“İrana yanaşmamız rəsmi Tehranın bizə yanaşmasına adekvat deyil” – RƏY + FOTO

Siyasət

“İrana yanaşmamız rəsmi Tehranın bizə yanaşmasına adekvat deyil və ola da bilməz. Çünki İran deyəndə göz önünə təkcə oradakı dinsiz rejimi yox, həm də milyonlarla soydaşımızı gətiririk. Biz o reallıqdan çıxış edirik ki, yalnız 1935-ci ildən İran adlanan bu dövləti əzəldən türklər, soydaşlarımız qurublar”.

Bu sözləri resmixeber.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib. O diqqətə çatdırıb ki, Azərbaycan bütün dövlətlərlə, ilk növbədə də qonşularıyla körpülərin yandırılmasında yox, dostluqda, hətta Ermənistan kimi bizə düşmən münasibəti göstərən bir ölkəylə belə, əlaqələrin normallaşdırılmasında maraqlıdır:

“Bu təkcə bir millət kimi xarakterimizdəki tolerantlıqdan irəli gəlmir. Biz həm də iddiası və imkanları üst-üstə düşən, qarşısında böyük üfüqlər açılan praqmatik bir dövlət olaraq belə siyasət yeridirik. Öz enerji və resurslarımızı düşmənləri zərərsizləşdirməyə yox, bütün gücüylə quruculuq işlərinə, modernləşməyə, nə qədər mümkündürsə, bir o qədər tez inkişaf etmiş ölkələrin sırasında yer almaq məqsədilə istifadəyə yönəltmək istəyirik. Amma təəssüf ki, bu hələlik real görünmür. Çünki bizə qarşı düşməncəsinə hərəkətlərində Ermənistandan da böyük “Ermənistan”lar var ki, onlardan da biri İrandır.

Ancaq biz Tehrandakı səfirliyimizə silahlı basqından, baş vermiş terrordan, qarşı tərəfin onun törədilmə səbəbi ilə bağlı məkrli və riyakar açıqlamalarından sonra belə, o ölkə ilə diplomatik əlaqələrə tam son qoymadıq. Səfirliyimizin əməkdaşlarını Tehrandan təxliyə etsək də, Təbrizdəki konsulluğumuz işləyir”.

Müsahibimiz Azərbaycanın atdığı bu addımın hansı mənanı daşıdığını da izah edib:

“Bu o deməkdir ki, biz Tehrandakı rejimin səfirliyimizin əməkdaşlarını baş verə biləcək növbəti terror aktlarından qoruyacağına, ən əsası da bunda maraqlı olduğuna əmin deyilik. Amma Təbrizə və təbrizlilərə güvənirik. Bu güvənin arxasında isə sevgi, eyni soydan olmağımız, o şəhərin adı gələndə hamımızın eyni hissləri yaşamağımız durur”.

İranla əlaqələrin perspektivinə gəldikdə deputat vurğulayıb ki, bu, ilk növbədə rejimin bundan sonra necə siyasət yeridəcəyindən, baş vermiş terrorla bağlı hansı addımları atacağından, İlham Əliyevin Seyid İbrahim Rəisi ilə telefon danışığı zamanı səsləndirdiyi tələbin nə dərəcədə dəqiq yerinə yetiriləcəyindən asılıdır:

“Yəni şəffaf araşdırma aparılmalı, bu terror aktının arxasında kimlərin durduğu aydınlaşdırılmalı, təkcə ələ keçirilən ünsür yox, digər cinayətkarlar da haqq etdikləri cəzanı almalıdırlar. Mən dünən yas mərasimində terrorçunun qətlə yetirdiyi baş leytenant Orxan Əsgərovun atasına da dedim: “Azərbaycan dövləti artıq heç bir şəhidinin qanını yerdə qalmağa qoymur. Orxanın da qanı yerdə qalmayacaq!” Bizim cavabımız simmetrik yox, asimmetrik olacaq. Çünki bəzilərindən – haylardan və onlara “biz bir millətik” deyənlərdən – fərqli olaraq terroru rədd edir, terrorçuları lənətləyirik. Biz “elçiyə zaval yoxdur” prinsipindən çıxış edən millət və dövlətik”.

Sayad Həsənli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir