir söyləmək olar. Mən indi öz fikrimi deyirəm: Ərdoğan hazırda prezidentlik yarışında liderlik edir.

Nair Əliyev

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir