Türkiyənin təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
resmixeber.az-ın məlumatına görə, bu barədə Türkiyənin təhsil qurumunun “Twitter” hesabında xəbər verilib.
Məlumatda bildirilib ki, yanvarın 30-da nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Daha sonra Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub.
Bundan sonra mətbuata açıqlama verən nazir Özer Türkiyə Cümhuriyyətinin “bir millət, iki dövlət” şüarı ilə Azərbaycanla bütün sahələrdə əlaqələrini gündən-günə genişləndirməkdən, gücləndirməkdən çox məmnun olduğunu və iki ölkənin təhsil sahəsində əməkdaşlığını gücləndirmək və onların potensialının artırılması üçün Azərbaycana səfər etdiyini bildirib.
“Biz bir-birimizə nə qədər çox dəstək olsaq, Azərbaycan Respublikası və Türkiyə bir o qədər güclü olar. Milli Təhsil Nazirliyi olaraq peşə təhsili sahəsində əməkdaşlığımızı gücləndirməkdən, təhsildə rəqəmsallaşma ilə bağlı yeni təşəbbüsləri, müəllim hazırlığından tutmuş məktəbəqədər təhsilə qədər bütün nailiyyətlərimizi azərbaycanlı qardaşlarımızla bölüşməkdən çox şad olarıq”, – deyə o bildirib.
Özer jurnalistlərə açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib və şəhid olan təhlükəsizlik xidmətinin əməkdaşı ilə bağlı ölkəmizə başsağlığı verib.
www.RESMIXEBER.az